Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın diplomatik qələbəsi

Azərbaycanın diplomatik qələbəsi

“Fransanın Serji-Pontuaz İnzibati Məhkəməsinin bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal olunmuş Xocavənd rayonunun inzibati bölgələrindən biri arasında imzalanan 2018-ci il 22 oktyabr tarixli qeyri-qanuni xartiyanın ləğv olunmasına dair qərarı onu sübut etdi ki, işğalçılıq siyasətinin sonu iflasa məhkumdur. Eyni zamanda, Ermənistanın bu günədək yalanlar üzərində həyata keçirdiyi siyasətin etirazla qarşılanması artıq onun əsl simasının dünyaya bəlli olmasına dəlalət edir”.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva bu sözləri Fransa məhkəməsinin ermənilərin bütün ümidlərini puç edən qərarına münasibət bildirərkən dedi.
S.Fətəliyeva əlavə etdi ki, artıq bütün dünya, əksər beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını birmənalı şəkildə qəbul edir, beynəlxalq hüququn normalarına uyğun olaraq onu işğal altında saxladığı ərazilərdən ordusunu geri çəkməyə çağırır. Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi mötəbər beynəlxalq qurumların da qəbul etdikləri sənədlərdə də öz əksini tapıb: “BMT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri müvafiq qətnamələrdə, o cümlədən münaqişənin dinc yolla həlli üçün vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun irəli sürdüyü həll variantlarında Ermənistanın işğalçı dövlət kimi təqdim olunması bunun faktiki sübutudur”.
S.Fətəliyevanın fikrincə, ­Fransa məhkəməsinin ədalətli qərar qəbul etməsi Ermənistanın işğalçılıq siyasətinin artıq dünya birliyini də təngə gətirməsi ilə yanaşı, həm də dövlət başçısının uğurlu xarici siyasətindən, ölkəmizin haqlı mövqeyinin dəstəklənməsindən, eyni zamanda, Azərbaycanın simasında etibarlı tərəfdaşın itirilməməsi istəyindən irəli gəlir. Artıq Ermənistandan fərqli olaraq, bütün dünya Azərbaycan rəhbərliyinin ədalətli, milli maraqlara söykənən qətiyyətli siyasəti ilə razılaşır, sülhün bərqərar olması üçün atdığı addımları görür.
Artıq bu siyasət hər kəs tərəfindən qəbul edilir və dəstəklənir: “Ermənistanın işğalçılıq siyasəti, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindəki beynəlxalq hüququn norma və prinsiplərinə zidd hərəkətləri göstərir ki, bu ölkə mövcud status-kvonu saxlamaq üçün gah cəbhə bölgəsində təxribatlar törədir, gah danışıqlar masasından qaçır, gah da əsassız iddialar irəli sürür. Təbii ki, dünya birliyinin hələ də Ermənistanın bu hörmətsizliyinə seyrçi mövqe tutması ikili standartların nəticəsidir. ATƏT-in Minsk qrupunun həmsədri kimi, Fransanın həqiqəti görməsi və proseslərin gedişində ikili standartlardan kənar addımlar ­atması beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunun qəbul edilməsini tam şəkildə özündə əks etdirir”.
S.Fətəliyeva bu uğurun əldə olunmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlərin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı. Dedi ki, bu ilin martında Mehriban xanımın Fransa Respublikasına səfəri zamanı keçirdiyi görüşlər iki ölkə arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, Fransada erməni diasporunun dövlət siyasətinə təsir göstərmək cəhdlərinin və münasibətlərə kölgə salmaq istəklərinin üstündən xətt çəkdi, ölkəmizə qarşı aparılan təbliğatı neytrallaşdırdı: “Eləcə də Mehriban xanımın səfər çərçivəsində Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin prinsipial mövqeyini Fransa hakimiyyətinin yüksək dairələrinə çatdırması, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş Fransanın məsuliyyətini xatırlatması müstəsna rol oynadı.
Çox sevindirici haldır ki, Fransa da artıq əvvəlki illərdən fərqli olaraq ikili standartlar prinsipindən deyil, məhz üzərinə götürdüyü öhdəliklər prinsipi ilə hərəkət edərək, ədalətli mövqeyini ortaya qoydu. Proseslərin gedişi göstərir ki, artıq Azərbaycanın Ermənistan üzərində qazandığı diplomatik üstünlüyün miqyası daha da genişlənir. Azərbaycanın uğurla həyata keçirdiyi diplomatiya sayəsində Ermənistan özünün saxtakarlığının ifşasını, ölkəmiz isə qələbəsinin təntənəsini yaşayır”.

 

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

7 2019 23:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə