Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq artisti Tariel Qasımovun 80 illik yubileyi Ağstafada qeyd edilib

Xalq artisti Tariel Qasımovun 80 illik yubileyi Ağstafada qeyd edilib

Ağstafa rayon Heydər Əliyev Mərkəzində görkəmli teatr və kino aktyoru, Respublikanın xalq artisti, fərdi Prezident təqaüdçüsü, III dərəcəli Əmək ordenli Tariel Qasımovun 80 illik yubileyi qeyd olunub. Bu barədə Ağstafa Regional Mədəniyyət İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib.

Rayon İcra Hakimiyyəti və Ağstafa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilmiş yubiley tədbirində rayon ziyalıları, mədəniyyət işçiləri, o cümlədən paytaxtdan gəlmiş Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları iştirak ediblər. Yubiley tədbirindən əvvəl Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış ümummili lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.

Yubiley proqramı Tariel Qasımovun həyat və fəaliyəti haqqında qısametrajlı filmin nümayişi ilə başlayıb. Tədbirdə Ağstafa Rayon İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, Qazax Dövlət Dram Teatrının direktoru Saqif İsgəndərov, H.Arif adına ədəbi birliyin rəhbəri şair Saqif Qaratorpaq çıxış edərək, Tariel Qasımovun keçdiyi şərəfli və mənalı ömür yolundan söz açmışlar.

Tədbirdə həmçinin, Ağstafa rayon Uşaq Musiqi Məktəbinin ansamblının və müxtəlif ifaçıların ifasında Tariel Qasımovun sevdiyi mahnılar səsləndirilib, Dövlət Gənc Tamaşaçılar Teatrı və Qazax Dövlət Dram Teatrı aktyorlarının ifasında müxtəlif səhnəciklər nümayiş olunub.

Həmçinin Tariel Qasımov tamaşaçıların müxtəlif suallarını cavablandırıb. Xalq artisti ona göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə təşəkkür edib. Tədbirin sonunda mədəniyyət işçiləri xalq artisti ilə xatirə şəkilləri çəkdirib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

25 2019 12:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə