Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

VII Muğam Televiziya Müsabiqəsi başa çatır

VII Muğam Televiziya Müsabiqəsi başa çatır

Üç ay müddətində həyəcan dolu anların yaşandığı VII Muğam Televiziya Müsabiqəsi başa çatmaq üzrədir.

İyunun 15-də Heydər Əliyev Mərkəzində keçiriləcək final gecəsi 7 gənc iddiaçının dolğun ifaları ilə yadda qalacaq.

Heydər Əliyev Fondunun dəstəyi, AzTV-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən müsabiqə əsl muğam marafonuna çevrilib.

VII Muğam Televiziya Müsabiqəsinin final gecəsində 7 xanəndə - İlahə Rüstəmova, Murad Rüstəmzadə, Xəyal Hüseynov, Rəvan Qaçayev, Vəliş Mirzəyev, Faiq Əkbərov və Zülfiyyə Cəbrayılzadə ifalarını təqdim edəcəklər.

Müsabiqənin münsiflər heyətinin tərkibinə Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir. Münsiflər heyəti layihənin yekununda məlahətli səsə sahib olan ən yaxşı gənc xanəndəni müəyyənləşdirəcək.

Üç ay müddətində bir-birindən istedadlı gənc xanəndələr dolğun, fərqli ifaları ilə tamaşaçıların yaddaşında qalıb. Layihə çərçivəsində hər zaman müqtədir sənətkarların yaradıcılığı yad olunub, onların lent yazıları təqdim edilib ki, gənclərimiz görkəmli xanəndələrimizin ifasından bəhrələnsin və daha mükəmməl ifalar təqdim etsinlər.

Qeyd edək ki, VII Muğam Televiziya Müsabiqəsinə 400 iştirakçı sənəd verib. Onlardan 20-si layihədə iştirak etmək hüququ qazanıb. İştirakçılardan iki nəfəri əslən iranlıdır. Müsabiqə hər həftənin 2-ci və 4-cü günlərində AzTV və “Mədəniyyət” kanallarında canlı olaraq yayımlanıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

11 2019 13:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə