Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidentinin inqilabi sosial islahatlar paketi

Ölkədə həyata keçirilən daxili siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır

Azərbaycan Prezidentinin inqilabi sosial islahatlar paketi

Azərbaycanda həyata keçirilən bütün layihələr, görülən işlər son nəticədə əhalinin sosial rifahının yüksəlməsinə, yaşayış şəraitinin yaxşılaşmasına xidmət edir. Prezident İlham Əliyevin siyasətinin əsasında da insanların həyat və güzəranının yüksəldilməsi dayanır. Dövlət başçısı “Neft kapitalını insan kapitalına çevirmək” kimi böyük bir ideya irəli sürüb və onu uğurla həyata keçirir. 

Bu illər ərzində bir-birinin ardınca regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları qəbul edilib. Üç belə proqram nəticəsində Azərbaycanın regionları tamamilə simasını dəyişib, yeni yollar çəkilib, yeni infrastruktur yaradılıb, bir çox önəmli məsələlər öz həllini tapıb, o cümlədən, sosial infrastruktur sahəsində. 3200-dən çox məktəb tikilib və təmir edilib. 640-dan çox tibb müəssisəsi tikilib və yenidən qurulub. Bakı şəhərində səhiyyə sahəsində çox böyük işlər görülüb, yeni xəstəxanalar, tibb müəssisələri yaradılıb.
İnfrastruktur layihələrinin icrası ilə bağlı böyük işlər görülüb. Bu gün qazlaşdırmanın səviyyəsinə görə Azərbaycan dünyada lider ölkələrdəndir, qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb. Ən ucqar dağ kəndlərinə də qaz xətləri çəkilib. Əhalinin elektrik və su ilə təchizatı kimi məsələlərdə də böyük işlər görülüb. 
Prezident İlham Əliyev təxminən son bir ildə həyata keçirilən sosial islahatlar paketi haqqında danışaraq bildirib ki, bu prosesə hazırlıq keçən ildən başlanıb. “Prezident seçkilərindən sonra andiçmə mərasimində əslində, görüləcək işlərlə bağlı mənim tərəfimdən göstərişlər verildi, yeni yanaşmanın konturları müəyyən edildi. Əlavə maliyyə vəsaiti imkan verir ki, biz sosial sahəni daha da gücləndirək. Minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmışdır. Nəyin hesabına, əlbəttə ki, islahatların hesabına. Ona görə ki, biz daha səmərəli işləyirik, şəffaflığı təmin edirik, biznes mühiti yaxşılaşır. Bu, bizə imkan verir ki, bu məsələləri həll edək”.
Azərbaycan Prezidentinin həyata keçirdiyi daxili siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bunu dövlət başçımızın özü də dəfələrlə qeyd edib. Bu, hətta bəzi beynəlxalq iqtisadi və maliyyə təşkilatlarının hesabatlarında da öz əksini tapıb. Prezidentin istər əvvəllər, istərsə də 2019-cu ilin son bir neçə ayında imzaladığı fərman və sərəncamlar göstərir ki, İlham Əliyevin sözü ilə əməli birdir, ölkəmizdə əhalinin bütün təbəqələrinə dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Dövlət başçısı Nazirlər Kabinetinin 2018-ci ilin yekunları ilə bağlı iclasında bu barədə deyib: “Görülən bu işlər nəticəsində üç milyon insan imzalanmış fərmanlardan bu və ya digər formada faydalanıb, vətəndaşların maddi vəziyyəti yaxşılaşıb, onları narahat edən problemlər öz həllini tapıb. Gələcəkdə biz bu istiqamətdə addımlarımızı atacağıq. Əminəm ki, qarşıda duran bütün vəzifələr uğurla icra ediləcək”.
Dövlət başçısı bəyan edib ki, yeni iş yerlərinin yaradılması Azərbaycanda daimi proses olmalıdır. Son 15 il ərzində 2 milyon iş yeri yaradılmışdır. Ancaq bu müddət ərzində əhali də 1,7 milyon artmışdır. “İş yerlərinin yaradılması üçün sərmayə qoyuluşu əsas vəzifədir. Dövlət tərəfindən yaradılan iş yerləri, sadəcə olaraq, sosial xarakter alır. Biz bunu edirik və edəcəyik. Ancaq bu missiyanı özəl sektor sərmayə qoyuluşu hesabına öz üzərinə götürməlidir... İş yerlərinin yaradılması üçün, əlbəttə ki, vacib amillərdən, vasitələrdən biri özünüməşğulluq proqramıdır. Biz buna da başlamışıq. Bu proqram çox böyük rəğbət qazanıb. Biz hər il özünüməşğulluq proqramı çərçivəsində təqribən 7 minə yaxın insanı işə cəlb etmək fikrindəyik”. 
Prezident İlham Əliyev şəhid ailələrinə daim diqqət və qayğı göstərir, onların həyat şəraitinin və güzəranlarının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görür. Prezidentin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli fərmanı bu istiqamətdə atılan növbəti humanist addımdır. Bu fərmanla şəhid ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verildi. Proses 12 mindən artıq şəhid ailəsini əhatə etdi. Hərbçilərin sosial problemlərinin həllinə daim diqqət yetirilir. İndiyə qədər 1279 hərbçi ailəsi mənzillərlə təmin olunub. Məcburi köçkünlərə qayğı da dövlət siyasətində mühüm yer tutur. Prezident İlham Əliyevin sərəncamı əsasında Bakının Kürdəxanı qəsəbəsində tikilmiş 810 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin istifadəyə verilməsi dövlətin öz vətəndaşına qayğısının növbəti nümunəsi oldu. Təkcə keçən il məcburi köçkünlər üçün 5 mindən çox mənzil inşa edilib. Bu il isə minimum 6 min mənzilin istifadəyə verilməsi nəzərdə tutulur. 
Prezidentin bu il fevralın 27-də imzaladığı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” sərəncam da Azərbaycan vətəndaşının layiqli həyatının təmin edilməsi məqsədi daşıyır. Belə şəxslərin aylıq müavinəti 2017-ci il yanvarın 1-dən hər bir şəxs üçün 36 manat məbləğində müəyyən edilib. 2018-ci il martın 1-də bu rəqəm 10 faiz artırılıb. Bu il isə artım 50 faiz həddindədir. 
Prezident İlham Əliyevin 25 fevral 2019-cu ildə imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam 600 minə qədər vətəndaşa dövlət qayğısının əhəmiyyətli şəkildə artırılmasını nəzərdə tutur. Əsl inqilabi addım adlandırılan bu sərəncama əsasən, sosial müavinətin məbləğinin yaşa görə müavinət alanlar üçün 73 manatdan 130 manata, I qrup əlilliyə görə 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 82 manatdan 150 manata, ailə başçısını itirməyə görə isə ailə üzvlərinin hər biri üçün 68 manatdan 80 manata çatdırılması nəzərdə tutulur. 
Bundan əlavə, iki yeni Prezident təqaüdü təsis edildi: birinci qrup əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində, eləcə də müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü. 
Prezident İlham Əliyevin sərəncamı ilə sosial müavinətin məbləğinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) üçün 61 manatdan 100 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün 68 manatdan 100 manata, beşdən çox uşağı olan qadınların hər uşağı üçün 33 manatdan 55 manata, uşağın anadan olmasına görə 109 manatdan 200 manata, dəfn üçün ödənilən sosial müavinətin məbləğinin isə 146 manatdan 300 manata çatdırılması, əminəm ki, həmin kateqoriyaya aid vətəndaşlarımızın həyat şəraitinə birbaşa müsbət təsir edəcək. Bu artımlar üçün bu ilin 9 ayında əlavə olaraq 300 milyon manat, illik isə 400 milyon manat vəsait ayrılır. 
Bundan əlavə, aztəminatlı ailələrin, tələbələrin, təqaüdçülərin, müəllimlərin, həkimlərin maaşlarının artırılması istiqamətində atılan addımlar çox böyük işdir. Bu, cənab Prezidentin öz xalqına, millətinə olan böyük diqqətidir. Ölkə Prezidentinin bu addımları əhali tərəfindən də çox yüksək qiymətləndirilir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin bu ilin əvvəlindən bəri imzaladığı fərman və sərəncamlar nəticəsində sosial müdafiəsi gücləndirilən insanların ümumi sayı 3 milyonu keçir. Bu, İlham Əliyevin sosial müdafiə, xalqın rifah halının yüksəldilməsi, xüsusilə qayğıya ehtiyacı olan insanların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı irəli sürdüyü sosial islahatlar paketinin tərkib hissəsidir. Prezidentin özünün söylədiyi kimi, ədalət prinsipinə riayət olunmalıdır. Bu addımlar göstərdi ki, İlham Əliyev Azərbaycan xalqının bütün təbəqələrinin Prezidentidir. 
Prezidentin atdığı mühüm addımlardan biri də “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman imzalamasıdır. Fərmanda qeyd olunur ki, son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən inşaat sektorunda əhəmiyyətli inkişaf müşahidə olunur, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsi çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilir. Ancaq indiyədək inşa olunmuş bir çox yaşayış binalarında vətəndaşlar problemlərlə qarşılaşırlar. Son nəticədə isə həmin binaların rəsmiləşdirilməsi mümkün olmur. Bütün bunları nəzərə alaraq Azərbaycan Prezidenti insanlarımızın həyat şəraitini və yaşayış səviyyəsini yüksəltmək məqsədilə növbəti humanist addımını atıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya əlaqədar yerli icra hakimiyyəti orqanları 2019-cu il yanvarın 1-dək tikilmiş çoxmənzilli binaları müayinədən keçirərək, öz rəylərini verəcək və göstərilən konkret müddətdə buraxılmış səhvlər və çatışmazlıqlar aradan qaldırılacaq. “Azərsu” və “Azərişıq” açıq səhmdar cəmiyyətləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi həmin binaların su, işıq və qazla təchizatı istiqamətində öz üzərlərinə düşən vəzifələri icra edəcəklər. İnqilabi addım kimi dəyərləndirilən bu qərardan on minlərlə ailə bəhrələnməkdədir.
İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman isə xüsusi qeyd edilməlidir. Təsadüfi deyil ki, vətəndaş dolların manata nisbətən məzənnəsinin 0,78 manat olduğu dövrdə dollar krediti götürmüşdüsə, devalvasiyadan sonra krediti yüksək məzənnə ilə ödəyib borcunu bağlamışdısa, indi həmin iki məzənnə arasındakı fərq ona geri qaytarılır. Söhbət yalnız devalvasiyalar dövründə götürülmüş dollarla kreditlərdən gedir. 10 min dollardan çox olan kreditlərə də güzəşt şamil edilmir. Bundan əlavə, problemli kreditlərlə bağlı məhkəmə işlərinin hamısına yenidən baxılması nəzərdə tutulur. 
Bütövlükdə, 2019-cu ilin əvvəlindən bəri sosial sahədə qəbul olunmuş qərarlar öz miqyasına, əhatə dairəsinə görə, sözün əsl mənasında, inqilabi qərarlardır. Bu addımlar cənab Prezident tərəfindən birbaşa insanlarımızın rifahının yaxşılaşdırılması, yaşayışının asanlaşdırılması istiqamətində atılıb. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

24 2019 21:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə