Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Belarus və Türkiyə ticarətdə milli valyutalara keçir

Belarusun Türkiyədəki səfiri Andrey Savinıx iki ölkə arasında qarşılıqlı ticarətdə türk lirəsi və Belarus rubluna keçmək istədiklərini bildirib. Bu barədə “Milliyyət” məlumat yayıb.
Səfir iki ölkənin aktiv iqtisadi əlaqələrə sahib olduğunu söyləyərək, həmçinin Ankara Ticarət Odası (ATO) ilə Belarus səfirliyinin birgə təşkil etdiyi İnvestisiya və Ticarət İmkanları Forumunun açılışından da danışıb.
Belaruslu diplomat bundan sonra Türkiyə və Belarus arasında aparılacaq ticarətdə milli valyutalara keçmək istədiyini qeyd etməklə yanaşı, bunun ticarət əlaqələrinə müsbət təsir edəcəyini də vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın Türkiyəyə iqtisadi hücumlarından sonra dollardan imtina edərək xarici ölkələrlə ticarətdə milli valyutalardan istifadə edilməsi Ankaranın prioritet siyasətinə çevrilib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun əvvəlində Çin, Rusiya və Ukrayna ilə ticarətini milli valyuta ilə həyata keçirmək üçün işlərə başladıqlarını açıqlamışdı. Prezident dollardan asılılığa son qoymaq üçün Avropanı da milli valyuta ilə ticarət aparmağa çağırmışdı.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti” 

5 2018 21:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə