Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilərin törətdiyi qanlı əməllər cəzasız qalmayacaq

Ermənilərin törətdiyi qanlı əməllər cəzasız qalmayacaq

Məlum olduğu kimi, Dağlıq Qarabağdakı Ermənistan silahlı birləşmələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Elşən Xəlilov həlak olub. Bu qanlı olay ölkə ictimaiyyəti, o cümlədən vətəndaş cəmiyyəti fəalları tərəfindən dərin hiddət və qəzəb hissi ilə qarşılanıb.  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri, keçmiş döyüşçü Füzuli Rzaquliyev bu barədə fikirlərini bölüşdü:
– Bir neçə gün əvvəl Azərbaycan Silahlı Qüvvələrinin mayoru Aqil Ömərovun, iki gün əvvəl isə Elçin Xəlilovun yağı düşmən tərəfindən öldürülməsi, bütün keçmiş döyüşçü dostlarım kimi, məni də son dərəcə hiddətləndirib.
Məni xüsusilə qəzəbləndirən həm də odur ki, Ermənistanın müdafiə naziri David Tonoyan həyasızcasına təsdiq edib ki, Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı o, şəxsən göstəriş verib və bu əməliyyatı icra edən  erməni hərbçilərini yüksək mükafata təqdim edib. 
Bütün bunlar ona dəlalət edir ki, Ermənistan sülh istəmir və nəyin bahasına olursa-olsun, regionda  status-kvonu qoruyub saxlamağa çalışır. Ermənilərin niyyətləri bəllidir: Onlar sülh danışıqları bəhanəsi altında növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar. 
Hesab edirəm ki, beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına sərt reaksiya verməli və bu ölkənin sülh danışıqlarını sabotaj etməsinin qarşısını almalıdır.
İşğalçı Ermənistan unudur ki, bu gün onun qarşısında həm hərbi, həm də iqtisadi cəhətdən dəfələrlə güclü və qüdrətli olan müstəqil Azərbaycan dövləti və xalqı dayanır. Ən başlıcası, bu gün Milli Ordumuzun əsgər və zabitlərinin qələbə əzmi və döyüş ruhu olduqca yüksəkdir.   
Qoy işğalçı ermənilər bilsinlər ki, öz havadarlarının köməyi ilə yağmaladıqları ərazilər Azərbaycan xalqının tarixi və əzəli torpaqlarıdır. Dövlətimiz və xalqımız heç vaxt bu işğal faktı ilə razılaşmayacaq. 
Ermənistan hökuməti yaddan çıxarmasın ki, Milli Ordumuz  şanlı 2016-cı il Aprel döyüşləri zamanı olduğu kimi, qarşı tərəfə öz gücünü və qüdrətini hər an  nümayiş etdirməyə hazırdır. 

 

Söhbəti qələmə aldı:
M.HACIXANLI, “Xalq qəzeti” 

12 2019 01:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə