Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əsas vəzifə işçilərin əmək və sosial hüquqlarının müdafiəsidir

Əsas vəzifə işçilərin əmək və sosial hüquqlarının müdafiəsidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 may 2007-ci il tarixli sərəncamı ilə hər il may ayının 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur. Nazirliyin kollektivi peşə bayramını yeni-yeni nailiyyətlərlə qarşılayaraq ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirir.

Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması, eyni zamanda, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi respublikada aparılan sosial-iqtisadi islahatların tərkib hissələrindən biridir. Ölkəmizdə uzun illər ərzində yaranmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsipinə əsaslanan milli və dövlət proqramları təsdiq edilmiş və icrasına başlanmışdır. Mövcud qoruq və yasaqlıqların ərazisi genişləndirilmiş, milli parklar yaradılmış, ətraf mühitin qorunmasının gücləndirilməsinə dair tədbirlər həyata keçirilməkdədir. Bu proqramların əsas məqsədi ətraf mühitin mühafizəsinə yönəldilmiş dövlət əhəmiyyətli investisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdir. Ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının uğurla reallaşdırılması, mövcud ekoloji problemlərin daha səmərəli həlli məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin prioritet məsələlər səviyyəsinə qaldırıldığını göstərir. 
Ötən ildən respublikamızda aparılan uğurlu kadr siyasəti, iş sahələrindən daha səmərəli istifadə edilməsi, iş əmsalının yüksəldilməsi, təkmilləşdirilməsi sahəsində aparılan islahatlar ekoloqların öz işlərinə bir daha ciddi yanaşmalarına təkan vermiş və ölkə Prezidentinin etimadının doğruldulması sahəsində mühüm addımlar atılmışdır. 
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətində xərclərin optimallaşdırılması və vəsaitlərin səmərəli idarəsinə yönəldilmiş işlərin icrasına dair tədbirlər planı”nın işlənməsi, həmçinin ayrı-ayrı departamentlərdə tabeli qurumların rəhbər heyətinə kadrların düzgün seçilib yerləşdirilməsi nəticəsində nazirlik sistemində islahatlar həyata keçirilmişdir. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 16 yanvar 2019-cu il tarixli fərmanına əsasən, nazirlikdə struktur yenilənir, daha təkmil və çevik fəaliyyət təmin olunur. 
Bütün bu proseslərin sürətləndirilməsində həmkarlar ittifaqı təşkilatlarının da üzərinə ciddi məsuliyyət düşür. İttifaq üzvlərimiz ölkə Prezidentinin fərmanından irəli gələn məsələlərin həyata keçirilməsində yaxından iştirak edirlər. Müəssisə və təşkilatların birləşdirilməsi və yaxud ləğv edilməsi prosesində həmkarlar ittifaqı işçilərin əmək hüquqlarının qorunması, onların yeni yaradılan strukturlarda işlə təmin olunması, ixtisasları üzrə yerləşdirilməsində Azərbaycan Respublikası qanunvericiliyinə ciddi əməl edir. 
Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi işçilərin əmək və sosial hüquqlarının müdafiə edilməsini özünün əsas vəzifəsi hesab edir. Həmkarlar ittifaqı təşkilatı nazirlik rəhbərliyi ilə sıx əlaqə quraraq kollektivdə əmək şəraitinin həlli mexanizmlərinin təkmilləşdirilməsinə, normal iş şəraitinin yaradılmasına, işçi və işəgötürənlər arasında yaranmış mübahisələrin həll edilməsində hüquqi yardımın təmin olunmasına, əmək mübahisələrinin həllinə, əməyin keyfiyyətinin yüksəldilməsinə səy göstərir. 
Bununla yanaşı, həmkarlar ittifaqı üzvlərimizin mədəni istirahətinin təşkili də diqqətdən kənarda qalmamışdır. Mədəni-kütləvi tədbirlərin keçirilməsi, Yeni il və Novruz bayramı şənliklərinin təşkili, digər bayramların yüksək səviyyədə qeyd olunması daim diqqət mərkəzində olmuşdur. İşçilərin sağlamlığının təmin olunması üçün sanatoriya, kurortlara yollayışlar verilir. Həmçinin işçilərin yay istirahətinin təşkili məqsədilə mütəmadi olaraq həftə sonları Quba və Xaçmaz rayonlarına qısamüddətli gəzintilər keçirilir. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının böyük bir hissəsini qadınlar və gənclər təşkil etdiyi üçün bu sahələr də daim diqqətimizdə olmuşdur. Müvafiq olaraq cari ildə Qadınlar və Gənclər Şurası yaradılmışdır. Bu da işin səmərəliliyinin artmasına, əmək fəallığının yüksəldilməsinə səbəb olmuşdur. Həyata keçirilən maarifləndirici tədbirlərdə birgə fəaliyyət göstəririk. 
Gənclərin bilik və təcrübələrinin artırılması məqsədi ilə hər il 20 nəfər gənc işçinin Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında tədris kurslarında iştirakı təmin edilir. Ekologiya sahəsində uzunmüddətli səmərəli fəaliyyət göstərən işçilərə qayğı ilə yanaşılır, yubiley yaşlarında təltif edilir və qiymətli hədiyyələr verilir. 
Həmkarlar ittifaqı təşkilatı olaraq, yalnız öz üzvlərimizə deyil, həmçinin müharibə veteranları və əlil vətəndaşlara da hər zaman maddi və mənəvi dəstək göstəririk. Xüsusi qeyd etmək istərdim ki, nazir Muxtar Babayev təşkilatımızın qəbul etdiyi qərar və təşəbbüslərə ciddi yanaşır. İşçilərin əmək hüquqlarının müdafiəsinə, sosial problemlərin həllində nazirliklə imzalanmış kollektiv sazişə, həmçinin idarə və müəssisə rəhbərləri ilə bağlanmış kollektiv müqavilələrin tələblərinə ciddi əməl edilir. İnamla deyə bilərəm ki, təbiətimizin mühafizəsi bu gün etibarlı əllərdədir. 

 

Telman Quliyev,
Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri

 

 

27 2019 10:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə