Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADA Universitetində beşinci beynəlxalq “Big Data Day Baku 2019” forumu keçirilib

ADA Universitetində beşinci beynəlxalq “Big Data Day Baku 2019” forumu keçirilib

İyunun 11-də ADA Universitetində beşinci beynəlxalq “Big Data Day Baku 2019” forumu öz işinə başlayıb. Paşa Bankın dəstəyi ilə keçirilən birgünlük toplantı “Big Data” üzrə yerli və xarici alimləri, eləcə də müxtəlif sənaye nümayəndələrini bir araya gətirib. 
“Böyük həcmli verilənlərin böyük dəyərə çevrilməsi” şüarı altında keçirilən builki forum ADA Universitetinin data analizi üzrə tədqiqat mərkəzinin təşkilatçılığı, IEEE Kompüter və Kommunikasiya cəmiyyətlərinin dəstəyi ilə reallaşıb.
Açılış mərasimində çıxış edən forumun sədri, ADA Universitetinin müəllimi Abzetdin Adamov tədbirin əsas məqsədinin cəmiyyətdə böyük həcmli verilənlərin (Big Data) yaratdığı yeni imkanlar və çətinliklər haqqında məlumatlılığı daha da artırmaq, biznes, sənaye və dövlət orqanları ilə verilənlərin analizi texnologiyalarının inkişafına dair təcrübələri paylaşmaq olduğunu deyib. O, müasir dövrdə data və analiz üzrə tədqiqatların önəmindən danışıb. Tələbələri və gənc tədqiqatçıları bu sahədə karyera qurmağa və verilənlər-məlumat elmi (Data Science) sahəsində tədqiqat aparmağa həvəsləndirmək baxımından tədbirin əhəmiyyətini vurğulayıb. 
Universitetin tədris işləri üzrə prorektoru Vəfa Kazdal qeyd edib ki, data, yəni məlumatlar günümüzün ayrılmaz hissəsinə çevrilib. O, forum iştirakçılarına ADA Universitetinin əsas fəaliyyət istiqamətləri, müxtəlif sosial, humanitar, iqtisadiyyat və elmlə bağlı ixtisaslar barədə ətraflı məlumat verib.
Müasir dövrdə informasiya texnologiyalarının və verilənlər elminin sürətlə inkişaf etdiyini deyən ADA Universitetinin İT və Mühəndislik fakültəsinin dekanı Araz Yusubov bu istiqamətdə data analizi üzrə tədqiqat mərkəzinin fəaliyyətini yüksək dəyərləndirib. O, forumun gələcəkdə bu sahədə seminar və dəyirmi masalar keçirilməsi, eləcə də tədqiqatlar aparılması baxımından gözəl platforma olduğunu qeyd edib. 
ABŞ-ın Northeastern Universitetinin Silikon Vadisindəki kampusunun professoru Rikardo Baeza-Yates böyük həcmli verilənlərin xüsusiyyətləri, mexaniki öyrənmə və süni intellekt barədə ətraflı danışıb. 
Təqdimat sessiyalarında yerli və xarici alimlər, eləcə də müxtəlif sənaye müəssisələrinin nümayəndələri “müasir dövrün yanacağı” adlandırılan böyük həcmdə verilənlərin hökumət, qeyri-hökumət və biznes sektorunda idarəetməyə və qərar qəbuletməyə təsiri barədə çıxışlar edib və müzakirələr aparıblar. 
Forum “Ömürboyu öyrənmə, karyera inkişafı və peşəkar şəbəkələşmə üzrə qlobal texniki və peşəkar assosiasiyalar” mövzusunda panel sessiyası ilə davam edib. 

 

AZƏRTAC

12 2019 01:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə