Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Salyanda səhiyyənin inkişafına diqqət artmışdır

Salyanda səhiyyənin inkişafına diqqət artmışdır

Azərbaycan dövləti ölkədə səhiyyənin hərtərəfli inkişafına, əhalinin sağlamlığının qorunmasına böyük önəm verir. Təsadüfi deyil ki, son illər ərzində təkcə paytaxtda deyil, bölgələrdə də çox sayda səhiyyə müəssisələri inşa edilib, onların  maddi-texniki bazası yaxşılaşdırılıb. Ölkəmizin digər bölgələrində olduğu kimi, Salyanda da tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün davamlı işlər görülür. Bu il Novruz bayramı ərəfəsində rayonun səhiyyə işçiləri xoş müjdə almışlar. Belə ki, 2019-cu il mart ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Sənədə əsasən, Salyan RMX-nin Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə, ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. 
Salyan RMX-nin Doğum Evinin müdiri İradə Ağalarova dərin məmnunluq hissi ilə bildirdi ki, möhtərəm Prezidentin bu qayğısını rayonun səhiyyə işçiləri Novruz hədiyyəsi kimi qəbul ediblər. Onlar dövlət başçısına minnətdarlıq məktubu göndəriblər. 
İ.Ağalarova sonra bildirdi ki, rayonun doğum evi 1989-cu ildən istifadəyə verilmişdir. Üç mərtəbədə yerləşən, qəbul otaqları, əməliyyat, reanimasiya, yeni doğulan körpələr və zahılar üçün olan bloklar artıq istifadəyə yararsız vəziyyətə düşmüşdü. Yeni, müasir tibbi avadanlıqlara həqiqətən  böyük ehtiyac var idi. Düzdür, bütün çətinliklərə baxmayaraq, burada çalışan fədakar həkim və sanitar işçiləri əhaliyə tibbi xidmət göstərmək sahəsində əllərindən gələni əsirgəmirlər. 
Doğum evinin rəhbəri əmindir ki, dövlət başçısının imzaladığı sərəncamın icrasından sonra burada əhaliyə göstərilən tibbi xidmətin yüksəldilməsi üçün daha münasib şərait yaradılacaq. İ.Ağalarova sonra dedi ki, ötən il xəstəxananın doğum şöbəsində 1049 uşaq doğulmuşdur. Onlardan 10-u əkiz olmuşdur. Körpələr sağ-salamat evlərinə yola salınmışdır. Bu sahədə bu ilin göstəriciləri də ürəkaçandır. 
Hazırda rayonda 6 xəstəxana, 24 həkim və 21 tibb məntəqəsi fəaliyyət göstərir. Ümumilikdə, 503 çarpayılıq bu tibb ocaqlarında 244 həkim və 700 orta tibb işçisi çalışır. Rayonun bütün həkim və tibb işçiləri öz məsuliyyətini dərindən başa düşən, peşələrini sevən, daim öz üzərlərində çalışan fədakar insanlardır ki, əhali onların əməyini daim yüksək qiymətləndirir.  
Qeyd edək ki, Salyan RMX-nin binası 1972-ci ildə istifadəyə verilib. Xəstəxana binası 2008-ci ildə Prezident İlham Əliyevin tapşırığı ilə əsaslı təmir olunub. Müasir tələblərə cavab verən tibbi avadanlıq və yeni inventarlarla təchiz edilən xəstəxananın açılış mərasimində cənab İlham Əliyev şəxsən iştirak edib.
Məlumat üçün bildirək ki, hazırda RMX-da 248 çarpayılıq 9 şöbə, o cümlədən qəbul, 50 çarpayılıq terapiya, 80 çarpayılıq cərrahiyyə, 20 çarpayılıq yoluxucu xəstəliklər, 18 çarpayılıq anesteziologiya-reanimasiya, 30 çarpayılıq kardioloji şöbələr, eləcə də 50 çarpayılıq doğum evi və mamalıq şöbəsi, 15 çarpayılıq oftalmoloji şöbə vətəndaşlara yüksək səviyyədə tibbi xidmətlər göstərir. 
Bundan əlavə, xəstəxanada fizioterapiya kabineti, endoskopiya otağı, funksional diaqnostika otağı, kliniki-diaqnostika laboratoriyası, transfizioloji kabinet, müalicəvi bədən tərbiyəsi otağı, ultrasəs müayinə otağı, rentgen otağı, SPİD laboratoriyası, cərrahi əməliyyat, intensiv terapiya, metodiki təşkilat otaqları və aptek fəaliyyət göstərir. 
Xüsusi vurğulamaq lazımdır ki, bu gün Salyan səhiyyəsinin elmi potensialı da kifayət qədər yüksəkdir. Diqqətəlayiq haldır ki, hazırda Salyan RMX təkcə bu rayonun sakinlərinə deyil, eyni zamanda, ətraf bölgələrdə yaşayan vətəndaşlara da yüksək səviyyədə tibbi xidmətlər göstərir.
Salyan RMX-dən məlumat verdilər ki, son bir ildə rayonda səhiyyə sahəsində xeyli işlər görülmüşdür. Belə ki, 1237 nəfərdə müxtəlif yoluxucu xəstəlik müəyyən olunmuş və onlar müalicəyə cəlb edilmişdir. 5117 uşağa infeksiyaya qarşı peyvənd işi aparılmışdır. 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən mart ayının 15-dən  başlayaraq 7 yaşdan 40 yaşa qədər 779 nəfərdə qızılcaya qarşı peyvənd aparılmışdır. Nikaha daxil olmaq üçün 583 nəfər müayinə olunmuş, 10 nəfərdə birtərəfli, 4 cütlükdə isə ikitərəfli talassemiya daşıyıcısı aşkar edilmişdir. 
Hemodializ şöbəsində hazırda 57 xəstə müalicə alır. Burada Salyan sakinləri ilə yanaşı Neftçala və Sabirabad rayon sakinlərinə də tibbi xidmət göstərilir. Vərəm, şəkərli diabet, onkoloji, SPİD və qan xəstələri dövlət tərəfindən müəyyən edilmiş qaydalarla dərman preparatları ilə təmin edilmişlər. 
Təqdirəlayiq haldır ki, Mərkəzi Neftçilər Xəstəxanasının həkim briqadası Rayon Mərkəzi Xəstəxanasında ödənişsiz tibbi müayinələr aparmış, 1050 nəfər müayinə olunmuşdur.
2019-cu il 23 may tarixində Səhiyyə Nazirliyi və Mərkəzi Qan Bankının təşəbbüsü ilə Salyan Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilmişdir. Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürmüşlər. Keçirilən bu cür aksiyalar hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatı üçün respublikada artıq ənənəvi hal alan nəcib tədbirlərin davamıdır. Toplanan qan nümunələri laboratoriyada müayinə olunduqdan sonra Qan Bankına təhvil verilib. 
Dövlət başçısının tapşırığına əsasən, bu il fevralın 12-dən mayın 15-nə kimi, ölkənin bütün yaşayış məntəqələrindəki səhiyyə müəssisələrində, o cümlədən Salyan rayonunda əhalinin kütləvi tibbi müayinəsi keçirilib. Salyanın 51 yaşayış məntəqəsində 71 min 783 nəfər tibbi müayinə olunub. Bu isə 18 yaşdan yuxarı rayon əhalisinin 95,9 faizini təşkil edir.
Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri İsrafil Məmmədov qeyd etdi ki, kütləvi tibbi müayinə dövründə cərrahiyyə, terapiya, rentgen və digər şöbələrdə əhaliyə nümunəvi xidmət göstərilib. Müayinələr zamanı 4 min 924 sakinin səhhətində müəyyən problemlər aşkar olunub. Onlardan 4 min 651-i ambulator, 148 nəfəri stasionar müalicəyə cəlb edilib. 23 xəstə isə cərrahiyyə şöbəsində əməliyyat olunub. Rayon şəraitində müalicəsi mümkün olmayan 102 nəfər Bakı şəhərindəki ixtisaslaşdırılmış səhiyyə müəssisələrinə göndərilib.
Şöbə müdirinin sözlərinə görə, humanitar aksiya zamanı icra hakimiyyəti orqanlarının əməkdaşları səhiyyə işçiləri ilə birlikdə əhali arasında maarifləndirmə işləri aparıb, vətəndaşların kütləvi şəkildə tibbi müayinədən keçirilməsi üçün bütün lazımi tədbirləri görüblər.
Rayon sakinləri əmindirlər ki, dövlətimiz inkişaf etdikcə, ölkəmiz gücləndikcə, əhalinin sağlamlığının qorunması istiqamətində işlər bundan sonra da uğurla davam etdiriləcək. 

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri  

 

12 2019 01:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyun 2019 | 12:46
Lənkəranda mina aşkar edilib

Köhnə versiyamızdan xəbərləri izlə