Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan tolerantlığının rəmzinə çevrilmiş ənənə

Azərbaycan tolerantlığının rəmzinə çevrilmiş ənənə

Azərbaycan həqiqətləri, İslam mədəniyyətinin həqiqətləri dünya ictimaiyyətinə təqdim edilir. Biz ­İslamı olduğu kimi, sülh, mərhəmət dini kimi dünyaya təqdim ­edirik və bu fəaliyyəti bundan sonra da davam etdirəcəyik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 may 2019-cu il


Ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə qurduğu demokratik, dünyəvi, sivil Azərbaycan Respublikasının beynəlxalıq aləmdəki reytinqi artdıqca, planetin müxtəlif ünvanlarından “Azərbaycan nümunəsinin öyrənilməsi barədə” xəbərlər gəlir. Doğrudur, bəzi ölkələr Azərbaycandan çox şey öyrənməlidirlər. Hələlik isə bizdən milli və dini tolerantlığı və multikulturalizmi öyrənənlər daha çoxdur. Ölkəmiz, sözün həqiqi mənasında, bu iki bəşəri dəyərin mərkəzinə çevrilib.

Mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri 
Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsində də bu məsələ dəfələrlə dilə gətirilib.Qafqaz Müsəlmanları İdarəsinin sədri vurğulayıb ki, biz hər il Heydər Əliyev şəxsiyyətinin dəyər və miqyasını, ucalıq və müdriklik zirvəsini bir daha kəşf edir, onun əziz xatirəsini böyük ehtiramla yad edirik. Ulu öndər bizə müstəqil dövlət, möhkəm din-dövlət münasibətləri, nadir multikultural mədəniyyət nümunəsini əmanət edib. 
Şeyxülislam Hacı Allahşükür Paşazadə xatırladıb ki, Azərbaycan tarixən dinlərarası tolerantlıq və multikulturalizm mühitinin təşəkkül tapmasına böyük önəm verib. Mədəniyyətlərarası əməkdaşlığa dair onillik tarixə malik “Bakı prosesi”nin müəllifi məhz dövlətimizin başçısı möhtərəm İlham Əliyevdir. Azərbaycanın Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyevanın ölkəmizdə və beynəlxalq aləmdə genişmiqyaslı fəaliyyəti, milli-mənəvi irsimizi yüksək səviyyədə təbliğ etməsi, ümumbəşəri dəyərlərə diqqəti və himayəsi Azərbaycanın bu istiqamətdə söz sahibinə çevrilməsinə xidmət edir, dünyaya təqdim olunan Azərbaycan modeli sivilizasiyalararası dialoq, dinlər və mədəniyyətlərarası əməkdaşlığın inkişafına öz töhfəsini verir.
Qeyd edilib ki, bilavasitə Prezident İlham Əliyevin xeyir-duası və təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin məramı nadir multikulturalizm modelinin yaradılmasına və inkişafına dair qlobal ideyaları təbliğ etməkdir: “Məhz bu məramla, İnşallah, bu ilin iyununda mərkəzimiz tərəfindən BMT-nin Cenevrə İnsan Haqları və Qlobal Dialoq Mərkəzinin, habelə Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAİCİİD) həmtəşkilatçılığı, Azərbaycanın Avstriyadakı səfirliyinin, Avstriya dövlətinin ali dəstəyi və iştirakı ilə Vyanada 10-dan artıq beynəlxalq təşkilatın, 40-a yaxın ölkənin 300-dək din və dövlət nümayəndəsinin, elm və ictimaiyyət xadiminin iştirak edəcəyi beynəlxalq konfrans keçiriləcəkdir”.
Hər il mübarək Ramazan ayında Şeyx həzrətlərinin iftar süfrəsindəki görüşü gözəl ənənə adlandıran Prezident İlham Əliyev əminliklə söyləyib ki, bu ənənə yaşayır və yaşayacaq. Bu bizim ölkəmizdəki dövlət-din münasibətlərinin bariz nümunəsidir. Prezident məxsusi olaraq xatırladıb ki, dövlət-din münasibətləri hər bir ölkə üçün xüsusi əhəmiyyətə malikdir və Azərbaycanda bu münasibətlər nümunəvi xarakter daşıyır.
Ulu öndər Heydər Əliyevin qurub möhkəmləndirdiyi Azərbaycan Respublikasında milli həmrəyliyin, vətəndaş həmrəyliyinin olduğunu söyləyən Prezident əlavə edib ki, Konstitusiyaya görə, din dövlətdən ayrı olsa da, əslində, din və dövlət bir-birinin yanındadır. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycanın uğurlu inkişafı dövlət-din münasibətlərinin uğurlu inkişafından böyük dərəcədə asılıdır.
Xüsusilə qeyd edilib ki, biz dərin milli-mənəvi təməl üzərində müasir dövlət qurmuşuq. İslami dəyərlər milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Biz öz dinimizə bağlıyıq. Biz dünyada İslam mədəniyyətini təbliğ edirik: “Müsəlman ölkələri ilə bizim ənənəvi dostluq-qardaşlıq əlaqələrimiz vardır. Bu, xarici siyasətimizdə prioritet istiqamətlərdən biridir. Azərbaycan bütün müsəlman ölkələri ilə sıx əlaqələr qura bilmişdir və beynəlxalq müstəvidə biz daim bir-birimizi dəstəkləyirik. Eyni zamanda, ikitərəfli formatda çox fəal əməkdaşlıq edirik. Bir neçə gün bundan əvvəl müsəlman ölkələrinin səfirləri ilə görüş əsnasında bu məsələlərlə bağlı fikir mübadiləsi apardıq”.
Dövlət başçımız bütün tribunalardan olduğu kimi, iftar süfrəsindəki nitqində də Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu olduğunu – Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa edilməsi zərurətini dilə gətirdi: “Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Biz bu həqiqətləri dünyaya çatdırırıq... Münaqişəyə dair çoxsaylı kitabların çap edilməsi, təqdimatların, konfransların keçirilməsi dünya ictimaiyyətinə münaqişə ilə bağlı həqiqətləri çatdırır”.
Prezident xatırlatdı ki, münaqişənin həlli üçün biz səylərimizi davam etdirəcəyik. Biz iqtisadi gücümüzü artırırıq, siyasi çəkimiz artır, hərbi baxımdan Azərbaycan bu gün güclü ölkələr sırasındadır: “Döyüş meydanında üstünlüyümüzü təmin etmişik. Vaxtilə işğal altına düşmüş torpaqların bir hissəsini azad etmişik. O torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. İşğaldan azad edilmiş torpaqlarda Şuşa məscidinin bənzəri olan məscid tikilmişdir, qəsəbə salınmışdır, oraya həyat qayıtmışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bu gün dirçələn və inkişaf edən Cocuq Mərcanlı kəndi Azərbaycan xalqının əyilməz ruhunu təcəssüm etdirir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Bir daha demək istəyirəm ki, bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

Prezident əminliklə vurğuladı ki, ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin olunacaq, ölkə qarşısında duran vəzifələr icra edilir və ediləcəkdir. Mövcud problemlərin həlli üçün çox aydın baxışlar, konkret proqramlar var və onlar icra edilir: “Bu gün Azərbaycan reallıqları belədir ki, ölkəmiz inamla, nikbinliklə irəliyə gedir, nikbinliklə yaşayır. Ölkə qarşısında duran bütün problemlərin həlli üçün bizdə həm güclü siyasi iradə, həm də cəmiyyət tərəfindən böyük dəstək var”.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr öz çıxışında dedi ki, dini və milli ənənələrimizi yeniləmək və möhkəmləndirmək üçün Ramazan ayı günlərində bir yerə toplaşmaq əlamətdar ənənəyə çevrilib: “Bu görüş Azərbaycanda yaşayan xalqların öz tarixi və dini köklərinə bağlılığının parlaq təsdiqi, milli mentalitetin, dövlətlə din arasında konstruktiv qarşılıqlı münasibətlərin əyani təzahürüdür. Bu əlamətdar günlərdə bütün Azərbaycanda, bütün şəhərlərdə və kəndlərdə ailələrdə, dostların və tanışların əhatəsində belə iftar süfrələri açılır. Bizim iştirak etdiyimiz bu iftar süfrəsi də ölkədə sabitliyin, xalq-iqtidar birliyinin, dinlərarası dialoqun yüksək səviyyəsinin və multikulturalizmin Azərbaycan modelinin uğurunun parlaq təsdiqi, cəmiyyətin inkişafının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursunun dəyişməzliyinin sübutudur. Azərbaycanın bütün iqtisadi, siyasi, ictimai, elmi və mədəni həyatı bu məcrada inkişaf edir”. 
Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Melih Yevdayevin çıxışında da maraqlı məqamlar çox idi. Yevdayev xatırlatdı ki, müqəddəs Ramazan ayını üç hissəyə bölmək olar: “Əvvəli rəhmət, ikincisi bağışlanma, sonu isə cənnətə doğru. Orucun mənası isə ucalmaq, yüksəlmək deməkdir. Adəm övladı öz iradəsi ilə nəfsinə qalib gəlirsə, həm öz gözündə, həm də Allah-Təalanın gözündə ucalaraq yüksəlir”.
Dini icma rəhbəri bildirdi ki, bu yaxınlarda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illiyi Şəhidlər xiyabanında və sonra Beynəlxalq Muğam Mərkəzində yüksək səviyyədə keçirilib: “Bu tədbirin keçirilməsində, inanın Allaha, bütün respublika bizə kömək edirdi. Prezident Administrasiyası, Nazirlər Kabineti, şeyx həzrətləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və aidiyyəti nazirliklər -- Müdafiə, Mədəniyyət, Gənclər və İdman nazirlikləri, bütün icra hakimiyyətləri bizə dəstək oldular”.
Katolik kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete Azərbaycan Prezidentinə xitabən dedi ki, mən Azərbaycan katolikləri adından bu dövlətin başçısı kimi Sizə təşəkkürümü bildirmək istəyirəm: “Burada və digər yerlərdə dəfələrlə səsləndiyi kimi, Siz bütün bəşəriyyətə çox böyük töhfə verən tolerantlıq və multikulturalizm proseslərinin qarantısınız. Sizin rəhbərliyinizlə həyata keçirilən bu siyasət həm ölkəmizdə uğurla inkişaf edir, həm də bütün dünyada müsbət əks-səda doğurur”.
Bizim üçün qürurverici idi ki, bütün çıxışlarda Azərbaycan həqiqətləri məhz olduğu kimi təqdim edilir, tolerantlığımız və multikultural dəyərlərimiz yüksək qiymətləndirilirdi. 

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

 

 

 

27 2019 10:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyun 2019 | 00:14
Qurtuluşun fəlsəfəsi

Köhnə versiyamızdan xəbərləri izlə