Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Böyük siyasətə qayıdış

Böyük siyasətə qayıdış

Azərbaycanın dövlətçilik tarixində ideyaları, siyasi iradəsi, qətiyyəti, güclü dövlətçilik təcrübəsi, nüfuzu, xalqına, Vətəninə bağlılığı ilə misilsiz xidmətlər göstərmiş ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər Naxçıvan dövrü mühüm yer tutur. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu. 
Qəlbi daim xalqa bağlı olan, xalqı üçün yaşayan böyük şəxsiyyət Moskvadan Bakıya, oradan da təyyarə ilə doğma Naxçıvana qayıtdı. Heydər Əliyevi doğulduğu şəhər yenidən qoynuna aldı. Bu torpağın əziz, doğma övladı kimi Vətəninə qayıtmış Heydər Əliyevlə görüşə gələnlər ona dərin ehtiramlarını bildirir, böyük məhəbbət və sevgi ilə bağrına basırdılar. 

Həmin dövrün, o günlərin və görüşlərin iştirakçısı kimi bütün hadisələr xatirəmdədir. Heydər Əliyevin yanına gələnlərlə keçirdiyi görüşlərə, Ali Məclisin iclas və sessiyalarında etdiyi tarixi çıxış və nitqlərinə aid əməkdaşı olduğum “Şərq qapısı” qəzetinin səhifələrində çoxlu sayda məqalə, reportaj və müsahibəm dərc edilmişdir. 


...22 iyul 1990-cı il 


Axşamüstü Naxçıvan şəhərinin mərkəzi hissəsi, 80 min nəfərdən çox adamın toplaşdığı Azadlıq meydanı izdihama qərq olmuşdu. Muxtar Respublikanın hər yerindən Heydər Əliyevi görməyə gələnlər meydana toplaşmışdı. Bu izdiham xalq ilə rəhbərin fikir, əqidə birliyinin bariz nümunəsi idi. Naxçıvan öz tarixi ərzində belə böyük izdihama bürünməmişdi. Qədim şəhər hələ heç vaxt belə bir büsat və təntənə ilə öz oğlunu qarşılamamışdı. Heydər Əliyevin meydanın mərkəzindəki kürsüyə gəlib çıxması üçün polislər yol açırdılar. Nəhayət, ulu öndər kürsüyə yaxınlaşdı. Hərarətli alqışlar, əzəmətli şüarlar səsləndi, gur səslər ətrafı bürüdü. Böyük şəxsiyyət xəstə vəziyyətdə olduğu üçün isti, bürkülü havada çox danışa bilmədi. Sevinc dolu alqışlar altında etdiyi qısa çıxışı ilə xalqına sonsuz məhəbbətini ifadə etdi, bu ağır günlərdə dünyalar qədər sevdiyi xalqının yanında, xalqının dərdinə şərik olmağa gəldiyini bildirdi. Əsas bir fikrini həmyerlilərinə çatdırdı ki, Azərbaycanın başı üzərini qara buludlar alıb... 
Həmin gün Heydər Əliyevin ayağının altında onlarca qurban kəsildi. Ağır müharibə, iqtisadi böhran şəraitində ­yaşayan naxçıvanlılar bu böyük şəxsiyyətə özlərinin nicatı və son ümidi kimi baxır, onu sevinclə, mehribanlıqla və hərarətlə qarşılayırdılar. Böyük şəxsiyyət uşaqlığını, gəncliyini keçirdiyi zamanlara yenidən qayıdırdı, unudulmaz, kövrək xatirələr yada düşürdü, həmyerlilərinin mehriban, isti münasibəti, xoş sözləri onun qəlbini ehtizaza gətirirdi. Bu görüş barədə Heydər Əliyev deyirdi: “Mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illərdə çəkdiyim bütün əzab-əziyyəti unutdum”.
Bu ümumxalq məhəbbətini Heydər Əliyev özü qazanmışdı. Respublikaya 14 il rəhbərlik etdiyi dövrdə xalqın sevimlisinə çevrilmişdi. Moskvadan qayıdıb ana yurduna gələndə onun heç bir vəzifəsi olmasa da, xalq onu böyük bir şəxsiyyət kimi qiymətləndirir, doğma bir övladı kimi sevirdi...
O zaman Naxçıvan ağır günlər keçirirdi. Muxtar Respublika Dağlıq Qarabağ ətrafında baş verən hadisələrin zərbəsinə məruz qalmışdı. Vəziyyət olduqca gərgin, ziddiyyətli şəkil almışdı. Sərhədyanı kəndlər ermənilər tərəfindən işğal və qarət olunurdu. Naxçıvan iqtisadi və siyasi böhran məngənəsinə salınmışdı. Muxtar Respublikanın Azərbaycanla nəqliyyat-kommunikasiya əlaqələri kəsilmişdi. Belə bir dövrdə təxribatlar baş alıb gedirdi. Adamların son ümidi olan ov tüfəngləri də yığılandan sonra xalq erməni təcavüzü qarşısında əliyalın və köməksiz vəziyyətdə qoyulmuşdu. Məhz belə bir ağır dövrdə tale Heydər Əliyevi bu regiona gətirməklə Naxçıvanı, Dağlıq Qarabağı və Azərbaycanın digər rayonlarını gözləyən acı qismətdən qoruya bildi. 
1990-cı il sentyabrın 30-da Azərbaycan SSR və yerli xalq deputatları sovetlərinə seçkilər keçirildi. Xalq öz sevimli, cəsur, ləyaqətli və əvəzedilməz oğluna yüksək etimad göstərdi. Fərdi pensiyaçı Heydər Əliyev Babək rayonunun 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan SSR xalq deputatı və Naxçıvan şəhərinin M.F. Axundov adına 2 nömrəli seçki dairəsindən isə Naxçıvan MSSR xalq deputatı seçildi.
1990-cı il noyabrın 17-də xalq deputatı Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası oldu. Sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, “Sovet Sosialist” sözlərini çaxararaq Naxçıvan Muxtar Respublikası adlandırılması, Naxçıvan MSSR Ali Sovetinin adını dəyişərək Naxçıvan MR Ali Məclisi adlandırılması, ilk Azərbaycan Respublikasının rəmzi olan üçrəngli Dövlət bayrağının bərpa edilməsi, onun Naxçıvan MR dövlət bayrağı kimi qəbul edilməsi haqqında yekdilliklə qərar qəbul etdi. Naxçıvan MR Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında həmin bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət bayrağı kimi tanınması haqqında vəsatət qaldırdı. Beləliklə, Azərbaycanın üçrəngli bayrağı müstəqillikdən ilk dəfə Naxçıvanda qaldırıldı və suverenliyə gedən yola işıq saçdı.

Ölkədə çox ağır və gərgin vəziyyət yarandığı, hadisələrin düzgün qiymətləndirilmədiyi, ayrı-ayrı siyasi qruplaşmaların hakimiyyət davası, siyasi proseslərin getdikcə xalq üçün təhlükəli xarakter aldığı bir vaxtda, 1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası çox böyük uzaqgörənliklə yekdillik nümunəsi göstərərək Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi məsələsini müzakirəyə çıxardı. Həmin sessiyada Heydər Əliyev 4 dəfə çıxış edərək namizədliyini irəli sürənlərə dərin minnətdarlığını bildirdi və təkidlə xahiş etdi ki, onun namizədliyini səsə qoymasınlar. Bu zaman sessiya keçirilən binanın qarşısına toplaşan yüz min nəfərlik bir izdihamın, xalqın tələbinin qarşısını heç cür almaq mümkün deyildi. Bir neçə saatlıq qızğın müzakirə, qətiyyətli çıxış, təkliflər, deputatların və əhalinin təkidli tələblərindən sonra salonda və bayırda hərarətli, sürəkli alqış səsləri ucaldı. Sessiya Heydər Əlirza oğlu Əliyevi yekdilliklə Naxçıvan MR Ali Məclisinin sədri seçdi. 
Xalqın bu seçimi Heydər Əliyevin böyük siyasətə qayıdışı idi. Hakimiyyətə yenidən qayıdışa Heydər Əliyev Naxçıvandan, doğulduğu ana torpağından başladı. O zaman dünyada tanınmış müdrik siyasətçinin bu sözləri və düşüncələri bir daha Heydər Əliyev və xalq birliyinin sarsılmaz olduğunu göstərdi. Böyük siyasi xadim və dahi şəxsiyyət xalqın tələbi və iradəsi ilə hakimiyyətə gəlməyə razılıq verdiyini bəyan etdi : “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim...Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin dövründə, üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.
O dövrdə Azərbaycanın bütün şəhər, rayon, kənd və qəsəbələrindən Naxçıvan MR Ali Məclisinə – Heydər Əliyevə on minlərlə adamın imzaladığı teleqramlar, məktublar, müraciətlər axıb gəlirdi. Bütün bünlar dünyada tanınan böyük siyasi xadim Heydər Əliyevə xalq məhəbbətinin, xalq inamının böyüklüyünü göstərirdi. Xalq Azərbaycanın bu böyük oğlunun siyasi uzaqgörənliyinə, təcrübəsinə, qabiliyyətinə, biliyinə inanır və onu qiymətləndirirdi. Xalq inamının, umidinin itdiyi bir vaxtda Heydər Əliyevə güvənc yeri kimi baxırdı. 


Xalq təkidlə Heydər Əliyevi hakimiyyətə dəvət edirdi 


Xalq tələb edirdi. Ölkənin düçar edildiyi belə ağır məqamda Heydər Əliyev kimi rəhbərə xalqın böyük ehtiyacı duyulurdu. Dünya şöhrətli ağsaqqaldan, rəhbərdən xahiş edirdilər ki, prezident seçkilərində namizədliyini irəli sürsün. Məktublarda belə bir fikir hasil olunurdu ki, millətimizin xilası Sizin əlinizdədir..., xalq öz nicatını Heydər Əliyevdə görür...


16 oktyabr 1992-ci il


Azərbaycan ziyalılarının böyük bir qrupu Heydər Əliyevə müraciət edərək ondan yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsini xahiş etdilər. 24 oktyabrda mətbuatda Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavab olan ”Yeni, Müstəqil Azərbaycan uğrunda” sərlövhəli məktubu dərc olundu. 5 noyabr tarixdə respublika ziyalılarının YAP təşkilat komitəsinin yığıncağı keçirildi. Heydər Əliyev yekdilliklə təşkilat komitəsinin sədri seçildi. 21 noyabr 1992-ci ildə isə Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi və Heydər Əliyev açıq səsvermə yolu ilə partiyanın sədri seçildi.
1993-cü ilin iyun ayında ölkədə yaranmış vəziyyətə görə xalq parçalanma və məhvolma təhlükəsi ilə üzləşdi. Gəncədə Surət Hüseynov qoşun qaldıraraq dövlətə qarşı çıxdı. Bir neçə ağsaqqal S.Hüseynovla danışıq aparmaq üçün Gəncəyə getdi. Belə bir təklif olundu ki, Naxçıvan MR Ali Məclisi bu hadisəyə öz münasibətini bildirsin.Bu məqsədlə 7 iyun 1993-cü ildə Naxçıvan MR Ali Məclisi və Nazirlər Kabineti Rəyasət heyətlərinin birgə iclası oldu. Ali Məclisin sədri Heydər Əliyevin rəhbərliyi ilə həmin iclasda çıxış və təkliflərdən sonra Ali Məclisin və Nazirlər Kabinetinin rəyasət heyətlərinin bəyanatı qəbul olundu.


Gəncədə…


İyunun 13-14-də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev Gəncə şəhərində oldu. Orada Azərbaycan Respublikası Ali Sovetinin deputatı Surət Hüseynov, şəhər rəhbərləri ilə və onunla birlikdə Gəncə şəhərindəki vəziyyətə faktiki nəzarət edən şəxslərlə görüşüb söhbət etdi. Söhbətlərdə Gəncədə və ətraf rayonlarda yaranmış vəziyyət təhlil olundu və kəskin siyasi böhranın aradan qaldırılması yolları müzakirə edildi. O zaman Heydər Əliyev hakimiyyətə qayıdışı ilə yaranan vətəndaş müharibəsinin qarşısını almaqla, Azərbaycanı bölünmək, yox olmaq təhlükəsindən qorudu.
İyunun 13-də çağırılan Azərbaycan Respublikasının Milli Məclisinin fövqəladə sessiyası iyunun 15-də öz işini davam etdirdi. Gizli səsvermə yolu ilə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əlirza oğlu Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Heydər Əliyev Milli Məclis üzvləri qarşısında çıxış edərək ona göstərilən yüksək etimad üçün məclis üzvlərinə, Ali Sovetin deputatlarına və bütün Azərbaycan xalqına öz minnətdarlığını bildirdi və dedi ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və ziddiyyətli vəziyyətini tam məsuliyyətlə dərk edərək bütün fəaliyyətini respublikanın bu vəziyyətdən çıxarılması işinə həsr edəcəkdir. Ali Sovetin sədri kimi o, Azərbaycan Respublikasının tarixi nailiyyəti olan müstəqilliyi qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özünün ən əsas vəzifələrindən biri hesab edir. Azərbaycan Respublikasının müstəqilliyi 1918-ci ildə yaranmış ilk demokratik AXC ənənələri əsasında müasir tələblərə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır.
Müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun 1993-cü ildə xalqı məşəqqətlərdən qurtaran Heydər Əliyevin Naxçıvandan Bakıya dönüşü milli-mənəvi dəyərlərimizə, məfkurəmizə, varlığımıza, tarixi qəhrəmanlığımıza qayıdış günü oldu. Xalqımız nicat, qurtuluş yolunu Heydər Əliyevin simasında gördü, onu hakimiyyətə dəvət etməklə bir daha öz müdrikliyini təsdiqlədi. Heydər Əliyevin qarşısında bir aydın yol göründü. Bu yol Azərbaycanın müstəqillik, suverenlik yolu idi. Müdrik şəxsiyyət insanlara yol göstərmək, onları arxasınca aparmaqla kifayətlənmirdi. “Müstəqillik qədər çətin yol yoxdur... Müstəqilliyin əldə edilməsi nə qədər çətindirsə, onu qoruyub saxlamaq, əbədi etmək ondan da çətindir” – kimi fikirləri hər zaman üçün proqram sənədinə çevrildi. 
3 oktyabr 1993-cü ildə Azərbaycan Respublikası prezidenti seçkiləri keçirildi. Heydər Əlirza oğlu Əliyev Azərbaycan Respublikası Prezidenti seçildi.10 oktyabrda Respublika sarayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təntənəli andiçmə mərasimi keçirildi. Prezident Heydər Əliyev bu mərasimdə bir daha vurğuladı: “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik.Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir...”
Azərbaycan dövlətini dağılmaq və parçalanmaq təhlükəsindən xilas edən Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə əsaslı islahatlar yolu ilə uğurlu daxili və xarici siyasət xəttinin həyata keçirilməsi qısa dövrdə özünü göstərdi. Nizami ordu yaradıldı, ölkəmizə böyük həcmdə sərmayə gəlməyə başladı. Dövlətçiliyin əsasları qoyuldu, azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edildi. Həmin illərdə Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi.
Azərbaycan dünya birliyində özünə layiqli yer tuta bildi. Heydər Əliyev zəkası və uzaqgörənliyi erməni mafiyasının, düşmənlərimizin Azərbaycan haqqındakı uydurmalarını, yalan, böhtan və bütün eybəcərliklərini alt-üst etdi. Beləliklə, xalqımız öz Prezidenti ətrafında birləşdi. Xalqımızın doğru-düzgün seçimi ilə rəhbərliyə qayıdan Heydər Əliyev hakimiyyət böhranının qarşısını almağa, separatçı qüvvələri zərərsizləşdirməyə, milli birliyə və ölkəmizdə demokratik dövlət quruculuğu prosesinə nail oldu. Dahi şəxsiyyət Azərbaycanın yeni inkişaf modelini yaratdı. 
Hər il 15 iyun ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd olunur. Həmin gün müasir tariximizdə dönüş nöqtəsi oldu. Azərbaycan inkişaf, müstəqil siyasət, əsl müstəqillik yoluna qədəm qoydu. O zamandan həmin siyasət böyük uzaqgörənlik, müdriklik nümunəsi ilə uğurla həyata keçirilir. Heydər Əliyev siyasi kursu möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir. Ölkəmiz müstəqil və inamlı siyasət aparır, milli maraqların təmin olunmasında böyük addımlar atır, böyük uğurlar qazanır. Xalq ulu öndərimizin uzunmüddətli dövr üçün müəyyən etdiyi strateji xətti bacarıqla inkişaf etdirir. 2003-cü ildən bu günədək Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir və zənginləşdirilir. Ölkəmizin hərbi qüdrəti güclənir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi, Naxçıvan MR-də keçirilən əməliyyat nəticəsində böyük torpaq sahəsi işğalçılardan azad edilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş, zəkalı siyasəti və rəhbərliyi ilə son 16 ildə iqtisadi inkişaf nəticəsində iqtisadi məsələlər öz həllini tapdı. Həm neft, həm də qeyri-neft sektoruna qoyulan vəsait ölkəmizin iqtisadi potensialını daha da gücləndirdi. Son illərdə bütün istiqamətlər üzrə inkişafa, tərəqqiyə nail olundu. Ölkədə güclü iqtisadi potensial, güclü iqtisadi baza yarandı.
Bu gün Azərbaycan müstəqillik yolunda inamla irəliləyir, ölkəmiz sürətlə inkişaf edir. Xalq bütün sahələrdə qazanılan uğurlarla bütün dünyanı heyrətləndirən Prezident İlham Əliyevə inanır, ona ürəkdən minnətdarlığını bildirir, böyük siyasi fəallığına dərin məhəbbət bəsləyir. Azərbaycanın sürətli, dinamik inkişafı, dünyada layiqli yerini tutması Heydər Əliyevin istəklərinin, arzularının həyata keçməsi və ulu öndərin ölməz prinsiplərinə, müqəddəs ideyalarına Prezidentimiz İlham Əliyevin böyük sədaqətini göstərir.

 

Afət SADIQOĞLU,
“Xalq qəzeti” 

 

 

 

12 2019 01:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyun 2019 | 12:46
Lənkəranda mina aşkar edilib

Köhnə versiyamızdan xəbərləri izlə