Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avstriyada ilk “ağıllı küçə”nin açılışı olub

Avstriyada ilk “ağıllı küçə”nin açılışı olub

Son illər dünyada baş verən elmi-texniki inqilab bir sıra yeniliklərin həyatımıza sirayət etməsinə səbəb olmuşdur. Bu qəbildən olan yeniliklərə dair bir çox nümunələr göstərmək mümkündür. Dünyada gedən innovativ inkişafı izləyən hər bir kəs bu yeniliklərin xüsusən inkişaf etmiş ölkələrin aparıcı firmaları tərəfindən həyata keçirildiyinin şahidi olurlar. Bu tip yeniliklərdən biri də bu günlərdə Avstriyada qeydə alınıb. Bu barədə “Euronews” agentliyi məlumat yayıb.
Mənbə yazır ki, Avstriyanın Melk şəhərində müasir texnologiyalar əsasında ilk “ağıllı küçə” (“smart street”) yaradılıb. Bildirilir ki, bu küçə pilot layihə çərçivəsində salınıb. “Ağıllı küçə”nin digər küçələrdən fərqi ondan ibarətdir ki, burada müasir işıq dirəkləri və nəqliyyat üçün işıq siqnalları texnikasının idarə edilməsi quraşdırılıb. Bundan başqa, küçə elektrik mühərriki ilə işləyən avtomobillər (Elektromobil) və mobil qurğular (smartfonlar) üçün enerji yükləmə qovşağı, hüquq-mühafizə orqanlarının nəzarətində olan videonəzarət kameraları, bərpa olunan enerjidən istifadə mənbələri və digər yeniliklərlə təmin olunub.
Mütəxəssislər qeyd edirlər ki, “ağıllı küçə”də quraşdırılmış 8 ədəd elektrik dirəyinin ilkin mərhələdə altı əsas funksiya üzrə fəaliyyət göstərməsi nəzərdə tutulub. Avtomobil və piyadaların küçədə hərəkət etmədiyi gecə saatlarında dirəklərdə işıq zəifləməli, hərəkət edən obyektlər əraziyə daxil olduqda isə işıqlar daha effektiv şəkil almalı, yəni gurlaşmalıdır. 
Layihənin mütəxəssisləri onu da əlavə edirlər ki, bütün bu sadalananlar gələcəkdə bələdiyyələrə enerji sərfiyyatına qənaət etməyə kömək edəcək. Eyni zamanda, dirəklərdə quraşdırılmış videokameralar küçələrin təhlükəsizliyini təmin etməyə şərait yaradacaqdır. 
Qeyd edilir ki, “ağıllı küçə”də işıqforlar və elektrik dirəkləri elə quraşdırılıb ki, xüsusi akustik sistem vasitəsilə əraziyə yaxınlaşmaqda olan təcili yardım, polis və ya yanğınsöndürən maşınlarının hərəkətini dəyişərək müvafiq rejimə keçməyə imkan verir.
Dronlar, elektrik avtomobilləri və velosipedləri, həmçinin mobil cihazları enerji mənbəyi ilə təmin edilən dirəklərdə ənənəvi nəqliyyat lövhələrinin yerləşdirilməsi də nəzərdə tutulur. Bununla da ənənəvi lövhələrdən rəqəmsal lövhələrə keçidin axıcı şəkildə baş tutması təmin edilir.
Aşağı Avstriya federal əyalətinin qubernatoru Yohanna Mikl-Laytner açılış mərasimində bildirib ki, ən müasir texnologiyalardan istifadə edilməsi rəqəmsal çevrilişin baş verdiyi dünyamızda zamanın tələbidir və bu, gələcəkdə vətəndaşlara daha çox xidmətlər təklif etməyə şərait yaradacaqdır.
Melk şəhərində on şirkətin birgə həyata keçirdiyi layihənin 2021-ci ilədək 40-50 işıq dirəyini əhatə etməsi planlaşdırılır.
 

Mahmud QƏRİBOV, 
“Xalq qəzeti”

5 2018 21:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə