Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tanınmış rəssam Vədud Müəzzinin Bakıda növbəti fərdi sərgisi açıldı

Tanınmış rəssam Vədud Müəzzinin Bakıda növbəti fərdi sərgisi açıldı

Muzey Mərkəzinin sərgi qalereyasında tanınmış rəssam və heykəltəraş, musiqiçi Vədud Müəzzinin fərdi sərgisinin açılışı keçirilmişdir.

Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin dəstəyi ilə gerçəkləşmişdir.

Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək diqqətə çatdırdı ki, rəssamın ölkəmizdə ilk sərgisi 2002-ci ildə Prezident Heydər Əliyevin göstərişi və iştirakı ilə təşkil edilib. Daha sonra fırça ustasının 2013 və 2018-ci illərdə də  Bakıda sərgiləri keçirilib: “Budəfəki sərgidə Vədud Müəzzinin realist üslubda yaratdığı 30 yağlı boya və 120 akvarel əsəri nümayiş olunur. Bu nümunələr içərisində qədim Bakı mövzusu və Azərbaycanın gözəl təbiətini tərənnüm edən əsərlər yer alır. İnanıram ki, bu sərgi paytaxtımızın mədəni həyatında hadisəyə çevriləcək. Çünki bu əsərlər böyük zövq və yüksək ustalıqla ərsəyə gəlib”.

Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov Vədud Müəzzini təbrik edərək bildirdi ki, sərginin açılışı əsl sənət bayramıdır. Çünki burada həm rəssamlar, həm də musiqiçilər bir araya gəlib: “Vəduz təkcə rəssam deyil, həm də gözəl müğənnidir. Leonardo da Vinci deyir ki, rəngkarlıq poeziyadır - sən onu görürsən, poeziya isə musiqidir - sən onu eşidirsən”. Bu gün biz musiqi ruhlu əsərlərin yer aldığı sərgi ilə tanış olmaq imkanı qazanacağıq”.

Sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev rəssamın özünəməxsus üslubundan söz açdı. Bildirdi ki, sərgidə qrafika əsərləri üstünlük təşkil edir: Vədud Müəzzin miniatür rəssamlığın geniş yayıldığı Ərdəbildə dünyaya gəlib və modernist ruhlu Türkiyədə təhsil alıb. Amma o nə miniatürə, nə də modernizmə meyil etdi. Realizmə üstünlük verən rəssamın əsərləri həmişə böyük maraqla qarşılanır”.

Sonra rəssam-xanəndə üçün xalq mahnıları və muğamlardan ibarət qısa ifasını təqdim etdi.

Daha sonra qonaqlar sərgilə yaxından tanış oldular.

Qeyd edək ki, Vədud Müəzzin 1960-cı ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan olub. Rəssamlıq təhsilini Tehran İncəsənət Universitetinin Dekorativ incəsənət fakültəsində alıb. Daha sonra Türkiyənin Memar Sinan Universitetində təhsilini davam etdirib. Rəssam İranın bir çox şəhərləri ilə yanaşı, bir sıra Avropa ölkələrində, ABŞ və Kanadada fərdi sərgisi təşkil olunub, qrup sərgilərdə iştirak edib. İranda onun rəsm əsərlərindən ibarət dördcildlik albom-kataloq nəşr olunub. O, həmçinin rəssamlıq və musiqinin sirlərini tələbələrinə öyrədir.

 

M.Mükərrəmoğlu,
”Xalq qəzeti”

25 2019 12:35 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə