Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda keçirilən Beynəlxalq Memarlıq Forumu öz işini yekunlaşdırıb

Bakıda keçirilən Beynəlxalq Memarlıq Forumu öz işini yekunlaşdırıb

İyunun 11-də Bakıda, Heydər Əliyev Mərkəzində Beynəlxalq Memarlıq Forumu çərçivəsində Beynəlxalq Memarlar İttifaqının (BMİ) növbədənkənar Baş Assambleyası keçirilib. 
İclasın gündəliyi təsdiq olunduqdan sonra BMİ-nin fəaliyyəti barədə təşkilatın prezidenti Tomas Vonyenin hesabatı dinlənilib. 
Tədbirdə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri və BMİ-nin Şura üzvü Elbay Qasımzadə çıxış edərək Bakıya gəlib bu tədbirlərdə iştirak etdiklərinə görə Assambleya üzvlərinə təşəkkürünü bildirib. O, əminliklə qeyd edib ki, qonaqlar öz vətənlərinə ölkəmizlə bağlı yaxşı təəssüratlarla qayıdacaqlar.  
Sonra BMİ-nin keçmiş prezidenti Esa Mohamedin, eləcə də təşkilatın Baş katibi Serban Tiganasın hesabatları dinlənilib.
Toplantı zamanı BMİ-nin tərkibini müəyyən edən beş regionun vitse-prezidentləri çıxış edərək təmsil etdikləri region üzrə üzv ölkələrin memarlar birliklərinin fəaliyyəti barədə məruzələrlə çıxış ediblər.
Daha sonra BMİ-nin maliyyə hesabatı barədə məlumat verilib.
Beynəlxalq Memarlar İttifaqının Memarlıq təhsili komissiyasının fəaliyyəti barədə Maqda Mostafa və Marilis Nepomeçye, Peşəkarlıq praktikası komissiyasının fəaliyyəti barədə Ceyms Rayt və Çjuan Veymin, Beynəlxalq müsabiqələr komissiyasının fəaliyyəti barədə Regina Qontyer və Yeji Qroxulski, Dayanıqlı inkişaf məqsədləri komissiyasının fəaliyyəti barədə Natali Mossin və İştiyaq Zahir hesabatlarla çıxış ediblər.
Tədbirdə, həmçinin BMİ-nin işçi proqramlarının fəaliyyəti barədə hesabatlar da dinlənilib. 
UNESCO-nun Ümumdünya Memarlıq Paytaxtı, 2020-ci ildə Rioda keçiriləcək XXVII Ümumdünya Konqresi və 2023-cü ildə Kopenhagendə keçiriləcək XXVIII Ümumdünya Konqresi barədə məlumatla tanış olan Assambleya üzvləri müzakirə olunan məsələlər barədə öz fikirlərini bölüşüblər.
Fasilədən sonra BMİ-nin ümumi siyasəti və inkişaf konsepsiyası barədə üzv ölkələrin nümayəndələrinin çıxışları dinlənilib. Sonra Nizamnamə üzrə təftiş komissiyasının hesabatı dinlənilərək səsə qoyulub. 
Səsvermədən sonra 2021-ci ildə beynəlxalq forumun keçirilməsi üçün namizədlikləri irəli sürülmüş Ər-Riyad və Madrid şəhərlərinin təqdimatı və səsverməsi olub. 
Assambleya üzvləri Bakıda keçirilən “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda forumun əhəmiyyətini vurğulayaraq ilk forumun Bakıda yüksək səviyyədə keçirilməsinin sonrakı forumları qəbul edəcək şəhərlər üçün gözəl nümunə olduğunu və Bakıya Beynəlxalq Memarlar İttifaqının “Memarlıq Forumu şəhəri-2019” statusunun verildiyini qeyd ediblər. 
Bununla da “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda Beynəlxalq Memarlıq Forumu öz işini yekunlaşdırıb.
Qeyd edək ki, forum Mədəniyyət Nazirliyi və Azərbaycan Memarlar İttifaqının dəstəyi, BMİ-nin iştirakı ilə reallaşıb.

 

AZƏRTAC

12 2019 01:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə