Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev Azərbaycanı müdrikliklə xilas etdi

Heydər Əliyev Azərbaycanı müdrikliklə xilas etdi

Heydər Əliyev böyük dövlətçilik təcrübəsini müstəqillik dövrünün yeni tələbləri ilə zənginləşdirməyə,  müasir Azərbaycanın  tarixində  əvəzedilməz bir səhifə yazmağa nail oldu. 1993-cü ildə ölkədə silahlı qarşıdurma yarananda, paytaxt Bakıda  siyasi böhran dərinləşəndə,  AXC-Müsavat iqtidarı ölkəni məhvolma həddinə çatdıranda, vətəndaş müharibəsi vəziyyətinin yarandığı bir vaxtda xalq son ümid yeri kimi ulu öndər Heydər Əliyevə müraciət etdi. 
Məlum olduğu kimi, həmin vaxt  Gəncədə  Surət Hüseynovun rəhbərlik etdiyi 709 saylı hərbi hissə  Müdafiə Nazirliyinin tabeçiliyindən çıxaraq, hakimiyyəti ələ keçirmək istəyirdi. Bundan  əlavə, cənub və şimal bölgələrində xalqa zidd separatçı qüvvələr fəallaşmışdılar.  Bütün bunlar AXC-Müsavat iqtidarının qorxaqlığının, ölkəyə rəhbərlik edə bilməməsinin, yaranmış ağır  vəziyyətdən çıxış üçün aydın fəaliyyət planının olmamasının nəticəsi idi.  
1993-cü il iyunun 4-də  hakimiyyət tərəfindən Gəncəyə hərbi texnika yeridilməsi vəziyyəti daha da gərginləşdirdi. Hökumət qüvvələri  Surət Hüseynovun rəhbərlik etdiyi silahlı dəstəyə məğlub olduqdan sonra  qiyamçı polkovnik  daha böyük iddialarla yaşayırdı və onun silahlı dəstəsi, Müdafiə Nazirliyinə tabe olmayan hərbi hissələr siyasi tələblərlə Bakı üzərinə yönəldi. AXC-Müsavat iqtidarı ölkədə baş verən təhlükəli proseslərin -- vətəndaş müharibəsinin, yeni separatizm cəhdlərinin qarşısında aciz qalmışdı və  yeganə çıxış yolunu ulu öndər Heydər Əliyevdə gördü. 
Gəncədə axıdılan qardaş qanı fonunda  Surət Hüseynovun başçılıq etdiyi hərbi hissə bir-birinin ardınca rayonları zəbt edir, hakimiyyətlə razılaşmadan özünə yaxın adamları həmin rayonlara rəhbər təyin edir, sonra isə paytaxt Bakıya doğru irəliləyirdi. Bütün bunlar 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edən deputat-istintaq komissiyasının  yekun rəyində də öz əksini tapırdı. Həmin sənəddə qeyd edilirdi ki, respublikada son dərəcə mürəkkəb ictimai-siyasi şərait mövcuddur. Siyasi ehtiraslar səngimək bilmirdi. Hakimiyyət boşluğu, qanunların işləməməsi, torpaqlarımızın xeyli hissəsinin erməni işğalçıları tərəfindən zəbt edilməsi, əhalinin əsas kütləsinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması, respublikanın milli sərvətlərinin cinayətkarcasına talanması, sosial, siyasi və mədəni həyatda qarma – qarışıqlıq, özbaşınalıq, hərc – mərclik xalqın səbrini son həddə çatdırmış axırıncı bir ilin xarakterik əlamətləridir.
Arayışdan görünürdü ki, respublikada vəziyyətin ağırlaşdırıcı faktorlarından biri də iqtidarın kadr siyasəti idi. Bu siyasət ancaq Azərbaycan Xalq Cəbhəsinin potensialına söykənmişdi. Rəhbərlik, bir qayda olaraq, ancaq Azərbaycan Xalq Cəbhəsinin nümayəndələrini irəli çəkirdi. Onların da əksəriyyəti təhsilsiz, savadsız, siyasi cəhətdən tam yetkin olmayan insanlar idi. İqtidar kadrları əsasən şəxsi sədaqət, dostbazlıq, qohumbazlıq prinsiplərinə görə seçirdi. Kadr sahəsində yeganə meyar olan qabiliyyət, səriştə və səviyyə məsələləri arxa plana keçirilir, Azərbaycanın intellektual potensialına məhəl qoyulmurdu.  
Yekun rəydə bildirilirdi ki, kadr siyasətini yarıtmaz təşkil etdiklərinə görə,  ölkəyə rəhbərlik edənlər  xalq qarşısında şəxsi məsuliyyət daşıyırlar.
Respublikada ikihakimiyyətlilik yaranmışdı. Xalq qorxu, xof içərisində idi. Parlamentin sədri, baş nazir, güc nazirliklərinin başçıları istefa verməklə məsuliyyətdən yaxa qurtarmağa cəhd edirdilər. 
Ən çətin məqamlarda  xalqa arxa – dayaq olan ulu öndər  Heydər Əliyev bu dəfə də Azərbaycanın gələcəyi naminə, xalqın təkidli tələbi ilə iyunun 9-da Bakıya gəldi və fəal iş aparmağa başladı. İlk növbədə, vəziyyətlə yerində tanış olmaq üçün iyunun 13-də Gəncəyə yola düşdü. Heydər Əliyev bütün imkanlarından istifadə edərək, silahlı qarşıdurmanın kəskinləşməsinin qarşısını aldı. 
İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisənin əhəmiyyətini nəzərə alan Azərbaycan parlamenti 1997-ci il iyunun 27-də həmin günü Milli Qurtuluş Günü elan etdi. 
Hər zaman ürəyi xalqı ilə bir döyünən ulu öndər azadlıq və müstəqillik uğrunda tökülən qanların hədər getməməsi, geniş xalq kütləsinin bütün təbəqələrini bürüyən azadlıq hərəkatının real nəticələr verməsi üçün tələb olunan  bütün tədbirləri görür, tərəddüd etmədən  cəsarətli addımlar atırdı. 
Azərbaycan xalqının xilaskar oğlu  ulu öndər Heydər Əliyev həmin tarixi gəlişi ilə hər şeyi yerbəyer etdi. Müasir, qüdrətli, dünya birliyində sayılıb-seçilən dövlətlərdən biri olan müstəqil  Azərbaycan Heydər Əliyevin şah əsəridir. İndi hər birimizin qürur mənbəyinə çevrilmiş  müstəqil Azərbaycan son 16 ildə  daha da inkişaf edərək dünyanın nüfuzlu dövlətləri sırasında şərəfli yer tutur. Yüksək beynəlxalq dairələrdə söz sahibinə çevrilmiş Azərbaycanla artıq hesablaşırlar. Respublikamızın  razılığı olmadan regionda iri layihələr həyata vəsiqə ala bilmir. Bütün bunlar əsası ulu öndər Heydər Əliyev tərəfindən möhkəm özüllər üzərində qurulmuş siyasi kursun  möhtərəm Prezidentimiz  İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir. 

 

Rüstəm XƏLİLOV,
Milli Məclisin deputatı

 

12 2019 01:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə