Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü

Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü

İyunun 12-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdən öncə nazirlər Qəbələ şəhərindəki Şəhidlər xiyabanına gəlib, “Əbədi məşəl” abidəsinin önünə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri qoyublar.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi də ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri düzülüb.
Görüşdə müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər. Tərəflər, həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər aspektlər barədə ətraflı fikir mübadiləsi aparıblar.
Sonda danışıqların yekununa dair protokol imzalanıb. Sənədi Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya imzalayıblar. 
Sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilib.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstanın digər sahələrdə olduğu kimi, müdafiə sahəsində də əməkdaşlığı inkişaf etdirirlər. Görüşdə üç qonşu, dost dövlətin müdafiə nazirlərinin iş planına daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 
Z.Həsənov üçtərəfli görüşdə Türkiyənin separatizmlə haqlı mübarizəsinin dəstəkləndiyini vurğulayaraq deyib: “Görüşdə Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu. Hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahəsində görülən işlər müzakirə edildi. Xüsusilə qeyd etmək istəyirəm ki, hərbi əməkdaşlıqda birgə təlimlər mühüm rol oynayır. İlbəil birgə təlimlərin sayı artır. Misal üçün, 2018-ci ildə Türkiyə ilə Azərbaycan arasında 7 təlim təşkil olunub. Bu il isə 13 təlimin keçirilməsi nəzərdə tutulur. Azərbaycanın və Türkiyənin təşkil etdiyi təlimlərə Gürcüstan da dəvət olunub”.
Türkiyə, Azərbaycan və Gürcüstan arasında hərbi sahədə möhkəm əməkdaşlıq əlaqələrinin olduğunu deyən milli müdafiə naziri Hulusi Akar vurğulayıb ki, qarşıdakı dövrdə bu əlaqələr müdafiə və təhlükəsizlik sahəsi ilə məhdudlaşmayaraq, digər sahələri də əhatə edəcək.
Göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlıq edən H.Akar bildirib ki, üç ölkənin birgə fəaliyyəti böyük önəm kəsb edir. Müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə dair imzalanan sənədlərin çox yaxında ölkələrimiz üçün faydalarını görəcəyik. Bu gün keçirilən görüşdə tərəflər mövcud işbirliyi və əməkdaşlıq potensialının perspektivlərini müzakirə etdilər. Türkiyə, Azərbaycan və Gürcüstanın birgə əməkdaşlığı çox önəmlidir.
Gürcüstanın müdafiə naziri Levan İzoriya isə qeyd edib ki, Gürcüstan gələcəkdə Azərbaycanın və Türkiyənin keçirəcəyi birgə təlimlərə maksimum şəkildə qoşulacaq. Görüşdə regional təhlükəsizlik məsələlərini müzakirə etdiklərini vurğulayan L.İzoriya bildirib ki, bugünkü toplantı xalqlarımızın təhlükəsizliyi baxımından da önəmlidir. 

12 2019 22:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə