Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilərin məkrli niyyətlərinin qarşısı bundan sonra da alınacaq

Ermənilərin məkrli niyyətlərinin qarşısı bundan sonra da alınacaq

Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılmasını, işğalçının ən müxtəlif səviyyələrdə ifşasını, bədnam erməni lobbisinin ölkəmizə qarşı çirkin kampaniyasına “hücum diplomatiyası” ilə tutarlı cavab verilməsini hər bir azərbaycanlının ümdə vəzifəsi sayır. Son illər bu istiqamətdə ciddi tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Ölkəmizin xaricdəki diasporu, səfirlikləri ilə bərabər, ayrı-ayrı ictimai qurumların da bu prosesdə fəal iştirakı getdikcə intensiv xarakter alır. Şübhəsiz ki, belə bir məsələdə milli mənafeyə xidmət edən strateji əhəmiyyətli layihələri uğurla reallaşdıran, cəmiyyətin böyük rəğbət və dəstəyini qazanan Heydər Əliyev Fondunun da fəaliyyəti mühüm önəm daşıyır. Bu baxımdan fondun Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, ölkəmizin milli-mənəvi irsinin dünya miqyasında tanıdılması istiqamətindəki ardıcıl və sistemli fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. 

Qeydlərimə belə bir fikirlə başlamağım təsadüfi deyil. Dövlətimizin başçısı cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Bakıda müxtəlif səviyyəli tədbirlərdə, həmçinin xarici səfərlər çərçivəsində keçirdikləri görüşlərdə separatçı rejimin işğalı legitimləşdirmək, Fransa şəhərləri ilə qarşılıqlı əlaqələr qurmaq cəhdlərinin yolverilməzliyini dəfələrlə rəsmi Paris qarşısında qaldırıblar. Mehriban xanım Əliyeva bu ölkəyə sonuncu səfəri zamanı gerçəkləşdirdiyi rəsmi görüşlərdə də separatçı rejim tərəfindən belə halların Fransa–Azərbaycan münasibətlərinə xələl gətirdiyini diqqətə çatdırıb. 
Təbii ki, bütün bunlar nəticəsiz qalmır, həm Azərbaycan həqiqətlərinin dünya birliyinə obyektiv şəkildə çatdırılması istiqamətində reallaşdırılan tədbirlərin coğrafiyası genişlənir, həm də qlobal miqyasda erməni lobbisinin təsirləri xeyli dərəcədə neytrallaşır. Bu baxımdan, Fransa inzibati məhkəməsinin bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı iyunun 4-də ləğv etməsi və məhkəmənin 2018-ci il oktyabrın 22-də imzalanmış “sənəd”in qeyri-qanuni imzalandığı, heç bir hüquqi qüvvə daşımadığı, habelə Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərarı erməni separatçı rejiminin qanunsuz fəaliyyətinə verilən layiqli hüquqi qiymət kimi mühüm önəm daşıyır. 
Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdim. Kütləvi informasiya vasitələri tərəfindən bir müddət bundan əvvəl yayılan məlumatda bildirilirdi ki, erməni diasporunun nümayəndələri ilə görüşü zamanı Fransa Prezidenti Emmanuel Makron separatçı qurumun mənafeyinə xidmət edən xartiyaların imzalanmasını, həmçinin işğalçı rejimlə Fransa şəhərlərinin əlaqələrinin qurulmasını bu ölkənin dövlət maraqlarına, beynəlxalq öhdəliklərinə, eyni zamanda, hüquqazidd olduğunu bildirib.
Əlbəttə, Fransa Prezidentinin belə mövqe ifadə etməsi təsadüfi deyil. O, yaxşı bilir ki, Azərbaycan ərazilərinin hərbi işğal altında saxlanılması, yüz minlərlə insanın zorla qovulduqları evlərinə geri dönüşünün qarşısının alınması, işğaldakı ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətlərin həyata keçirilməsi bölgədə davamlı sülh və təhlükəsizliyə ciddi təhdid olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinin tanınmamasıdır. Belə bir şəraitdə isə bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanan “Dostluq haqqında xartiya” heç bir məntiqə sığmır. 
Fransa inzibati məhkəməsinin məlum qərarı, həm də ona görə diqqətçəkəndir ki, bu hadisə ilə presedentin əsası qoyulub. Başqa sözlə, bundan sonra ermənilər tərəfindən işğal altındakı Azərbaycan ərazilərinin müəyyən subyektləri ilə dostluq haqqında xartiya imzalanması nəinki Fransada, eləcə də digər ölkələrdə mümkün olmayacaq. Çünki Fransa inzibati məhkəməsinin qərarı bütövlükdə Avropa İttifaqı məkanında hüquqi presedent kimi qəbul ediləcək. Buna Avropa Məhkəməsi haqqında müqavilə və digər hüquqi-normativ aktlar da əsas verir.
Sonda onu da vurğulayım ki, son illər Azərbaycanla Fransa arasındakı münasibətlərdə yüksək nəticələr əldə edilib. Bunu Prezident İlham Əliyevin Fransaya səfəri zamanı keçirdiyi görüşlərdə səsləndirilən fikirlər, həmçinin Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədalətli mövqeyi də təsdiqləyir. Eyni zamanda, soydaşlarımızın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı problemin tezliklə öz haqlı həllini tapacağına, ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin bərqərar olacağına inam və ümidini artırır.

 

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı, yazıçı-dramaturq 

 

7 2019 23:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə