Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstehlak bazarında qiymətlər açıqlanıb

İstehlak bazarında qiymətlər açıqlanıb

Yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrünə nisbətən 2,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, mayda aprelə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1 faiz ucuzlaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.

Ay ərzində uzun düyünün, qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətinin, suda bişmiş kolbasanın, sosiskanın, təzə balığın, pasterizə olunmamış üzlü südün, yoqurtun, brınza pendirinin, kərə yağının, bananın, alçanın, çiyələyin, qozun, fındığın, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, soğanın, sarımsağın, kartofun, quru noxudun, mərcinin, çayın, arağın, pivənin və tütün məmulatlarının qiymətlərində ucuzlaşma olub. Yumru düyünün, manna yarmasının, makaron məmulatlarının, sterilizə olunmuş üzlü südün, şəkərli qatılaşdırılmış südün, xamanın, tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, kəsmiyin, yumurtanın, günəbaxan, qarğıdalı və zeytun yağlarının, limonun, almanın, armudun, şabalıdın, çuğundurun, yerkökünün, şəkər tozunun, dondurmanın, qəhvənin, kakaonun, mineral suların, kola içkisi və limonadın qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Mayda aprelə nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmiri, təmizlənməsi və kirayəsi, məişət cihazlarının təmiri, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər olmayıb.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

12 2019 17:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə