Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan aeroportları beş ayda 1,85 milyon nəfər sərnişinə xidmət etmişdir

Azərbaycan aeroportları beş ayda 1,85 milyon nəfər sərnişinə xidmət etmişdir

2019-cu ilin ilk beş ayı ərzində Azərbaycanın hava limanları 1,85 milyon sərnişinə xidmət göstərmişdir. Bunun 1,57 milyon nəfəri paytaxt aeroportu – Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşür. Bu, ötən ilin analoji göstəricisindən 10 min nəfər çoxdur.
Beş ayda Bakı hava limanının baza aviadaşıyıcıları – AZAL və “Buta Airways” müvafiq olaraq 649 min və 177 min sərnişin daşımışdır. 
Bakı hava limanının beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 1,36 milyon təşkil etmişdir ki, bunun da 32,2 faizi AZAL-ın, 13 faizi “Buta Airways”in payına düşmüşdür. Xarici aviaşirkətlərin payı 54,8 faiz təşkil etmişdir.
Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu il mayın 27-dən 30-dək ümumilikdə təxminən 600 reysə xidmət göstərmişdir. Onlardan 57-si çarter reysləri, 10-u isə “FlyDubai”, “AirArabia”, “SCAT”, “IsrAir”, “Jazeera” və s. kimi aviaşirkətlərin əlavə müntəzəm uçuşlarının payına düşmüşdür. Azərbaycanın əsas hava limanının sərnişin axını Bakıda Avropa Liqası finalının keçirildiyi dövrdə ümumilikdə təxminən 60 min nəfər təşkil etmişdir.
Hazırda 27 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula, Qəbələdən  Moskvaya birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir. 
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.  
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti bildirir ki, paytaxt hava limanı ardıcıl olaraq üç ildir Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə “Skytrax World Airport Awards” versiyası üzrə ən yaxşılar siyahısına başçılıq etmiş, həmçinin maksimal 
“5 Ulduz” statusuna layiq görülmüşdür. 2019-cu ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Sky Travel Awards” versiyası üzrə 10 milyona qədər sərnişin dövriyyəsi ilə ən yaxşı hava limanı seçilmişdir.

 

“Xalq qəzeti”

12 2019 22:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə