Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağsu: Gündəlikdəki məsələ müasirləşmə və inkişafdır

Ağsu: Gündəlikdəki məsələ müasirləşmə və inkişafdır

Bu il Ağsuda bir neçə tədbirdə iştirak etmişəm. Martın 19-da rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin Ağabəyli kəndində vətəndaşları qəbul etməsi də maraqlı tədbir idi, həmin ayın 22-də Gəğəli kəndində keçirilən IV Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalı da. Aprelin 7-də Bico kəndində Aprel şəhidi, gizir Toğrul Fərəczadənin məzarının və onun ev muzeyinin ziyarət edilməsi isə həm kövrək məqamlardan ibarət idi, həm də qürurverici anlar yaşamışdıq.

Ancaq aprelin 5-də şahidi olduğumuz tədbir bir jurnalist kimi diqqətimi daha çox cəlb etmişdi. Belə ki, həmin gün rayondakı aztəminatlı ailələr üçün meyvə bağları salınırdı. IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə təşəbbüsü ilə rayonda aztəminatlı ailələr üçün meyvə bağları salınması məqsədlə keçirilən tədbirdə RİH başçısı gənclər qarşısında çıxış edərək IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən bu aksiyanın sosial-iqtisadi əhəmiyyətindən danışmışdı. 
Ağacəkmə aksiyası zamanı rayonun Aratlı Curuğlu Bələdiyyəsi ərazisində ayrılan 2 hektar ərazidə 1000 ədəd nar ağacı əkildi. Salınan meyvə bağları aztəminatlı ailələr arasında bölünərək, təmənnasız olaraq onların istifadəsinə verildi. Aztəminatlı ailələr salınan nar bağlarına qulluq edib onlardan gəlir götürmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazandılar.
Xatırladaq ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayından başlanıb. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra bir sıra digər rayonlarda salınaraq, aztəminatlı ailələrin, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilib.
Layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma növlərindən olmaqla, ümumilikdə, 20808 meyvə ağacı əkilib və 63 aztəminatlı ailə meyvə bağı ilə təmin edilib. Ağsu rayonunda meyvə bağlarının salınması üzrə təşkil edilən aksiyaya 200 nəfərdən çox yerli gənc könüllü olaraq qoşulub.
Bu fakt nə üçün mənim diqqətimi daha çox cəlb eləmişdi? Çünki burada aztəminatlı ailələrə qayğının artırılması, əhalinin məşğulluğunun təşkil edilməsi, meyvəçiliyin inkişaf etdirilməsi, aqrar sektorda məhsuldarlığın artırılması, aran rayonlarında yaşıl ərazilərin çoxaldılması kimi bir neçə dövlət siyasətinin əlamətləri var idi. Son nəticədə isə dükan və bazarlarda alıcılara yerli məhsul təqdim edilməsinə töhfələr veriləcək. Gözəl ideya və uğurlu başlanğıcdır. Bu ideyanın mənim bölgə müxbiri kimi fəaliyyət göstərdiyim İsmayıllı və Ağsu rayonlarında da həyata keçirilməsi qəzetimizin daimi diqqət mərkəzində olacaq.
Ümumiyyətlə, bu gün Ağsu gözəl ideyaların, maraqlı təşəbbüs və təkliflərin həyata keçirilməsi nəticəsində sürətlə inkişaf edir və müasirləşir. Müasirləşmə demişkən, qeyd edək ki, bu gün kənd rayonlarında icra edilən ən müasir və ən səmərəli layihələrdən biri də məhz aqroparkların yaradılmasıdır ki, bu məsələ Ağsuda da diqqət mərkəzindədir. Rayon icra hakimiyyətində öyrəndim ki, Ərəbsarvan kəndində ümumi ərazisi 1250 hektardan cox olan Ağsu aqropark QSC-nin qurulması işləri davam etdirilir. 
Geniş miqyasda müasir, yüksək məhsuldar arpa, yonca kimi yem bitkiləri əkilib, ot örtüyü yaxşılaşdırılıb. Ümumi ölçüsü 500 hektar olan sahədə pivot suvarma sistemi qurulub. Aqroparkda 40-a yaxın vahiddə ən müasir maşın, traktor, kombayn və 100-dən çox avadanlıqdan ibarət nəqliyyat-texnika parkı qurulub. Maşınların hər biri güclərinə müvafiq qoşqu və aqreqatlarla təmin edilib.
Heyvandarlığın inkişaf etdirilməsi istiqamətində 1000 baş cins tərkibli südlük inək saxlanılması üçün 6 ədəd, kökəltmə istiqamətində isə 1000 baş qara malın yetişdirilməsi üçün müasir, yarı açıq tipli 4 ədəd tövlə tikilir. İl ərzində 4 milyon litr süd, 600 ton ət istehsalı nəzərdə tutulur. Bunun rayon iqtisadiyyatına nə qədər səmərə verəcəyini deməyə ehtiyac yoxdur.
Bundan əlavə, parkın ərazisində 6 ədəd hər biri 1500 tonluq və 10 ədəd hər biri 150 tonluq silos quyuları tikilir. İstehsal gücü saatda 10 ton olan, yem zavodu və istehsal gücü saatda 5 ton olan toxum fabriki qurulmaqdadır. Hazırda aqroparkda tikinti -- quraşdırma işləri sürətlə davam etdirilir. Ağsu aqropark QSC istifadəyə verildikdən sonra 200 nəfərdən çox insanın işlə təmin olunması nəzərdə tutulur.
Yeri gəlmişkən, bizə verilən faktlardan biri də ondan ibarət idi ki, 2019-cu ilin 1-ci rübündə Ağsu rayon Məşğulluq Mərkəzində 1092 nəfər işaxtaran kimi qeydiyyata alınıb və 429 nəfər vətəndaş işə göndəriş alaraq işlə təmin olunub. Özünüməşğulluğun artırılması bu sahədə işsizliyin aradan qaldırılmasında öz müsbət təsirini göstərəcəkdir. Bu məqsədlə “Öz biznesinə başla və təkmilləşdir” proqramı uğurla davam etdirilir. 2018-ci ildə təlimi başa vurmuş vətəndaşlardan 63 nəfərin biznes layihəsi müsbət qiymətləndirilib, onlardan 11 nəfər vətəndaş yaxın zamanda aktivlərlə təmin olunacaqdır. Ümumiyyətlə, son aylar ərzində rayonda aparılan abadlıq-quruculuq işlərində və digər mövsümi işlərdə 180 nəfər işlə təmin olunub.
Bu zaman bir məsələnin də xüsusilə qeyd edilməsinə ehtiyac vardır. Martın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Ağsu rayonuna səfəri zamanı zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş 2 evin yenidən tikilməsi ilə bağlı görülən işlərlə tanış olub və tikintinin tez bir vaxtda başa çatdırılması üçün müvafiq göstəriş və tapşırıqlarını verib. Daha sonra Prezident şəhərin mərkəzində çoxsaylı rayon sakinləri ilə görüşüb onların birbaşa müraciətlərini dinləmiş və verilən təkliflərin tezliklə həll olunacağına kömək göstərəcəyini bildirmişdi. Səfərdən dərhal sonra rayonda zəlzələnin nəticələrinin aradan qaldırılması işləri daha da geniş vüsət alıb. Hazırda rayon üzrə 109 evin tikintisi davam edir. Şəhər sakinləri Həcər Zamanovaya və Gülarə Hökmürəvana məxsus evlərin tikintisində tamamlama işləri aparılır. 
Xatırladaq ki, dövlət başçısının 7 mart 2019-cu il tarixli sərəncamı ilə Ağsu rayonunda yaşayış evlərinin təmiri ilə bağlı 2 milyon manat ayrılıb. Rayon üzrə təmirə ehtiyacı olan 1550 evin qüsur aktları tərtib edilməsi ilə bağlı FHN-nin Azkomlayihə və Azərbaycan İnşaat və Memarlıq Elmi Tədqiqat İnstitutu ilə müqavilə bağlanılıb. Bundan başqa, zəlzələdən ziyan çəkmiş evlərin tikintisi və təmiri işlərinə Heydər Əliyev Fondu tərəfindən də başlanılıb. Hazırda fond tərəfindən rayonda 25 evin tikintisi, 1 evin dam örtüyünün dəyişdirilməsi və təmiri işləri davam edir. 
Rayon icra hakimiyyətində öyrəndim ki, hələ görüləsi işlər də çoxdur. Belə ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafını təmin edən 4-cü Dövlət Proqramının ilk ilinə uğurla start verilib. 2019-cu ilin yanvar ayında qəbul edilmiş 2019-2023-cü illəri əhatə edəcək 4-cü dövlət proqramında Ağsu rayonunda da bir çox layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Məsələn, sənayenin inkişafı istiqamətində limonad və şərab istehsalı sahəsinin yaradılması, kənd təsərrüfatı məhsulları istehsalı və emalı sahəsində müasir heyvandarlıq təsərrüfatlarının, yem və toxum istehsalı kompleksinin, 1500 hektar sahədə əkinçilik təsərrüfatının yaradılması, yaş baramanın qurudulması üçün yığım məntəqələrinin inşası, yerli əhəmiyyətli avtomobil yollarının tikintisi, yenidən qurulması və əsaslı təmiri istiqamətində Ağsu--Ağarx--Rəhimli--Qaradağ avtomobil yolunun yenidən qurulması, rayonun Təklə, Bəyimli, Ağarx, Aratlı Curuğlu, Qaraqoyunlu, Musabəyli, Pirhəsənli kəndlərində subartezian quyularının qazılması, Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən işsiz, xüsusilə əmək qabiliyyətli ünvanlı sosial yardım alan, habelə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin özünüməşğulluq proqramına cəlb olunması, təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi işlərinin davam etdirilməsi, o cümlədən, Ərəbuşağı kənd, Ağsu şəhər 2,4 və 5 nömrəli tam orta məktəblərin əsaslı təmiri, İlxıçı kənd tam orta məktəbi üçün yeni binanın, Rəhimağalı, Xatman, Qasımbəyli kənd modul tipli ibtidai məktəblərin tikintisi və bir çox digər sosial - iqtisadi layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
Bundan əlavə, 2019-cu ildə Strateji Yol Xəritəsinə uyğun olaraq, Kalva kəndi ərazisində Bakı –Şamaxı --Yevlax magistral yolunun yaxınlığında avtoturistlərin qəbulu, yerləşdirilməsi və onlara müxtəlif xidmətlərin göstərilməsi məqsədilə 0,70 hektar ərazisi olan “Pitstop” obyektinin tikintisinə başlanılacaq.
Təbii ki, bütün bu işlərin yerinə yetirilməsi üçün ilk növbədə əhaliyə və rayon iqtisadiyyatına verilən elektrik enerjisinin dayanıqlılığı təmin edilməlidir. Bu məqsədlə rayonun elektrik təsərrüfatında yenidənqurma işləri davam etdirilir. Son aylar ərzində 4 ədəd yeni transformator gətirilərək quraşdırılıb və şəbəkənin balansında olan 8 ədəd transformator yarımstansiyasında cari təmir işləri aparılıb.
Son illər rayon əhalisinin, sahibkarlıq obyektlərinin idarə, müəssisə və təşkilatların təbii qaz təminatının bərpası və yenidən qurulması istiqamətində zəruri tədbirlər həyata keçirilib. 98 fərdi mənzillərə qaz açılışı təmin edilib. Qırlar, Quzey, Sanqalan, Zərqava, Yenikənd və Kövlüc kəndlərinə qaz çəkilib. Hazırda sayğaclaşma işləri aparılır.
...Bu gün Ağsuda hayana, hansı tərəfə baxsan inkişafın, müasirləşmənin, yenilənmənin şahidi olursan. Ancaq hər yerdəmi? Yox! Ağsuda elə məkanlar var ki, insan əli onu dəyişdirmək, yeniləşdirmək imkanlarına malik deyil. Ağsu dolayları da 30-40 il əvvəl gördüyümüz cah-cəlalındadır, Ağsu çayı da, Ağsu dağları da... Elə təbiət də həmişəki gözəlliyində, bahar libasındadır. Həmin libas o qədər gözəldir ki, onu ifadə etmək olmur, görmək lazımdır. 

İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri

 

27 2019 10:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə