Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyətin inkişafında yeni islahatlar dövrü

Mədəniyyətin inkişafında yeni islahatlar dövrü

Son illər ərzində mədəniyyət sahəsində böyük investisiya proqramları həyata keçirilib, paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, salonları, rəsm qalereyaları tikilib istifadəyə verilib, habelə mövcud obyektlərin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində bir sıra işlər görülüb.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Qloballaşan dünyada milli mədəniyyətlərin qorunub gələcək nəsillərə çatdırılması yolunda ciddi addımlar atılmaqdadır. İndi dünyanın ­inkişaf etmiş ölkələri də öz milli mədəniyyətlərinin inkişafı üçün ­qloballaşmanın verdiyi imkanlardan istifadə etməyə çalışırlar.

Azərbaycanda da bu istiqamətdə önəmli işlər görülməkdədir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın mədəniyyət siyasəti xalqımızın milli dəyərlərini qorumağa, təbliğ etməyə yönəldilmişdir. Möhtərəm ­Prezidentimiz İlham Əliyev hakimiyyətə gəldiyi vaxtdan, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əsaslı islahatlar aparmış, milli-mənəvi dəyərlərimizin inkişafını diqqət mərkəzində saxlamışdır.
Kino, teatr, musiqi, tətbiqi və təsviri sənət, arxitektura, tarixi abidələrin qorunması və bərpası ilə bağlı qəbul olunan dövlət proqramları və Prezidentin ölkədə mədəniyyət sahələrinin inkişafı ilə bağlı sərəncamları bir daha təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına həqiqətən böyük qayğı var. 
Ölkəmiz, mədəniyyət də daxil olmaqla, bütün sahələrdə yeni islahatlar dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu il martın 1 -də mədəniyyət xadimləri ilə görüşü də bu islahatların yeni konturlarını yaratmaq baxımından olduqca əhəmiyyətlidir. Bu, tarixi bir görüş idi. Görüşdə mədəniyyətimizin müxtəlif sahələrində çalışan sənət adamları – aktyorlar, rejissorlar, musiqi xadimləri, arxitektorlar, yaradıcılıq ittifaqlarının rəhbərləri iştirak edirdilər. Dövlət başçısı mədəniyyət və incəsənət xadimləri ilə səmimi görüşü və orada qaldırılan məsələlər bu sahənin inkişafına, yeni əsərlərin yaradılmasına, yaradıcı insanların ictimai həyatda, sənət aləmində fəallığının artmasına stimul yaratmışdır. Prezident İlham Əliyev həmin görüşdəki nitqində demişdir: “Mən Prezident kimi çalışırdım ki, həmişə bu sahəyə öz diqqətimi göstərim. Hesab edirəm ki, görülmüş işlər qiymətləndirilməlidir. Bizim əsas teatrlarımız – Milli Dram Teatrı, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Teatr əsaslı təmir olundu. Bölgələrdə teatrlar tikildi və əsaslı təmir edildi, yeni teatrlar yaradıldı. Muzeylərimiz, Bakı şəhərinin muzeyləri demək olar ki, tam şəkildə əsaslı təmir edildi – Tarix Muzeyi, Nizami adına Muzey, Muzey Mərkəzi. İncəsənət Muzeyinin iki binası və Xalça Muzeyi tikildi. Müasir İncəsənət Muzeyi fəaliyyətə başladı, digər muzeylər, mən indi hamısını xatırlaya bilmərəm. Hər bir şəhərdə tarix-diyarşünaslıq muzeyləri fəaliyyətə başladı”. Görüşdən dərhal sonra Prezident sərəncamı ilə dövlət sifarişi ilə çəkiləcək filmlərin istehsalı üçün Mədəniyyət Nazirliyinə 5 milyon manat vəsait ayrıldı. Eyni zamanda, yaradıcılıq ittifaqlar və birliklərin gələcək fəaliyyətinin təmin olunması üçün də vəsait ayrılmışdır. Bu yaxınlarda isə cənab Prezident mədəniyyət işçilərinin bir qrupuna Prezident təqaüdü və ­Prezident mükafatının verilməsi ilə bağlı sərəncamlar imzalamışdır. 
Bu gün Azərbaycan incəsənəti dünya miqyasında ölkəmizi daha geniş miqyasda tanıtmaqdadır. UNESCO və İSESCO kimi mötəbər beynəlxalq təşkilatlar artıq Azərbaycanı sivilizasiyalı bir ölkə kimi tanıyır. Bizim bir çox mədəniyyət abidələrimiz UNESCO-nun maddi və mənəvi irs siyahısına salınmışdır. Hər iki beynəlxalq təşkilatın xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse –prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanınmasında rolu çox böyükdür. Xüsusilə görkəmli sənət adamlarının – şairlərimizin, bəstəkarlarımızın, elm xadimlərimizin yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinə, incəsənətinə verilən yüksək qiymətin nümunəsidir. 
Bu yaxınlarda Müasir İncəsənət Mərkəzinin açılışı, İncəsənət Muzeyinin bərpa edilərək yenidən istifadəyə verilməsi, muzeyə əlavə korpusun tikilməsi əlamətdar hal kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyev və Birinci vitse-prezident ­Mehriban xanım Əliyeva İncəsənət Muzeyinin yeni korpusunun açılış mərasimində iştirak etmişlər. 
Muzeylərimizin bir çoxunda bu cür əsaslı təmir işləri aparılır. Elə Tarix Muzeyinin təmir edilərək yenidən istifadəyə verilməsi, görkəmli şəxsiyyətlərin ev muzeylərinin yenilənməsi də dediklərimizə misaldır. Bütün bunlar yenilik, müasirlik, güclü ənənəvi dəyərlər əsasında irəliyə atılan addımlardır.
Bir məsələni də qeyd etmək istərdim. Ulu öndərin fərmanı ilə 2000-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası yaradılmışdır. O vaxta kimi rəssam kadrların yetişdirilməsi üçün Azərbaycanda ali təhsil müəssisəsi yox idi. Rəssamlarımız əsasən Rusiyanın müxtəlif şəhərlərində ali təhsil alırdılar. Ona görə də müstəqil Azərbaycanın Rəssamlıq Akademiyasının açılması xalqımızın mədəni həyatında yeni hadisəyə çevrildi. Artıq 19 ildir ki, akademiyada yüksək ixtisaslı rəssam kadrlar yetişdirilir. Akademiyanın yeni tikilmiş korpusu müasir üslubda, onun prolfilinə uyğun tərzdə yenidən qurulmuşdur.
Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi. Bu günlərdə Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyası və “Auction Baku” MMC-nin təşkilatçılığı ilə “Hilton Baku” hotelində paytaxtımızda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi. Auksion ölkəmizdə mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətliliyini gücləndirmək məqsədilə təşkil olunmuşdur.
Dövlət başçımızın mədəniyyətimizə göstərdiyi qayğının bir nümunəsi də görkəmli sənət adamlarının yubileylərinin keçirilməsidir. Ötən il Xalq rəssamı Tahir Salahovun yubileyi ilə bağlı keçirilən tədbirlər buna misal ola bilər. Prezident Tahir Salahovla görüşdü və yubiley münasibətilə onu təbrik etdi. Eləcə də digər sənətçilərlə belə görüşlər çox olub.
Dövlət başçısı xalqımızın mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdır. Prezidentin digər sərəncamı ilə 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olunmuşdur. Artıq yubileylə bağlı tədbirlər nəinki ölkəmizdə, beynəlxalq miqyasda da geniş şəkildə qeyd olunur.
Prezident İlham Əliyev mədəniyyətin bütün sahələrinə olduğu kimi rəssamlığa da böyük önəm verir. Rəssamlar İttifaqının yubileyi münasibətilə möhtərəm Prezidentimiz rəssamların bir qrupu ilə görüşdü, onlarla səmimi söhbət etdi. Möhtərəm dövlət başçımız sərgilərdə iştirak etmiş, rəssamlarımıza fəxri adlar, Prezident təqaüdləri verilməsi ilə bağlı sərəncamlar imzalamışdır. 
Rəssamlarımızdan çoxunun yaradıcılıq emalatxanası vardır. Onların əsərlərinin tez-tez sərgiləri təşkil olunur. Əlbəttə, bütün bu işlərin təşkilində Mədəniyyət Nazirliyinin də mühüm xidmətləri var. Mədəniyyət naziri Əbülfəs Qarayev belə tədbirlərdə vaxtaşırı iştirak edir, rəssamlarımızın sosial vəziyyəti ilə mütəmadi maraqlanır. Bütün bunlar ölkəmizdə rəssamlıq sənətinin inkişaf etməsinə güclü stimul verir. İndi Azərbaycan rəssamlarının əsərləri xarici ölkələrin böyük muzeylərinin eksponatına çevrilmiş, müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilir.
Azərbaycan möhtərəm Prezidentimizin siyasəti nəticəsində ildən-ilə daha qüdrətli dövlətə çevrilir. Bu inkişafda mədəniyyət xadimlərinin də rolu və yeri vardır. Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır – alimlərimiz, rəssamlarımız, şairlərimiz, yazıçılarımız, bəstəkarlarımızdır. Azərbaycanı bu insanlar tanıdırlar. Bu insanlar cəmiyyətin aparıcı təbəqələridir, cəmiyyətin elitasıdır”.

Elçin ORUCOV, 
Əməkdar mədəniyyət işçisi, rəssam

 

 

27 2019 10:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Avqust 2019 | 18:02
Yanğın hadisəsi baş verib
20 Avqust 2019 | 18:01
Volqoqradda güclü istilər

Köhnə versiyamızdan xəbərləri izlə