Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli mədəniyyətimizin xilaskarı

Milli mədəniyyətimizin xilaskarı

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, ­mahnının, musiqinin ­oynadığı rolu heç bir vasitə oynaya bilməz.
 Heydər Əliyev
Ümummilli lider


AXC-Müsavat rejimi hakimiyyəti qanunsuz şəkildə zəbt etdikdən sonra vəziyyət ciddi şəkildə ağırlaşdı. Ölkə idarəolunmaz vəziyyətə düşdü. Məhz o illərdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daha da alovlandı və torpaqlarımız işğal altına düşdü. Ölkəmizdə xaos, total böhran hökm sürürdü, iqtisadiyyat iflic vəziyyətdə idi. Əlbəttə ki, Azərbaycan xalqı çıxış yolu axtarırdı. Onu da əlavə edək ki, AXC-Müsavat rejimi ölkədə vətəndaş müharibəsini başlamışdı. Xalqımız nicat yolunu Heydər Əliyevin simasında gördü, onu hakimiyyətə dəvət etdi və bir daha öz müdrikliyini göstərdi. 

 Beləliklə, Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qaydışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsasını qoydu. Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, dövlət müstəqilliyimiz xilas edildi.
Ulu öndərimizin rəhbərliyi altında Azərbaycan bütün sahələr üzrə dinamik inkişafa qədəm qoymaqla yanaşı, milli mədəniyyətimizin də yüksək zirvələr fəth etməsi üçün ölkədə möhkəm zəmin yaradıldı. 
Heydər Əliyev hakimiyyətə qayıdandan sonra mədəniyyətə dövlət qayğısı daha da gücləndi. Ən əsası bu idi ki, Mədəniyyət Nazirliyində ölkənin mədəniyyət siyasəti müəyyənləşdi, hətta mədəniyyət siyasəti şöbəsi də açıldı. 
Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı elə bir dövr idi ki, ölkədə mədəniyyətə diqqət tamamilə zəifləmiş, mədəniyyət abidələri baxımsız vəziyyətə düşmüş, mədəniyyət xadimlərinin bir qismi ölkəni tərk etmişdi. Mənəvi dəyərlərimiz diqqətdən kənarda qalmışdı. Teatrlarımız, kino nümayişi müəssisələrimiz tamamilə fəaliyyətsiz hala düşmüşdü. AXC–Müsavat cütlüyü milli mədəniyyətimizin inkişafına çox ciddi təhlükə yaratmışdı. Amma Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət tamamilə dəyişdi. Azərbaycan musiqisi, teatrı, rəssamlığı və digər incəsənət sahələri tədricən dirçəlməyə başladı. Biz bütün bunların şahidiyik. Musiqi sahəsində 24 bəstəkara və musiqişünasa Prezident təqaüdü verildi. Onların bir qismi müxtəlif ordenlərə, digər mükafatlara layiq görüldü.
Ümummilli liderimiz Azərbaycan xalqının milli mədəniyyətinə, tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşmış, millətin qan yaddaşına hopmuş tarixi şəxsiyyətlərimizin xatirəsinin yaşadılması üçün öz qayğısını əsirgəməmişdir.
Respublikaya rəhbərliyi dövründə ulu öndərimiz Heydər Əliyev musiqi, rəssamlıq, balet, teatr, kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər həyata keçirmişdir. Hələ SSRİ dövründə Azərbaycan professional musiqi sənətinin baniləri Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin, SSRİ Xalq artistləri, professional vokal sənətimizin banisi Bülbülün, Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, Xalq şairi Səməd Vurğunun, Xalq yazıçısı Mirzə İbrahimovun yubileylərinin təkcə Bakıda deyil, Sovet İttifaqının digər şəhərlərində də təntənə ilə keçirilməsinə nail olmuşdur. Bununla yanaşı, dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun, böyük dramaturq Cəfər Cabbarlının, SSRİ Xalq artistləri Şövkət Məmmədovanın, Mirzağa Əliyevin və başqa istedadlı sənətkarlarımızın, eləcə də Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yer tutan ayrı-ayrı sənət məbədlərinin – Akademik Milli Dram Teatrının, Naxçıvan Dövlət Dram Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin yubileyləri respublikamızda təntənə ilə qeyd olunmuşdur
Ulu öndərin ədəbiyyata, incəsənətə hədsiz sevgisi ölkəmizdə bu sahələrin inkişafına böyük təkan vermişdi. Hələ sovetlər dövründə məhz bu böyük dövlət xadiminin səyi ilə nə qədər yazıçı, şair, bəstəkar, rəssam SSRİ-nin ən yüksək fəxri adlarına — SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülmüşlər. Qara Qarayev, ­Niyazi, Fikrət Əmirov, Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rəhimov, Süleyman Rüstəm və başqaları Sosialist Əməyi Qəhrəmanı fəxri adı ilə təltif olunmuşlar.
Heydər Əliyevin müvafiq fərmanlarına əsasən, Məhəmməd Füzulinin 500 illik yubileyinin İraq, İran, Türkiyə, Fransa və Rusiyada, dünya şöhrətli müğənnimiz Bülbülün 100 illik yubileyinin Moskva, Tiflis və Ankarada, unudulmaz bəstəkarımız Qara Qarayevin 80 illik yubileyinin Moskva və Parisdə, Rəşid Behbudovun 80 illik yubileyinin Moskvada, Azərbaycan xalqının milli eposu “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin Fransada yüksək səviyyədə qeyd olunması Azərbaycanı bir daha yenidən dünyaya tanıtmışdır.
Bu tədbirlərin hər birində ümummilli liderimiz Heydər Əliyevin şəxsən iştirak etməsi dövlət rəhbəri tərəfindən sənətə, sənətkara verilən yüksək qiymətin təzahürü idi.
Dünyanın ən müxtəlif meridianlarında Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilmişdir. Buna misal olaraq Avropanın və Asiyanın bir çox ölkələrini-- Rusiya, Moldova, Ukrayna, Özbəkistan, Gürcüstan və s. ölkələri göstərmək olar.
Xalqın iftixar mənbəyi olan mədəniyyətin çiçəklənməsi, zənginləşməsi və yeniləşməsi prosesi get-gedə daha böyük vüsət alırdı. Bu yüksəlişi gözəl diyarımızda yaşayan bütün vətənsevər insanlar duyur, görür, alqışlayır və dəstəkləyirdilər.
Ulu öndər maddi və mənəvi dəyərlərimizin əsl xilaskarı idi. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də Heydər Əliyev mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün nəinki mümkün olanları, hətta mümkün olmayanları da edirdi. Ulu öndər mədəniyyətimizin, mənəviyyatımızın zənginləşməsinə xidmət göstərən sənət adamlarını həmişə yüksək qiymətləndirmiş, hakimiyyətdə olduğu dövrdə onların yaradıcılığı üçün geniş imkanlar yaratmışdır.
 18 dekabr 2000-ci il tarixdə ulu öndərin sərəncamı ilə 2 avqust kino işçilərinin peşə bayramı günü elan edildi. Həmin ildən dövlət sifarişi ilə film istehsalı genişləndi. 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyasının yaradılması və İncəsənət Kollecinin də onun tərkibində fəaliyyət göstərməsi yeni rəssam nəslinin yetişdirilməsində əhəmiyyətli hadisə oldu.
Xarici ölkələrlə mədəni əlaqələrimiz getdikcə genişləndi. Azərbaycan filmləri beynəlxalq festivallarda göstərildi, rəssamlarımızın əsərləri dünyanın məşhur sərgi salonlarında nümayiş etdirildi.
Artıq mədəniyyət və incəsənət xadimlərində daxili bir inam yarandı və ölkəmizdə mədəniyyət sahəsində aparılan davamlı islahat onları daha ciddi yaradıcılıq axtarışlarına sövq edirdi.
Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycan mədəniyyəti dünya şöhrəti qazanmış, xalqımızı ləyaqətlə təmsil etmişdir. Ulu öndərin mədəniyyət sahəsindəki tarixi xidmətləri xalqımız tərəfindən heç zaman unudulmur.
Ulu öndərin mədəniyyət sahəsindəki islahatları bu böyük dövlət xadiminin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən inamla həyata keçirilir. Möhtərəm Prezidentimiz xalqın milli xüsusiyyətlərinin qorunub saxlanmasında ədəbiyyatın, mədəniyyətin böyük rolunu xüsusi vurğulayaraq demişdir: “Azərbaycan xalqının, bizim hamımızın xüsusiyyətlərini qoruyub saxlamaq üçün, əlbəttə ki, ədəbiyyatımız, mədəniyyətimizin böyük rolu olmuşdur. Xalqın iftixar mənbəyi olan mədəniyyətin çiçəklənməsi, yeniləşməsi prosesi get-gedə daha böyük vüsət alır”.
Prezident İlham Əliyev hakimiyyətə gəldiyi dövrdən teatr, kino, muzey və kitabxana işi, tarixi abidələrin qorunması və s. sahələrdə uzunmüddətli dövlət proqramları imzalamışdır. Təsadüfi deyil ki, bu sahədə Heydər Əliyev siyasətinə sadiq qalaraq mədəniyyətimizin sürətli inkişafının təmin olunması üçün cənab Prezidentimiz çox əhəmiyyətli tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Neçə-neçə mədəniyyət və incəsənət xadimi fəxri adlara layiq görülmüş, Prezident təqaüdü almışdır.
Möhtərəm Prezidentimizin dövründə teatrlarımız təmir olunmuş, Muğam Mərkəzi, Xalça Muzeyi tikilib istifadəyə verilmişdir.
Azərbaycan rəssamlıq sənəti də cənab Prezidentin diqqətindən kənarda qalmamışdır. Müasir İncəsənət Muzeyinin açılması ­Prezidentimizin rəssamlığa göstərdiyi qayğının bariz nümunəsidir.
Ümumiyyətlə, mədəniyyət sahəsində Heydər Əliyev ideyaları getdikcə reallaşır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, ­UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Mehriban Əliyevanın son illər Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqət xüsusi qeyd edilməlidir. Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir.
Müasir dünyada Azərbaycanın layiqli yer tutmasında, sivilizasiya marafonunda inamla addımlamasında böyük rolu olan ulu öndər, müstəqil Azərbaycanımızın memarı, təkrarolunmaz şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən köklü dəyişikliklərin, böyük yüksəlişin müəllifi olmuşdur.
“Qloballaşan dünyada Azərbaycan Respublikası və azərbaycanlılar özünün maddi-mənəvi və intellektual potensialına uyğun layiqli yer tutacaqlar”-- deyən möhtərəm Prezidentimiz xalqın inkişafı yolunda dönməz mübariz olduğunu daim sübut edir. Məhz Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də ürəkaçan nailiyyətlər qazanılmışdır.
Azərbaycanımıza sənəti yüksək qiymətləndirməyi bacaran İlham Əliyevin başçılıq etməsi, həm də mədəniyyətimizin uğuru, xoşbəxtliyidir. Azərbaycan mədəniyyəti bu günlər yeni islahatlar dövrünü yaşayır. Cənab Prezidentin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir qrup incəsənət xadimləri ilə görüşü bu islahatlara start vermişdir.
Azərbaycanın mədəniyyət getdikcə inkişaf etməkdədir və bu inkişafın mənbəyində Heydər Əliyevin ölməz ideyaları dayanır.
 

Xuraman QASIMOVA,
Xalq artisti, professor

 

 

 

10 2019 21:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Avqust 2019 | 18:02
Yanğın hadisəsi baş verib
20 Avqust 2019 | 18:01
Volqoqradda güclü istilər

Köhnə versiyamızdan xəbərləri izlə