Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Maraqlı yarışlarla zəngin olan III Dünya Köçəri Oyunları

Qırğız Respublikasının İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçirilən və maraqlı idman mübarizəsi şəraitində davam edən III Dünya Köçəri Oyunlarında startlar bir-birini əvəz edir. Oyunların gedişini yarışların mətbuat mərkəzində qeydiyyata alınmış bir çox ölkədən 500-dən artıq jurnalist işıqlandırır.
Azərbaycan mətbuatının bir qrup nümayəndəsi – ölkəmizdən qonaq kimi dəvət olunan Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev və bu sətirlərin müəllifi də onların sırasındadır.
Çolpon-Ata şəhərindəki Bədən Tərbiyəsi – Sağlamlıq Kompleksinin, cıdır meydanının tribunalarına “Yevraziya” Mərkəzinə toplaşan idman həvəskarları cıdır yürüşləri, kəndirdartma, bir çox xalqların ənənəvi milli güləş yarışları və digər turnirlərdə yüksək nəticələr, medallar uğrunda gərgin mübarizənin şahidi olurlar.
Azərbaycan idmançıları da III Dünya Köçəri Oyunlarının mükafatları uğrunda mübarizəyə fəal başlamışlar. Yarışların ilk iki günündən sonra həmvətənlərimizin hesabında 8 medal – 3 gümüş və 5 bürünc mükafat var idi, ertəsi gün isə onlar medallarının sayını 13-ə çatdırdılar.
Yakutiyanın milli idman növü olan mas-reslinq yarışında Nərgiz İbrahimova (75 kq çəki dərəcəsi) və Rəsul Səfərov (60 kq) gümüş, Sultan Ağayev (80 kq) isə bürünc mükafatçılar olmuşlar.
Azərbaycan idmançıları ənənəvi İran güləşi turnirində də fərqlənmişlər. İyirmi beş ölkədən 48 nəfərin iştirak etdiyi bu yarışda iki atletimiz – Cəlal Süleymanov (70 kq-dək) və Roman Bəkirov (mütləq çəki dərəcəsi) fəxri kürsünün üçüncü pilləsinə yüksəlmişlər.
Dünya Köçəri Oyunlarında 594 medal – 174 qızıl, 173 gümüş və 247 bürünc mükafat oynanılır. Dünən gündüz saatlarında biz Qırğızıstanın “SportAKİpress” portalında medal qazanmış ölkələrin siyahısı ilə tanış olarkən cədvəldə 23 ölkənin adı var idi. Azərbaycan 13 medal – 5 gümüş və 8 bürünc mükafat qazanmışdır və medalların sayına görə Qırğız Respublikası (43), Qazaxıstan (32), Rusiya (24), Özbəkistan (19) və Türkmənistandan (18) sonra altıncı yeri tutur.
 

Həsən HƏSƏNOV, 
“Xalq qəzeti”
 Qırğız Respublikası, Çolpon-Ata şəhəri

 

5 Sentyabr 2018 21:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
5 Dekabr 2020 | 00:11
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə