Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uğurlu siyasi kurs və mədəniyyət diplomatiyası: inkişaf modelinin yeni çalarları

Uğurlu siyasi kurs və mədəniyyət diplomatiyası: inkişaf modelinin yeni çalarları

Tarixdə xoş təsadüflərə rast gəlinir. Ancaq hər bir təsadüfün də arxasında bir zərurət vardır. Heydər Əliyevin doğum günü ilə onun adını daşıyan fondun yubileyinin eyni günə təsadüf etməsi də tarixi zərurətdir. Həmin gün müəyyən mənada ikiqat əlamətdar sayıla bilər. Həm ulu öndərin əziz xatirəsi bir daha yad edilib, fəaliyyəti haqqında geniş danışılıb, dövlət quruculuğu kursunun müxtəlif aspektləri bir daha təhlil edilib, həm də Heydər Əliyev Fondunun uğurlu fəaliyyəti barədə söhbət açılıb. Hər iki əlamətdar hadisə münasibətilə təşkil edilən rəsmi mərasimdə Prezident İlham Əliyev geniş və dərin məzmunlu nitq söyləyərək, maraqlı tezislər ifadə edib. Bu iki hadisəyə dövlət başçısının nitqində yer almış fikirlərin işığında təhlili nəzər salmağa ciddi ehtiyac vardır. Həmin məsələ üzərində bir qədər geniş dayanmaq istərdik.

Ümummilli lider: milli dəyərlərə və dövlətçiliyə sadiqlik nümunəsi


May ayının 10-u Azərbaycan üçün əlamətdar olan iki hadisə ilə yadda qaldı. Həmin gün ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyi bir yerdə təntənəli mərasim vasitəsilə qeyd edildi. Bu iki əhəmiyyətli hadisənin eyni günə təsadüf etməsi həm tarixi məqamdır, həm də burada bir daxili məntiq vardır. Müasir müstəqil Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevdir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi fond Heydər Əliyevin adını daşıyır.
Ulu öndər Azərbaycan üçün olduqca böyük işlər görüb. Heydər Əliyev Fondu da həmin ruhda ulu öndərin işlərini davam etdirərək, müstəqil dövlətçiliyimizə ciddi töhfələr verir. 15 ildir ki, Azərbaycan xalqı ilə bərabər bütün dünya bunun şahididir. Çünki Heydər Əliyev Fondu dünyanın hər guşəsində Azərbaycan mədəniyyətini təbliğ edir, ölkəmizi tanıdır və həm də başqa xalqların mədəni abidələrinin qorunması istiqamətində, uşaqlara, yoxsullara, ehtiyacı olanlara yardım sahəsində olduqca vacib proqramlar həyata keçirir.
Bu iki əhəmiyyətli hadisənin eyni gündə qeyd edilməsinin bütün vacib aspektlərini Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə söylədiyi nitqində dolğun şəkildə ifadə edib. Dövlət başçısı ümummilli liderin Azərbaycan dövlətçiliyi üçün gördüyü işləri ardıcıl şəkildə təhlil edib.
Hələ SSRİ dönəmində Heydər Əliyev Azərbaycanın inkişafı istiqamətində əhəmiyyətli addımlar atmışdı. Kremlin ciddi nəzarətinə baxmayaraq, ulu öndər Azərbaycanın milli-mənəvi dəyərlərinin, dilinin, adət-ənənələrinin qorunması, bütün sahələrdə inkişafı istiqamətində fədakarlıq göstərirdi. Məhz Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan üçün milli kadrlar yetişdirildi və ölkə ciddi inkişaf yoluna çıxdı.
Bu prosesi illərlə və düşünülmüş şəkildə aparan Heydər Əliyev milli kadrlar ordusu yaratdı. Bütün bunların nəticəsi olaraq “...sovet dövründə – 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə ən geridə qalmış respublikalardan birindən ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. Məhz o illərdə çox möhkəm sənaye potensialı yaradılmışdır, infrastruktur layihələri icra edilmişdir. O layihələr ki, bu gün də müstəqil Azərbaycana xidmət göstərir”.
Ulu öndərin Kremldə yüksək vəzifədə çalışarkən Azərbaycan naminə göstərdiyi xidmətləri haqqında ayrıca danışmaq lazımdır. Xüsusilə bir sıra dairələrin ölkəmiz əleyhinə məkrli planları həyata keçirməsinin qarşısını Heydər Əliyevin qətiyyətli siyasəti və parlaq şəxsiyyəti alırdı. Bu məqamı dövlət başçısı İlham Əliyev də xüsusi vurğulayıb. Ölkə rəhbəri həmin aspektdə deyib: “1987-ci ildə vəzifədən gedəndən sonra xalqımız, respublikamız üçün problemlər başladı. İki həftə də keçməmiş erməni millətçiləri Dağlıq Qarabağın Azərbaycandan ayırıb Ermənistana verilməsi haqqında iddia qaldırdılar. Güclü Heydər Əliyev amili imkan vermirdi ki, bu məsələ bundan əvvəlki dövrdə qaldırılsın. Halbuki, belə cəhdlər, belə meyillər var idi. Ancaq Heydər Əliyev amili buna imkan vermirdi”.
Heydər Əliyevin istefasından sonra yaranmış fürsətdən istifadə edən düşmən uzun illər hazırlığını gördüyü təcavüzkarlıq siyasətini həyata keçirməyə başladı. SSRİ-nin o vaxtkı rəhbərliyinin ciddi dəstəyi ilə ermənilər Dağlıq Qarabağ ətrafında vəziyyəti gərginləşdirdilər. Həmin mərhələ ilə bağlı İlham Əliyev belə bir fikir ifadə edib: “Deyə bilərəm ki, əgər Heydər Əliyev o vaxt Azərbaycanın rəhbərliyində olsaydı, heç şübhəsiz ki, Dağlıq Qarabağ problemi heç vaxt yaranmazdı. O vaxtdan xalqımız üçün böyük problemlər başladı”. Bu, bir həqiqətdir. Təcrübə də sübut etdi ki, məhz Heydər Əliyev güclü havadarları olan düşməni cilovlaya bilərdi.


