Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Culture Guide” mədəniyyət bələdçisinin iyun sayı çapdan çıxıb

“Culture Guide” mədəniyyət bələdçisinin iyun sayı çapdan çıxıb

Ölkəmizə təşrif buyuran qonaqlara Azərbaycanın tarixi, mədəni irsi, zəngin incəsənəti, müasir mədəniyyəti, sənət ocaqlarının fəaliyyəti, eləcə də bölgələrimizin mədəni palitrası barədə dolğun məlumat vermək, onların ölkəmiz barədə təəssüratını yaddaqalan etmək təbliğat baxımından xüsusi önəm kəsb edir. Bu məqsədlə nəşr olunan "Culture Guide" kataloqunun iyun sayı çapdan çıxıb.

Nəşr "Baku Guide" MMC tərəfindən ingilis və rus dillərində hazırlanıb. Xatırladaq ki, "Baku Guide" markası altında daha öncə eyniadlı turistik jurnal-kataloq nəşr edilirdi. "Culture Guide" isə ingilisdilli və rusdilli oxuculara mədəniyyətimizin bələdçiliyini edir.

Nəşr Azərbaycan haqqında, ölkəmizin keçmişi, müasir inkişafı, mədəniyyətimizin tarixi mənzərəsi ilə bağlı təqdimat yazısı ilə açılır. Yazıda həmçinin Azərbaycanın müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın yarandığı ölkə olduğu, Orta əsrlərdən Nizami, Nəsimi, Füzuli kimi şair-mütəfəkkirləri ilə tanındığı vurğulanır, 2019-cu ilin ölkəmizdə "Nəsimi ili" elan olunduğu diqqətə çatdırılır.

Bu il ölkəmizin mədəni həyatında ən mötəbər beynəlxalq hadisə 30 iyun - 10 iyul tarixlərində Bakı şəhərində keçiriləcək UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası olacaq. Dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndənin qatılacağı tədbir, eləcə də Dünya İrs Komitəsinin fəaliyyəti haqqında nəşrdə ətraflı məlumat verilir..

Paytaxtın mədəniyyət ocaqları dünyanın hər yerindən ölkəmizə gələcək qonaqlara mədəni irs və incəsənətimizi layiqincə təqdim etmək üçün zəngin və maraqlı tədbirlər proqramı, repertuar hazırlayıblar.

"Culture Guide" ölkəmizin regionlarındakı mədəni irsə, incəsənət həyatına da xüsusi diqqət ayırır. Nəşrin növbəti buraxılışında Mədəniyyət Nazirliyi təşkilatçılığı ilə iki ay davam edən "Bölgələrdən bölgələrə" yaradıcılıq festivalının yekunları barədə söhbət açılır.

Nəfis tərtibatda hazırlanan mədəniyyət bələdçisinin üz qabığında ənənəvi olaraq görkəmli rəssamlarımızın məşhur əsərlərinin reproduksiyası verilir. Bu dəfə "Culture Guide"ın üz qabığında Xalq rəssamı Nadir Əbdürrəhmanovun "Sevimli naxışlar" tablosu əks olunub.

 

M.Mükərrəmoğlu,
“Xalq qəzeti”

7 2019 12:35 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə