Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UNESCO-nun Bakı sessiyasına hazırlıq

UNESCO-nun Bakı sessiyasına hazırlıq

UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası Bakı şəhərində keçiriləcək. Bununla əlaqədar Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təşkilat komitəsi yaradılıb. Mədəniyyət Nazirliyindən bildirilib ki, təşkilat komitəsinin sədri Azərbaycan Respublikasının mədəniyyət naziridir. Komitəyə nazirliklərin, dövlət komitələrinin, digər aidiyyəti qurumların rəhbər və məsul şəxsləri daxildir. Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri, təşkilat komitəsinin sədri Əbülfəs Qarayevin iştirakı ilə sessiyaya hazırlıqla əlaqədar növbəti iclas keçirilib. Toplantıda aidiyyəti nazirliklərin, dövlət komitələrinin, digər qurumların rəhbər və məsul şəxsləri iştirak ediblər.

Nazir çıxışında Dünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıqla əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib. Qeyd edib ki, ölkəmizin son illərdə sürətli inkişaf yoluna qədəm qoyması dünya birliyində yüksək qiymətləndirilir. Dünyanın ­nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi dövlətimizin nüfuzundan xəbər verir.
Nazir Azərbaycan – UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, Dünya İrs Komitəsinin 42-ci sessiyasında Azərbaycan bir il müddətinə komitənin sədri seçilib. Ölkəmiz üçün böyük əhəmiyyətə malik belə bir qərarın qəbul edilməsi UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir.
Təşkilat komitəsinin sədri vurğulayıb ki, UNESCO-nun bu əhəmiyyətli tədbirinin Bakıda keçirilməsi olduqca məsuliyyətli bir işdir. Komitənin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərdən hesab olunur: “Bütün dünyanı əhatə edən İrs Komitəsi üzvlərinin ölkəmizə səfəri təşkilat komitəsində təmsil olunan qurumların qarşısında böyük vəzifələr qoyur. Bakıya gələcək 3 min nəfərdən çox qonaq şəhərimizi gəzəcək, muzeyləri, qoruqları və tarixi abidələri seyr edəcək. Onlar ictimai fikri formalaşdıran və Vətənimiz, şəhərimiz, tarixi abidələrimiz, mədəni sərvətlərimiz haqqında düşüncələri son dərəcə vacib əhəmiyyət kəsb edir. Bu səbəbdən də bütün teatr və konsert müəssisələri, muzeylərimiz, qoruq və tarixi məkanlarımız öz işini müasir tələblərə uyğun quraraq, bu günlərdə daha məsuliyyətlə fəaliyyət göstərməlidirlər. Sessiyanın keçirildiyi günlərdə Bakıda tədbirin ruhuna uyğun konsert və tamaşalar təqdim olunmalı, ölkəmizin qüdrəti, tarixi-mədəni irsimiz təcəssüm etdirilməlidir”.
Qeyd olundu ki, otellər qonaqları qarşılamağa tam hazır olmalıdırlar. İçərişəhər və Qobustan qoruqları xüsusi iş rejimində çalışmalı, hər bir muzey və qoruq ingilis, rus və fransız dillərini bilən bələdçilərlə təmin edilməlidir. Həmçinin paytaxtın böyük ticarət obyektləri də işini uyğun şəkildə qurmalıdır. Bundan əlavə, şəhərdə abadlıq işlərinin həyata keçirilməsi tarixi binaların üzərinə lövhələrin vurulması təmin edilməlidir.
Vurğulandı ki, sessiyanın açılış mərasimi Qoşa qala qapısı önündə açıq havada reallaşacaq. Əsas iclaslar isə Bakı Konqres Mərkəzində keçiriləcək və tədbir UNESCO və BMT-nin saytı vasitəsilə birbaşa yayımlanacaq: “Sessiya çərçivəsində “Gənc peşəkarların forumu” və “Abidə menecerlərinin forumu” da təşkil olunacaq. Buna görə də paytaxtla yanaşı, regionlarda da sessiyaya hazırlıq işləri yekunlaşmalıdır. Bölgələrdə fəaliyyət göstərən muzey və qoruqlar, mədəni məkanlar qonaqlara yüksək səviyyədə xidmət göstərməlidir. Sessiya günlərində rəngarəng mədəni proqram və tədbirlər təşkil olunmalı, şəhərin ümumi mənzərəsi qonaqlarda xoş təəssürat yaratmalıdır”. 
Əbülfəs Qarayev sessiya günlərində xüsusi tamaşa və etnoqrafik filmlərin nümayişi ilə yanaşı, ölkəmizin təbliği məqsədilə nəşrlərin hazırlanması barədə də tapşırıqlarını verib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

27 2019 10:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə