Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ və Rusiya arasında gərginlik artır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskva və Vaşinqton arasında qarşıdurma güclənir. Məlumatı “İnterfaks” verib. 
Lavrov qeyd edib ki, Birləşmiş Ştatlar NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsini təkcə alyansın tərkibinə yeni-yeni üzvlərin qəbulu ilə təmin etməyib, həm də Rusiya sərhədlərində hərbi infrastruktur yerləşdirib. “ABŞ, Böyük Britaniya, Kanada, Almaniya və Fransa keçmiş Sovet İttifaqının birbaşa sərhədində yerləşən Baltikyanı və digər ölkələrin ərazisində özlərinin hərbi hissələrini, taktiki qrup taborlarını yerləşdirir”, - deyə nazir qeyd edib. 
Onun sözlərinə görə, ABŞ-ın Ukrayna istiqamətində atdığı addımlar hərbi qarşıdurma riskini artırır ki, bu da arzuolunan deyil. “Bu yaxınlarda yenə belə bir informasiya yayıldı ki, amerikalılar ora silah-sursat göndərir, bunlar heç də təkcə yüngül atıcı silahlar deyil. Orda ABŞ-dan, Kanadadan, digər Qərb ölkələrindən çoxsaylı təlimatçılar da fəaliyyətdədir. Bütün bu addımlar, əlbəttə, riskləri, o cümlədən, hərbi qarşıdurma riskini artırır. Bu isə Rusiya üçün tamamilə qəbuledilməzdir. Bu barədə amerikalı tərəfdaşlar dəfələrlə xəbərdar edilib”. 
Lavrovun fikrincə, ABŞ-ın Ukraynada güddüyü məqsəd Rusiyanın qonşuluğunda gərginlik ocağı yaratmaqdan başqa bir şey deyil. “Mən onlardan soruşmaq istəyirəm: Sizin Ukraynada – on min kilometr uzaqlıqda nə marağınız var? Mən bilmirəm, Birləşmiş Ştatlar Rusiya Federasiyasının sərhədində yeni uzunmüddətli təhlükəli qıcıqlandırıcı vəziyyət yaratmaqdan başqa Ukraynada nə axtara bilərlər”.
Qeyd edək ki, sentyabrın 2-də tanınmamış Donetsk “respublikası”nın kəşfiyyatı Donbasdakı hərbi əməliyyatlar zonasına ABŞ və Kanadadan çoxlu sayda yüksək rütbəli hərbçilərin göndərildiyi barədə məlumat yayıb. Onların Ukrayna Silahlı Qüvvələrinin hazırladığı hücum əməliyyatında iştirak edəcəyi gözlənilir. 
 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

5 2018 21:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə