Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zivə görüşündə çıxışı türk coğrafiyası üçün əhəmiyyətli oldu

Bu günlərdə Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində keçirilmiş  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  (TDƏŞ) VI Zirvə görüşü bir sıra əhəmiyyətli müzakirələr və fikirlərlə yadda qaldı.  Azərbaycan Prezidenti İlham Əliyevin türk dövlət rəhbərlərinə müraciət edərək “… indiki şəraitdə biz iqtisadi əməkdaşlığı dərinləşdirməliyik. Xüsusilə aramızdakı ticarət dövriyyəsinin artırılması üçün əlavə addımlar atılmalıdır və burada hesab edirəm ki, investisiya layihələri xüsusi rol oynayır. “ deməsi türk dövlətləri arasında iqtisadi əlaqələrin vacibliyini bir daha gündəmə gətirir. Bundan başqa, prezidentin keçən ilin oktyabr ayında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmiryolu barədə danışması və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələri bu strateji əhəmiyyətli yoldan istifadə etməyə çağırması görüşün əsas diqqətçəkən mövzularından oldu. Ümumilikdə Çingiz Aytmatov yurdunda baş tutmuş  Zirvə görüşünü yüksək dəyərləndirən  Atatürk Mərkəzinin şöbə müdiri, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun idarə heyətinin üzvü Əkbər Qoşalı fikirlərini qəzetimizlə bölüşüb.

---Çolpon-Ata şəhərində keçirilmiş sözügedən VI Zirvə görüşü  bir sıra vacib məqamlarla yadda qaldı. “Bu sammitdə, digər sammitlərdən fərqli olaraq, qardaş Özbəkistanın və Macarıstanın dövlət rəhbərləri də iştirak edirdilər. Bu da müzakirə edilən məsələlərin dairəsinin daha da genişlənməsi deməkdir. Azərbaycan Prezidentinin istər bu sammit çərçivəsində keçirdiyi görüşlərdə, çıxışlarında səsləndirdiyi fikirlər türk dövlət başçılarının bir araya gəlməsi üçün doğrudan da çox dəyərlidir. İndiyə qədər Azərbaycan Prezidenti bu istiqamətdə çoxlu sayda addım atıb, fikirlər səsləndirib. Ölkə başçımızın türk birliyi naminə atdığı addımlar bir daha bu sammit çərçivəsində də özünü göstərdi. Prezidentimizin bütün dost ölkələri Bakı-Tiflis-Qars dəmir yolu xəttindən istifadə etməyə çağırması da bunun göstəricilərindən biridir. Bu mesaj Azərbaycanın imkanlarından, xüsusilə də tranzit imkanlarından, geopolitik mövqeyinin yaratmış olduğu şanslardan  qardaş, dost ölkələrin də istifadə etməsi üçün bir şərait yaradır. Bu Azərbaycanın  imkanlarının qardaş ölkələrlə paylaşılması mənasını ifadə edir.  Dost, qardaş ölkələrin Bakı-Tiflis-Qars dəmir yolu xəttindən istifadə etməsi həm bizim, həm o ölkələr üçün əhəmiyyətlidir, həm də bütün Avrasiya üçün önəm kəsb edən bir hadisədir. Onlar daha az xərc çəkməklə, daha asan yolla bu marşrutdan istifadə edə biləcəklər. Məsələlərə ancaq mənəvi prizmadan baxmayıb, həm də iqtisadi baxımdan yanaşsaq, bunun iqtisadi cəhətdən həm də böyük strateji hadisə olduğunu görərik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün dost dövlətləri Bakı-Tiflis-Qars dəmir yolu xəttindən istifadə etməyə çağırması çox müsbət haldır.  Bakı-Tiflis-Qars dəmir yolu xətti ancaq üç dövləti birləşdirmir, o, Bakıdan Şərqə, Qarsdan  Qərbə doğru şaxələnmək, genişlənmək imkanı olan bir infrastruktur vasitəsidir. Bu xəttin imkanları ona qoşulacaq hər kəs üçün yeni şanslar, yeni imkanlar, əlavə üstünlüklər qazandıra bilər. Daşınan məhsulların qiymətinin çatdırılacaq ölkələrə nisbətən ucuz başa gəlməsi, sərnişindaşımada əldə ediləcək nailiyyətlər, insanların bir-birinin ölkəsindən keçərək daha yaxından tanış olması, turizmin inkişafı, infrastruktur layihələrinin birləşdirilməsi, gəliş-gedişlərin intensiv hal alması, tezləşdirilməsi hesab edirəm ki, bu dəmir yolu xəttinin önəmini, tarixiliyini, eyni zamanda da perspektivini ifadə etməkdədir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  (TDƏŞ) VI Zirvə görüşündə digər əhəmiyyətli məqam Prezident İlham Əliyevin ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunması, Ermənistanın hələ də işğalçılıq siyasətini davam etdirməsi ilə bağlı məsələlər oldu. Bir daha Qarabağ həqiqətləri, işğal altında olan torpaqlarımızda maddi-mədəni tarixi abidələrimizin, məscidlərimizin, qəbirlərin dağıdılması  türk dünyasına çatdırıldı.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

5 2018 17:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə