Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Masazırda içməli su şəbəkəsi yaradılır

Masazırda içməli su şəbəkəsi yaradılır

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq, Abşeron rayonunun Masazır qəsəbəsində yeni layihənin icrasına başlanılıb.

ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, layihə çərçivəsində Masazır qəsəbəsinin Sarı Aşıq küçəsində və ətraf ərazilərdə mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılır. Bu ərazilərin böyük hissəsində mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri mövcud olmayıb. Su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılmış və istismar tələblərinə cavab verməyən şəbəkə hesabına aparılıb. Su xətləri istismara yarasız vəziyyətdə olduğundan tez-tez qəzalar baş verirdi. Xüsusilə yay aylarında yüksək ərazilərdə yerləşən evləri su ilə təmin etmək üçün suyun təzyiqini artırmaq mümkün olmurdu.

Bütün bunlar nəzərə alınaraq ərazidə mərkəzləşdirilmiş su təchizatı sistemlərinin yaradılması layihəsinin icrasına başlanılıb.

Layihə çərçivəsində Masazır qəsəbəsinin Sarı Aşıq küçəsi və ətraf ərazilərdə müxtəlif diametrli borularla 18 kilometr uzunluğunda su şəbəkəsi inşa edilir. Yeni yaradılan şəbəkədən abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Ümumilikdə isə yaradılan şəbəkədən 5 minədək sakin faydalanacaq. Su təchizatında dayanıqlığın təmin edilməsi məqsədilə yeni inşa edilən şəbəkə 2 nöqtədə əsas magistral xətlərə qoşulacaq. Bu da qəsəbənin relyef baxımından yüksəklikdə yerləşən yaşayış evlərini də dayanıqlı içməli su ilə təmin etməyə imkan yaradacaq.

Tikinti-quraşdırma işlərinin yay aylarında başa çatdırılması nəzərdə tutulur.

 

Səməd Hüseynoğlu,
“Xalq qəzeti”nin bölgə müxbiri

11 2019 14:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə