Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uğurlu dövlət siyasətinin əsasında ulu öndərin ölməz ideyaları dayanır

Uğurlu dövlət siyasətinin əsasında ulu öndərin ölməz ideyaları dayanır

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycan tarixinə qızıl hərflərlə əbədi həkk olunub. Ulu öndər özünün müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində Azərbaycanı vətəndaş müharibəsindən, parçalanmaqdan və məhv olmaq təhlükəsindən xilas edib.

Milli Qurtuluş Gününə gedən yol olduqca çətin və ağrılı bir dövrdən keçib. Bu tarix həmin dövr insanlarının yaxşı yadındadır. Azərbaycan hökumətinin başında siyasi idarəçilikdə səriştəsi olmayan yarıtmaz qüvvələr dururdu. Məhz bu baxımdan ölkədə siyasi vəziyyət gündən-günə pisləşirdi. İnsanlar əziyyət çəkir, ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. İndi gözlərimiz qarşısına həmin günləri gətirəndə bir daha əmin oluruq ki, ümummilli lider Heydər Əliyev o gün üçün həlli mümkün olmayan bir problemi yoluna qoya bilib, Azərbaycanı o ağır durumdan xilas etməyi bacarıb. Birmənalı olaraq qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın varlığı, bir dövlət kimi öz müstəqilliyini əldə etməsi, qoruyub saxlaması, istər daxili, istərsə də xarici siyasətdəki uğurları Heydər Əliyev siyasətinin əsas meyarlarını özündə ehtiva edir. 
Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazılıb. Ümummilli liderin görmək istədiyi Azərbaycan bu gün reallığa çevrilib və Heydər Əliyev yolu ilə inamla daha yüksək inkişafa doğru addımlayır. 
Bütün mənalı həyatını öz xalqına bəxş etmiş ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər uğur ulu öndərin əmanət qoyub getdiyi milli tərəqqi ideyalarının təntənəsidir.
Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyin təmin edilməsinə və dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olub. Bu isə, öz növbəsində, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandıraraq onların ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün ciddi zəmin yaradıb.
Burada bir məqamı da xüsusi qeyd etmək istərdim. 1994-cü il sentyabrın 20-də məhz Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi nəticəsində “Əsrin müqaviləsi” kimi ölkəmizin gələcəyini dəyişən mühüm tarixi sənəd imzalandı. Məhz bundan sonra Azərbaycanın iqtisadi inkişafının təməli qoyuldu. Ümummilli lider hər dəfə çıxışlarında qeyd edirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Ölkədə siyasi və iqtisadi sabitliyin bərqərar olunması Azərbaycanı yeni inkişaf müstəvisinə çıxardı. 
Birmənalı olaraq qeyd etmək lazımdır ki, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla aparılan dövlət siyasətinin əsasında məhz Heydər Əliyevin ölməz ideyaları dayanır. Məhz bunun nəticəsidir ki, Azərbaycan bu gün inkişafını özü təmin edən, güclü, müstəqil, müasir respublikadır. Heç şübhəsiz ki, Azərbaycan bundan sonra da Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayəsində getdikcə daha da möhkəmlənəcək, davamlı uğurlara imza atacaq.

 

İsmayıl MƏMMƏDOV,
Bakı Dövlət Universitetinin professoru

 

12 2019 22:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyun 2019 | 12:46
Lənkəranda mina aşkar edilib

Köhnə versiyamızdan xəbərləri izlə