Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq Cümhuriyyəti dövründə Azərbaycan – ABŞ münasibətləri

Xalq Cümhuriyyəti dövründə Azərbaycan – ABŞ münasibətləri

Dünyanın fövqəl dövlətlərindən olan ABŞ ilə Azərbaycan arasındakı münasibətləri şərtləndirən əsas amillər ölkəmiz üçün ABŞ-ın hər bir müstəqil dövlətin beynəlxalq təhlükəsizliyinə və müstəqilliyinə təminat vermək, qarant durmaq, möhkəmlənməsinə ilkin iqtisadi və siyasi dəstək göstərmək, dövlətlərarası münasibətlər sisteminə inteqrasiya olunmaq imkanı ilə bağlıdır. ABŞ üçün isə bu, Azərbaycanın əlverişli geosiyasi ərazidə yerləşməsi, zəngin təbii ehtiyatlara, xüsusən neft və qaz yataqlarına malik olması və beynəlxalq prinsiplərə uyğun, sivil və müstəqil siyasət yürütməsi ilə əlaqədardır. Azərbaycan-ABŞ qarşılıqlı münasibətlərinin əsası XIX əsrin 70-80-ci illərindən qoyulmuşdur. Qeyd edək ki, o vaxta qədər Amerika dövlətinin Azərbaycan ­haqqında təsəvvürləri çox məhdud olmuşdur. 

XIX əsrin 90-cı illərindən başlayaraq dünya neft səltənətinin tacına çevrilən Bakı Rusiyanın bütün neft hasilatının 90 faizdən çoxunu verirdi. Dünya neft hasilatının isə yarıya qədərini, yəni ABŞ-dan da çox neft hasil edirdi.
Elə bu səbəbdən də XIX əsrin 70-80-ci illərindən başlayaraq ABŞ-ın iş adamları tərəfindən regionumuza böyük maraq göstərilmişdir. Xatırladaq ki, bu diqqət Birinci Dünya müharibəsi başa çatdıqdan sonra özünü daha açıq şəkildə büruzə vermişdir. 
Bakı neft sənayesinin yaranması və formalaşması dövründə ABŞ-ın iri kompaniya və şirkətləri tərəfindən Azərbaycan neftinə böyük maraq göstərilmişdir. Həmin vaxt, yəni XIX əsrin 70-80-ci illərində Rusiya bazarında neft məhsullarının satışı məşhur iş adamı Rokfellerin “Standart oyl” kompaniyasının tam nəzarəti altında idi. Tədricən Nobelin təzyiqi ilə Rusiya bazarından sıxışdırılıb çıxarılan Rokfeller bir qədər sonra öz nümayəndəsini Azərbaycana göndərərək, o zaman Bakıda güclü mövqe qazanan İngiltərə və digər Avropa dövlətlərinin şirkətləri ilə danışıqlar aparmış və müəyyən işlər görmüşlər. Lakin Avropa dövlətləri ilə ABŞ arasında mövcud olan ziddiyyət və o zamankı Amerikanın nisbətən zəif vəziyyəti amerikalılara Bakıda daimi möhkəmlənməyə imkan verməmişdir. Sonrakı illərdə də İngiltərənin Azərbaycandakı güclü mövqeyi və ingilis-Amerika ziddiyyətləri ABŞ-ın Azərbaycana fəal müdaxiləsinə və onunla normal iqtisadi-siyasi münasibətlər yaratmasına mane olmuşdur. 
Birinci Dünya müharibəsinin sonunda ABŞ-ın beynəlxalq əlaqələr sahəsində siyasi-diplomatik fəallığı artmağa başladı. Buna başlıca səbəb müharibə və inqilab nəticəsində Rusiya imperiyasının dağılması idi. Oktyabr çevrilişi və ondan sonra baş verən siyasi proseslər ABŞ-ın Qafqaza olan siyasi və iqtisadi maraqlarını daha da artırdı. Hələ müharibənin gedişində, 1918-ci ilin yanvarında prezident Vudro Vilsonun on dörd sülh prinsipinin elan edilməsini Azərbaycanın nüfuzlu ziyalıları da rəğbətlə qarşılamışdılar. 
Onlar bu prinsiplərdə Azərbaycan dövlətinin taleyini görürdülər və prezident Vilsona kiçik xalqların dostu kimi ümid bəsləyirdilər. Çünki Azərbaycanın qabaqcıl ziyalıları müharibə nəticəsində “dünyanın siyasi xəritəsinin hərbdə dəyişəcəyini” başa düşmüşdülər. Oktyabrın 30-da imzalanmış Mondros barışığına görə Bakı şəhəri müttəfiqlər tərəfindən işğal edilməli idi. Bu ağır vəziyyətdə milli hökumət yardım üçün ABŞ prezidenti V.Vilsona müraciət etdi.
Noyabrın 16-da isə fəaliyyəti bərpa olunmuş Milli Şura Azərbaycanın istiqlaliyyətini tanımaq xahişi ilə ABŞ-a müraciət etdi. Ənzəlidə aparılan danışıqlarda razılıq əldə edildi ki, Azərbaycan rəsmi tanınmasa da, İngiltərə, Fransa və ABŞ nümayəndələri Azərbaycan hökuməti ilə de-fakto əlaqə yaradacaqlar və Azərbaycan Paris sülh konfransına təyini müqəddərat prinsipi əsasında qoşulacaqdır. 
1918-ci ilin axırlarında Azərbaycanda demokratik seçki qanununun qəbul edilməsi, bütün Şərqdə ilk parlament üsul-idarəsinin yaradılması onu siyasi quruculuq baxımından inkişaf etmiş ölkələrin səviyyəsinə qaldırdı. Azərbaycanın nüfuzlu ziyalıları beynəlxalq münasibətlərin demokratikləşməsinə inanır və prezident V.Vilsonun verdiyi “Millətlər cəmiyyət layihəsi” ideyasına böyük ümid bəsləyirdilər.
Paris sülh konfransı açılana qədər Azərbaycanın ilk prezidenti Ə.M.Topçubaşov hazırladığı ölkəmizin siyasi həyatı, tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında materiallar olan memorandumu Amerikanın İstanbuldakı nümayəndəsinə təqdim etdi.
Amerika hərbi dairələrinə və şəxsən prezident V.Vilsona yaxın olan mister Braun İstanbulda Ə.Topçubaşovu və onun katibi Rəhim bəy Vəkilovu qəbul etdi. Ə.Topçubaşov özünü Azərbaycan dövlətinin nümayəndəsi kimi təqdim edərkən Braun dedi: “Ax, Azərbaycan! Deməli, siz ermənilərdənsiniz?”. Braunun bu sözləri ABŞ-dakı erməni təbliğatının uzun illər ərzində Qafqaz barədə yaratdığı saxta təsəvvürün əyani təzahürü idi. Danışıqlar zamanı Ə.Topçubaşov Azərbaycan Respublikası, onun sərhədləri, siyasi həyatı haqqında memorandumu mister Brauna təqdim edərək dedi ki, biz ümidvarıq ki, müstəqilliyimiz ABŞ tərəfindən tanınacaqdır. Çünki sizin ölkənizin prezidenti bütün kiçik xalqları xilas yoluna çıxaran prinsipləri elan etmişdir.
Daha sonra Ə.M.Topçubaşov 1919-cu il yanvarın 6-da ABŞ diplomatik nümayəndəsi Nassi ilə görüşdü. Danışıqlar zamanı Azərbaycan nümayəndəsi bildirdi ki, biz ABŞ-ın Azərbaycan Respublikasını tanıyacağına, prezident V.Vilsonun bizi müdafiə edəcəyinə böyük ümid bəsləyirik. Həmçinin o bildirdi ki, ABŞ Bakı neft kompaniyalarının işində və Azərbaycan ticarətində yaxından iştirak edə bilər. Nassi danışıqlardan razı qaldığını diqqətə çatdırdı və Azərbaycan Respublikasının memorandumunu Vaşinqtona göndərəcəyinə söz verdi.
Yanvarın 18-də isə Birinci Dünya müharibəsinin yekunlarına həsr edilmiş Paris sülh konfransı açıldı. Erməni təbliğatına uymuş Fransa siyasi dairələri Azərbaycan sülh heyətinin üzvlərini müxtəlif bəhanələrlə aprel ayının axırına qədər Parisə buraxmadılar. Bu müddətdə Ə.M.Topçubaşov ABŞ prezidenti V.Vilsona, İstanbuldakı Amerika ali komissarı Devis Qekə, sülh konfransı tərəfindən Qafqaza ezam edilmiş amerikalı polkovnik Burqes Mooreyə müraciət etdi. Nəticədə İstanbuldakı Amerika ali komissarı Devis Qek martın 27-də yazılı şəkildə bildirdi ki, Azərbaycan nümayəndə heyətinin Fransaya getməsi üçün viza verilməsinə heç bir maneə olmayacaq.
Beləliklə, mayın 2-də ABŞ prezidenti V.Vilsonun təşəbbüsü ilə yeni yaradılmış müstəqil Azərbaycan dövlətinin nümayəndə heyəti Versal sülh konfransına buraxıldı. Eyni zamanda, Azərbaycan Respublikasının nümayəndə heyətinin başçısı kimi Ə.M.Topçubaşovun tanınmasının zəruriliyi bildirildi. 
ABŞ prezidenti V.Vilsonun belə bir münasibəti ölkəmizin siyasi mövqelərinin möhkəmlənməsinə, digər tərəfdən, beynəlxalq aləmdə tanınmasına oduqca müsbət təsir göstərmişdir. Ona görə ki, ABŞ Birinci Dünya müharibəsinin gedişi zamanı xeyli qüvvətlənmiş, əvvəllər borcu olan dövlətdən müharibənin sonunda borc verən dövlətə çevrilərək, dünyaya mənəvi rəhbərlik etmək iddiasında idi. Buna görə də ABŞ Paris Sülh Konfransında həlledici səsə malik dövlətlərdən biri idi.
May ayının 28-də Ə.M.Topçubaşovu ABŞ nümayəndə heyətinin üzvü, amerikalı diplomat Q.Morqentau qəbul etdi. Görüşdə bir sıra iqtisadi və siyasi əhəmiyyət daşıyan məsələlər müzakirə olundu. Azərbaycanın zəngin təbii ehtiyatlarını və güclu sənaye potensialını nəzərə alaraq Q.Morqentau Amerika kapitalının Azərbaycana istiqamətləndirilməsinin və ölkəmizə maliyyə yardımı göstərilməsinin mümkünlüyünü bildirdi. 
Günün ikinci yarısında Azərbaycan nümayəndə heyətini prezident V.Vilson qəbul etdi. Görüş zamanı Ə.M.Topçubaşov Qafqaz Azərbaycan Respublikası nümayəndələrinin memorandumunu Amerika prezidentinə təqdim etdi. Memorandum qısa tarixi-siyasi səpkidə hazırlanmışdı. Orada Qafqazda və ölkəmizdə cərəyan edən siyasi proseslər təsvir olunduqdan sonra Azərbaycan nümayəndələrinin altı bənddən ibarət tələbləri də öz əksini tapmışdı.
Görüş zamanı V.Vilson Azərbaycan haqqında xeyli məlumat aldığına çox şad olduğunu bildirdi. Lakin Azərbaycanın müstəqilliyinin tanınması açıq saxlanıldı. Vilsonun Azərbaycana qarşı belə mövqeyi bir sıra amillərlə bağlı idi. Birincisi, bütün müəlliflər təsdiq edirlər ki, V.Vilson ermənipərəst bir siyasi xadim idi. Erməni missionerləri görünür ona Azərbaycan haqqında düzgün olmayan məlumatlar vermişdilər.
İkincisi, ümumiyyətlə, dövr ABŞ üçün əlverişli deyildi. Ona görə ki, Kolçak, Denikin, Yudeniç və digərlərinin fəallaşması real nəticəyə gəlməyə mane olurdu. Bütün bunlara baxmayaraq, V.Vilsonun Azərbaycan nümayəndələrini qəbul etməsi mühüm siyasi əhəmiyyət kəsb edən bir hadisə idi.
1919-cu ilin yayında Qafqaz mandatı məsələsi müzakirə olunduqdan sonra amerikalı polkovnik Vilyam Haskel ABŞ-ın Ermənistanda ali komissarı təyin olundu və avqust ayının 28-də Bakıya gəldi. Ərazi məsələləri ilə bağlı öz planını sentyabr ayının 1-də elan etdi. O, Qarabağı və Zəngəzuru Azərbaycanın ayrılmaz hissəsi sayırdı. Bununla belə təklif edirdi ki, Naxçıvan və Şərur-Dərələyəzdə neytral zona yaradılmalıdır. Həmin neytral zonanın isə Naxçıvan-Şərur-Dərələyəz general-qubernatorluğu formasında Amerika nümayəndəsi tərəfindən idarə olunacağı nəzərdə tutulurdu. Əlbəttə, bu planda Amerikanın öz niyyətləri var idi. Qafqaza istədikləri qədər ordu çıxarda bilməyən amerikalılar Naxçıvan general-qubernatorluğunu yaradıb, orada möhkəmlənmək istəyirdilər. Digər tərəfdən, Naxçıvan və Şərur-Dərələyəz strateji mövqeyi amerikalılar üçün çox sərfəli idi. Buradan nəinki Azərbaycan, Ermənistan, İran və Türkiyəyə, eləcə də bütün Yaxın və Orta Şərqə asanlıqla nüfuz etmək olardı. Azərbaycan xarici işlər naziri M.Cəfərov isə V.Haskelə bildirdi ki, Azərbaycan onun təklifləri və mənafeyi nəzərə alınmaqla bu ərazini yalnız Azərbaycanın ayrılmaz hissəsi kimi Amerika general-qubernatorluğu tərəfindən idarə edilməsinə razılıq verə bilər.
Məktubda polkovnik Haskeldən Azərbaycan xalqının prezident Vilson tərəfindən elan olunmuş xalqların hüquqlarına dair prinsipinə əsaslanılaraq Azərbaycan hökumətinin hüquqlarının da Vilyam Haskel tərəfindən sülh konfransı qarşısında müdafiə olunması arzu edilirdi. 
Amerikalı polkovnik Ceyms Rey ali komissarın Azərbaycan üzrə müvəkkili təyin edildikdən sonra neytral zona məsələsini müzakirə etmək üçün Bakıya gəldi. O, hökumətdən neytral zona yaratmaq üçün öz nümayəndəsini Naxçıvana göndərməyi xahiş etdi. Amerikalıların məqsədi isə yerli əhaliyə Azərbaycan hökumətinin neytral zona yaratmağın tərəfdarı olmasını göstərmək idi. Lakin hökumət bu təklifə öz etirazını bildirdi.
Buna baxmayaraq, C.Rey oktyabrın 25-də Naxçıvana gələrək Müsəlman Milli Şurasına neytral zona yaratmaq barədə Amerika ali komissarı Vilyam Haskelin bəyanatını elan etdi. O, iki bənddən ibarət Şərur və Naxçıvanda Amerika qubernatorluğu yaradılması, polkovnik Edmund L.Dellinin qubernator təyin edilməsi barədə sərəncam imzaladı. Lakin Naxçıvan Milli Şurasının və bütün Naxçıvan əhalisinin təkidilə C.Rey qərarını dəyişməli oldu. Polkovnik Delli Naxçıvanda yalnız Amerika ali komissarının nümayəndəsi kimi qaldı. 
Danışığa əsasən polkovnik Delli daxili işlərə qəti surətdə müdaxilə etməməyə, ermənilərlə azərbaycanlılar arasında sülh yaratmağa, qaçqınlara kömək etmək istiqamətində fəaliyyət göstərməyə razılıq verdi. Naxçıvanda olduğu müddətdə Ceyms Rey və digər Amerika nümayəndələri başa düşdülər ki, neytral zona üçün nəzərdə tutulan ərazini Azərbaycandan ayırmaq qeyri-mümkündür.
1919-cu ilin noyabrında amerikalıların Qafqaz missiyasının vasitəçiliyi ilə Tiflisdə Azərbaycan və Ermənistan arasında müvəqqəti saziş imzalandı. Tərəflər aralarında olan bütün münaqişəli məsələlərin dinc yolla danışıqlar vasitəsilə həlli barədə razılığa gəldilər. Lakin bu saziş tərəflər arasında ziddiyyətlər çox güclü olduğundan, amerikalılar Qafqazdan çıxdıqdan sonra ermənilər tərəfindən pozuldu. 
Nəhayət, 1920-ci il yanvarın 11-də Avropanın Müttəfiq və Birlik Ölkələri Ali Şurası Azərbaycan və Gürcüstan hökumətlərinin birlikdə müstəqilliyini de-fakto səviyyəsində tanıdılar. Amma ABŞ nümayəndələri bildirdilər ki, öz hökumətlərinin fikrini öyrənməlidirlər. Nəticədə Birləşmiş Ştatlar rəsmi surətdə bundan imtina etdi. 
ABŞ hökumətinin bu qərarı bir tərəfdən Qafqazda Böyük Britaniyanın nüfuzunun yüksəlməsindən ehtiyat etməsi, digər tərəfdən isə sülh konfransının yekun mərhələsində ABŞ-la onun Avropa müttəfiqləri arasında ciddi ixtilaflar yaranması ilə bağlı idi. Bununla yanaşı, Versal müqaviləsinin Amerika senatında tənqid olunmaması, Vilsonun geniş beynəlxalq əməkdaşlıq siyasətinin təkid edilməsi onun Qafqaz siyasətinə də öz təsirini göstərdi. İngiltərə və Fransanın yanvarın 13-də Azərbaycan və Gürcüstanın müstəqilliyini tanıması ABŞ tərəfindən Rusiyanın parçalanması kimi qəbul edildi. Yanvarın 19-da müttəfiqlər tərəfindən Ermənistanın tanınmasını isə Birləşmiş Ştatlar heç də Rusiyanın parçalanması kimi qəbul etmədi. Son nəticədə 1920-ci il aprel ayının 23-də ABŞ Ermənistan Respublikasını de-fakto tanıdı.
Amerika hökumətinin belə mövqeyinə baxmayaraq, ABŞ-ın müxtəlif işgüzar dairələrinin Azərbaycana marağı güclü idi. Amerikanın “Yaxın Şərqə yardım” komitəsi ilə Azərbaycan hökuməti arasında 1920-ci ilin yanvarında iqtisadi müqavilə imzalanmışdı. Müqavilənin şərtlərinə görə, Azərbaycan tərəfi “Yaxın Şərqə yardım” komitəsini kerosin və mazutla təmin etməli, Amerika tərəfi isə Azərbaycan hökumətinə ağ un verməli idi. Bakıdakı Amerika vitse-konsulu Randolf bir sıra iqtisadi sazişləri də Azərbaycan tərəfi ilə müzakirəyə çıxarmışdı. Azərbaycan hökuməti parlamenti 1920-ci ilin aprelində ABŞ-da diplomatik nümayəndəlik açmaq haqqında qərar qəbul etmişdi.
Versal Ali Şurasının London müşavirəsi və San-Remo konfransı ABŞ-ın Avropa siyasətinin ciddi böhran keçirdiyini nümayiş etdirdi. Dövlət katibi Kolbi bir neçə bəyanatla çıxış etsə də, bu, ABŞ-ın Qafqaz siyasətində elə bir ciddi dəyişiklik yaratmadı. 1919-cu ildən başlayaraq Transqafqaz respublikalarında ABŞ-ın möhkəmlənmək planı 1920-ci ilin yazında artıq öz əhəmiyyətini itirmişdi. 
San-Remo konfransında Azərbaycanın Sovet Rusiyası tərəfindən işğal edilməsi ABŞ-a bildirildi. Bu məlumat da Amerika siyasi dairələrində soyuqqanlılıqla qarşılandı. ABŞ-ın dövlət katibi bildirdi ki, onun hökuməti Rusiyanı bərpa olunmuş vahid formada görmək istəyir. İşğalla üzləşən Azərbaycan nümayəndələri tərəfindən Parisdə ABŞ səfirliyinə nota təqdim edildi. Notada Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasında sülh konfransına və Amerika xalqının azadlıqsevər demokratik ənənələrinə ümid bəslənildiyi bildirilirdi. Lakin Vaşinqtona göndərilmiş bu və ya digər notalara heç bir cavab verilmədi. Yeri gəlmişkən, İkinci Dünya müharibəsinin sonuna yaxın Cənubi Azərbaycanda başlanan milli-azadlıq mübarizəsinin növbəti mərhələsinə də müharibədən güclü çıxmış ABŞ dövləti böyük rəğbət bəsləmişdir. 1946-cı ilin yanvarında ABŞ konsulu Rossou Təbrizdə Cənubi Azərbaycan milli hökumətinin baş naziri S.C.Pişəvəri ilə görüşmüş və ABŞ hökumətinin ona hər cür yardım göstərəcəyini vəd etmişdir. Lakin ABŞ öz vədini yerinə yetirməmişdir. Cənubi Azərbaycan milli hökuməti İran və Rusiya tərəfindən öz beşiyindəcə məhv edilmişdir. 
Şimali Azərbaycana gəldikdə isə deyə bilərik ki, Azərbaycanın Sovet Rusiyası tərəfindən işğal olunmasından sonrakı dövrdə iki ölkə arasındakı əlaqələr kəsilmiş və SSRİ dağılana qədər heç bir rəsmi münasibət olmamışdır. ABŞ tərəfindən rəsmi tanınmaq üçün Azərbaycana 70 ildən artıq vaxt lazım gəldi. Bu dəfə ABŞ Azərbaycanın müstəqilliyini ilk dəfə tanıyanlar sırasında oldu. Beynəlxalq münasibətlərin inkişaf meyllərinə əsaslanan ABŞ bu addımı atmaqda olduqca maraqlı idi. Burada ABŞ-ın həm siyasi, həm də iqtisadi maraqlan olduğu açıq-aydın nəzərə çarpırdı. 

 

Habil HƏMİDOV,
AMEA Fəlsəfə İnstitutunun Müasir siyasətin fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru

 

27 2019 10:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Sentyabr 2019 | 17:40
Özbək muğamı Bakıda
14 Sentyabr 2019 | 17:34
Bakıda unikal sərgi açılacaq

Köhnə versiyamızdan xəbərləri izlə