Yeni mərhələ: humanitar fəaliyyət və uğurlu Azərbaycan qadını obrazı


Bu tezisin sübutu Heydər Əliyev hakimiyyətə qayıdandan sonra tədricən erməni təcavüzünün qarşısını ala bilməsidir. Ulu öndər öncə düşmənin irəliləyişini dayandırdı, sonra işğal altındakı torpaqların bir qismini hərbi əməliyyatlarla azad edib düşməni danışıqlar masası arxasına qayıtmağa məcbur etdi. Bundan sonra ulu öndər atəşkəs rejiminə nail oldu və Azərbaycan dövlətinin etibarlı inkişaf strategiyasını həyata keçirməyə başladı. Təcrübə göstərdi ki, Heydər Əliyevin işləyib hazırladığı inkişaf kursu çox səmərəlidir və hazırda Ermənistan Azərbaycandan dəfələrlə zəifdir. Yəni keçən müddət ərzində Ermənistan dövlətçiliyi inkişaf etmədi, lakin Azərbaycan Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəldi.
Təbii ki, müstəqil dövlət quruculuğu həm də ölkənin ərazi bütövlüyünü bərpa etmək istiqamətində fəaliyyətlə tamamlanır. Keçən müddətdə Heydər Əliyevin xarici siyasət kursu imkan verdi ki, beynəlxalq təşkilatlar qəbul etdikləri sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü tanısın. Belə də oldu. İndi Azərbaycan yüksək beynəlxalq nüfuza sahib, müstəqil və sürətlə inkişaf edən bir dövlət kimi qəbul edilir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan rəhbərliyi Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu reallaşdırır və bu, həmişə belə olacaq!
O da sevindiricidir ki, ulu öndərin adını daşıyan fond da fəaliyyətində çox böyük uğurlara imza atmaqdadır. Bu barədə nitqində fikir bildirən dövlət başçısı vurğulayıb ki, 15 il ərzində Heydər Əliyev Fondu bir çox sahələrdə – mədəniyyət, incəsənət, təhsil və digər sahələrdə böyük işlər görüb. Təhsil sahəsində fondun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı həyata keçirilməyə başlayıb. Həmin proqram çərçivəsində dövlət xətti ilə 3 min 200-dən çox məktəb tikilib və təmir edilib. Fondun xətti ilə çox sayda uşaqlar müalicə alıblar.
Bütün bunların sayəsində fond artıq dünyada böyük nüfuza sahib bir təşkilat kimi tanınır. Həyata keçirilən geniş əhatəli və çoxsaylı layihələr Heydər Əliyev Fondunun nüfuzunu durmadan artırmaqdadır. Prezident İlham Əliyev həmin bağlılıqda nitqində vurğulayıb: “Fondun çoxşaxəli fəaliyyəti Azərbaycanı dünyada tanıdır. Fondun dünya miqyasında çox böyük hörməti var. Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində - bizim musiqimizi, xalçaçılıq sənətini, muğam sənətini, digər mədəniyyət incilərimizi dünyaya çatdırmaq, təqdim etmək üçün fond çox böyük işlər görür. Kitablar çap olunur, disklər hazırlanır, sərgilər, elmi-praktik konfranslar, simpoziumlar keçirilir”.
Bunlarla yanaşı, ulu öndərin ildönümü üçün də əhəmiyyəti olan məqam kimi fond tərəfindən Heydər Əliyevin siyasi irsinin bütün dünyada geniş təbliğ edilməsini göstərmək olar. Şübhə yoxdur ki, həmin istiqamətdə də Heydər Əliyev Fondu yeni-yeni uğurlara imza atacaq. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çox uğurlu fəaliyyəti sayəsində fond dövlətçiliyin inkişafı, milli mədəniyyətin təbliği və siyasi kursun təşviqi istiqamətlərində əhəmiyyətli proqramlar reallaşdıracaq.
Yuxarıda vurğulanan məqamlar bir daha sübut edir ki, ölkəmiz ulu öndərin doğum gününü uğurlu nəticələrlə, böyük planlarla qarşılayıb. Bundan sonra da ölkə rəhbərliyinin qətiyyəti, yüksək siyasi iradəsi və milli maraqları əsas tutması sayəsində daha yüksək nəticələr əldə ediləcək. Azərbaycan daha çox inkişaf etdikcə, Heydər Əliyevin xatirəsi də xalq üçün daha əziz olacaq və dünyada ümummilli liderin nüfuzu yeni zirvələrə yüksələcək!

 

Newtimes.az

 

12 2019 01:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyun 2019 | 12:46
Lənkəranda mina aşkar edilib

Köhnə versiyamızdan xəbərləri izlə