Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ulu öndər Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətinin nəticəsi qüdrətli Azərbaycandır

Ulu öndər Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətinin nəticəsi qüdrətli Azərbaycandır

Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı çoxşaxəli siyasi fəaliyyətinin nəticəsi qüdrətli Azərbaycandır. Dahi şəxsiyyətin ölkə rəhbərliyinə tarixi qayıdışından sonra Azərbaycanda dövlət və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin saflaşdırılması, sağlamlaşdırılması prosesi başladı.

Bu fikirləri Əfqanıstan müharibəsi veteranı, Azərbaycan və Rusiya Jurnalistlər birliklərinin üzvü, ehtiyatda olan ədliyyə polkovniki Əfrahim Təhməzov AZƏRTAC-a açıqlamasında deyib.
Ə.Təhməzov bildirib ki, 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa edən Azərbaycanda bir-birini əvəz edən səriştəsiz rəhbərlərin şəxsi maraqlarını dövlət mənafeyindən üstün tutmaları 1993-cü ilin iyununda ölkədə xaosun yaranmasına, özbaşınalığın hökm sürməsinə, real vətəndaş qarşıdurmasına səbəb oldu. Bir sözlə, qurtuluş Azərbaycanda qaçılmaz zərurətə çevrilmişdi. Bu qurtuluşu isə yalnız ümummilli lider Heydər Əliyev kimi dahi şəxsiyyət həyata keçirə bilərdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, Azərbaycan müstəqilliyini itirmək təhlükəsi qarşısında qalacaqdı. Demək olar ki, müstəqil Azərbaycan öz nicatını görkəmli siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıdışında tapdı. Həmin müddətdən ötən zaman xalqın düzgün qərar qəbul etdiyini, saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin ən ağır və həlledici dövrdə onu qurtuluş yolu ilə aparmağa qadir olan yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğunu bir daha sübut etdi. Ulu öndərin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilaskarlıq missiyasının təmin olunmasına - Azərbaycanı öz xalqına qaytarmaq məramına xidmət etdi.
Müstəqilliyin əvvəllərində həmin qarışıq dövrdə ulu öndər Heydər Əliyevin yüksək idarəçilik məharəti, siyasi uzaqgörənlik və sarsılmaz qətiyyət nümayiş etdirdiyini xüsusi vurğulayan Ə.Təhməzov bildirib: “1993-cü il iyunun 4-də Gəncədə baş verən silahlı qarşıdurma ölkəni fəlakətə sürükləyirdi. Belə bir vəziyyətdə hakimiyyət çarəsiz vəziyyətdə nə edəcəyini bilmirdi. Bu həlledici məqamda xalqın çağırışına səs verən ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Dahi şəxsiyyət mövcud vəziyyəti yerində öyrənmək üçün həmin gün jurnalistlərin bir qrupu ilə Gəncəyə yola düşdü. Həmin dövrdə Azərbaycan Respublikası Prokurorluğunda məsul vəzifədə çalışsam da, mən də jurnalistlərlə birlikdə bu səfərin iştirakçısı oldum. Ulu öndərin vətəndaş müharibəsinin qarşısını almaq üçün Gəncədə əsl liderə xas fədakarlıq, uzaqgörənlik və qətiyyət nümayiş etdirməsinin bilavasitə şahidi oldum”.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində də dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlayıb. Əbədiyaşar liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, ordu quruculuğu, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı. Bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəs sazişi imzalandı. Bir sözlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi ilə yanaşı, işğal edilmiş torpaqlarımızı azad etməyə və Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə qadir güclü nizami ordu formalaşdırıldı.
“Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi geniş vüsət aldı. Bu prosesin əsası müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi oldu. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi şəxsən ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi liderin gərgin əməyi nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradıldı. Bu gün müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə çevrilib. Dünya miqyasındakı uğurlarımızın gündən-günə artması ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün necə mükəmməl və uzaqgörən siyasi kurs və dövlət idarəçiliyi prinsipləri formalaşdırdığını bir daha sübut edir”, - deyə Ə.Təhməzov vurğulayıb.

10 2019 21:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə