Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məktəblilərin Respublika Yaradıcılıq Festivalı başa çatdı

Məktəblilərin Respublika Yaradıcılıq Festivalı başa çatdı

Beynəlxalq Muğam Mərkəzində Məktəblilərin Respublika  Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi.

Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzini formalaşdırmaq, onları gələcək peşə seçimi imkanları ilə təmin etməkdən ibarətdir.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək layihəyə qatılan təşkilatlara və şagirdlərə təşəkkürünü bildirdi. Diqqətə çatdırdı ki, ölkəmizdə ilk dəfə təşkil olunan festival şagirdlərin hərtərəfli inkişafı və mədəni səviyyəsinin yüksəldilməsində böyük əhəmiyyətə malikdir: “Belə layihələr şagirdlərə şəxsiyyət kimi formalaşmasında müsbət təsir göstərir. Şagirdlərin hərtərəfli formalaşması onların gələcəyi və ixtisas seçimlərində müstəqil olmalarına şərait yaradır. Şagirdlərin bilik səviyyəsinin artırılması ilə yanaşı, onların tərbiyəsi və estetik zövqlərinin inkişafı da mühüm vəzifələrdəndir. Şagirdlərin məktəbdənkənar fəaliyyəti, yüksək dəyərlərə istiqamətləndirilməsi də bu işin əsas tərkib hissəsidir. Mədəniyyət və sənətin müxtəlif sahələri ilə məşğul olan şagirdlərdə mədəni irsimizə yaxşı münasibət formalaşır”.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev iştirakçıları salamlayaraq gənc yaradıcı şagirdlərin bir araya gəlməsini yüksək dəyərləndirdi. Bildirdi ki, gənclərin yaradıcı potensialını nümayiş etdirmələri eyni zamanda yeni ideya və fikrilərə gətirib çıxarır: “Hər bir şagirdin yaradıcı potensialını üzə çıxarmaq üçün münbit şərait yaratmaq lazımdır. İlk dəfə keçirilən festival da məhz bu ideyaya xidmət edir. Festival nəticəsində hər bir şagird öz marağı istiqamətində olan sahə üzrə bacarığını nümayiş etdirir və gələcəkdə öz yolunu seçmək imkanı qazanır. Mədəniyyət Nazirliyi istedadlı uşaqların üzə çıxarılması, onların istedadının dəstəklənməsini daim diqqətdə saxlayır. Gənc musiqiçilər, rəssamlar, aktyorlar öz fəaliyyətlərini sərgi və müsabiqələrdə, festivallarda təqdim etmək imkanı qazanmalıdırlar. Sənətin yekun nəticəsi onun tamaşaçıya təqdim edilməsidir. Bu baxımdan da festivalların keçirilməsi böyük önəm kəsb edir”.

Daha sonra çıxış edən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev müsabiqənin məktəblilərin ekoloji mədəniyyətinin və düşüncə tərzinin formalaşması, ətraf mühitin mühafizəsi və ekoloji təcrübəçilik sahəsində fəaliyyətlərinin artırılmasında rolunu qeyd edib.

Bildirdi  ki, üç istiqamət - ekologiya, dram, təsviri və dekorativ sənət sahələri üzrə keçirilən festivalda 600-dək ümumi təhsil müəssisəsindən 4769 şagird iştirak edib. Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi yeddi zona üzrə 50 rayondan seçilmiş 214 işi münsiflər heyətinə təqdim edib.

Tədbirin sonunda qaliblərə diplom və mükafatlar təqdim olundu.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

12 2019 15:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə