Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan parlamenti necə yarandı?

Azərbaycan parlamenti necə yarandı?

1918-ci il mayın 28-də Tiflisdə, keçmiş Qafqaz canişininin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirilir. Həsən bəy Ağayevin sədr, Mahmud Mahmudovun katib olduğu bu tarixi iclasda Milli Şuranın 26 üzvü iştirak edir. İclas son hadisələrlə əlaqədar Yelizavetpoldakı (Gəncədəki) vəziyyət barədə Həsən bəy Ağayevin məlumatını dinlədikdən və Məhəmməd Əmin Rəsulzadənin Batumdan Nəsib bəy Yusifbəyli ilə göndərdiyi məktub və teleqramlarla tanış olduqdan sonra gündəliyin əsas məsələsinin müzakirəsinə başlayır. Xəlil bəy Xasməmmədov Seymin buraxılması və Gürcüstanın öz müstəqilliyini elan etməsi ilə əlaqədar Azərbaycanda yaranmış vəziyyət haqqında məruzə edərək Azərbaycanın Müstəqil Cümhuriyyət elan edilməsinin vacibliyini və təxirəsalınmazlığını əsaslandırır.

Bundan sonra Milli Şura üzvləri qalxaraq İstiqlal Bəyannaməsini ayaqüstə dinləyirlər. 6 bənddən ibarət bu müstəqillik aktı bütün türk-müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaradıldığından xəbər verirdi.
Həmin dövr Əqdnamə və ya Misaqi-Milli adlanan bu sənədi Milli Şura üzvlərindən Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyov, Cavad Məlik-Yeqanov və Mustafa Mahmudov imzalayırlar.


Fətəli xan Xoyski


Azərbaycan Milli Şurasının 28 mayda keçirilmiş bu tarixi iclasında eyni zamanda, Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti hökumətinin də tərkibi təsdiq edilir.
İstiqlal Bəyannaməsinin qəbulu Azərbaycan milli dövlətçiliyinin əsasını qoymaqla Azərbaycan xalqının taleyində misilsiz tarixi hadisə idi. Azərbaycan xalqının öz müqəddəratını təyin etmək, millətindən, dinindən, sinfindən və cinsindən asılı olmayaraq, ölkədə yaşayan bütün vətəndaşların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, eləcə də qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsiplərini özündə ehtiva etməklə İstiqlal Bəyannaməsi Azərbaycanın istiqlal mübarizəsi tarixində ən dəyərli və parlaq sənəd sayıla bilər.
Lakin İstiqlal Bəyannaməsinin əhəmiyyəti yalnız bunlarla məhdudlaşmırdı. Yeni yaradılan dövlətə “Azərbaycan” adının verilməsi özlüyündə böyük bir tarixi hadisə idi.
“Azərbaycan” kəlməsinin XIX əsrin sonları – XX əsrin əvvəllərindən milli ruhlu Azərbaycan ziyalıları tərəfindən türkdilli mətbuatda və ədəbiyyatda dövriyyəyə gətirilməsi ilə başlanan bu proses, coğrafi mənada – Cənub-Şərqi Zaqafqaziya, ərazi-inzibati vahidləri kimi Bakı, Yelizavetpol (Gəncə), İrəvan quberniyaları adlanan ərazilərə, müsəlman, tatar, Qafqaz türkü adlanan xalqa və türk adlanan dilə “Azərbaycan” adının şamil edilməsi ilə ildən-ilə və gündən-günə geniş vüsət almaqla, nəhayət ki, İstiqlal Bəyannaməsində öz qanunauyğun həllini tapdı. Təsadüfi deyil ki, “Azərbaycan” adının onun aid olduğu xalqın şüuruna və ictimai-siyasi baxışlarına hakim olmasında müstəsna xidmətləri olmuş Məhəmməd Əmin Rəsulzadə İstiqlal Bəyannaməsinə qiymət verərkən bu məqamı da xüsusi vurğulayır: “28 mayıs 1918-ci il Bəyannaməsini nəşr etməklə, Azərbaycan Şurayi-milliyəsi, sözün siyasi mənası ilə, bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Beylə ki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafik və linqvistik bir kəlmə olmaqdan çıxaraq, siyasi bir aləm olmuşdur”.
Burada M.Ə.Rəsulzadənin şəxsiyyətini səciyyələndirən bir cəhətə diqqət yetirilməlidir. Rəsulzadənin 1915-1918-ci illərdə Bakıda təsis və nəşr etdiyi “Açıq söz” qəzeti azərbaycançılıq ideyasının təşəkkülündə böyük rol oynamış, Məhəmməd Əmin bəy özü isə hələ o vaxtlar, istər həmməsləkləri, istər S.Şaumyan da daxil olmaqla, siyasi rəqibləri tərəfindən birmənalı olaraq Azərbaycan milli istiqlal hərəkatının ideoloqu kimi qəbul edilmişdir. Bununla belə, M.Ə.Rəsulzadə “Azərbaycan” ideyasına siyasi məna verilməsi təşəbbüsünün onun özünə deyil, Nəsib bəy Yusifbəyliyə aid olduğunu daim etiraf etmişdir: “Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində formulə etmək şərəfi mərhum Nəsib bəyindir”.


Nəsib bəy Yusifbəyli


Burada daha bir haşiyəyə çıxaq ki, “Azərbaycan” adının tarixən ilk dəfə siyasi məfhuma çevrilməsi hələ öz zamanında heç də birmənalı qarşılanmamış və böyük siyasi, elmi-tarixi mübahisələr doğurmuşdur. Bu günə qədər gəlib çıxan həmin mübahisələrin üzərində ətraflı dayanmadan qeyd olunmalıdır ki, Cənubi Qafqazda müstəqil Azərbaycan Cümhuriyyəti elan edilməsi ümumiyyətlə, qonşu dövlətləri, ilk növbədə Sovet Rusiyası və İranı narahat etmiş, yeni yaradılan dövlətin adına “Azərbaycan” toponiminin verilməsi isə İranda xüsusilə kəskin etiraz və təşviş doğurmuşdur. 
Azərbaycan Milli Şurasının Tiflisdə cəmi 6 iclası keçirilmişdir. Bu iclasların əksəriyyətində müzakirələr əsasən İrəvan quberniyası, qəzası və şəhəri ətrafında aparılmışdır, Milli Şuranın qəbul etdiyi ən ağır qərar isə İrəvanın Ermənistana güzəştə gedilməsi ilə bağlı olmuşdur. Milli Şuranın 29 may tarixli iclasında “İrəvanın Ermənistana güzəştə gedilməsinin qaçılmaz olduğunu” bildirən, bunu “tarixi zərurət, bizim üçün isə qaçılmaz acı bir həqiqət” kimi qiymətləndirən və bu qərara səs verən 16 nəfər şura üzvünün işlətdiyi “qaçılmaz” sözünün arxasında həmin qərarın qəbul edildiyi günlərdə regionda yaranmış son dərəcə mürəkkəb vəziyyət dururdu. Azərbaycanlılarla eyni gündə müstəqil Ararat (Ermənistan) Respublikasının yaradıldığını elan etmiş erməni milli qüvvələrinin regionda həm də real siyasi və hərbi qüvvə, bu dövlətin yaradılmasının isə böyük dövlətlər tərəfindən artıq həll edilmiş məsələ olduğu ilə hesablaşmamaq mümkün deyildi. Digər tərəfdən, həmin dövr yeni yaradılan respublikaların taleyinin müəyyən edilməsində Osmanlı dövləti həlledici rol oynadı.
Öz ərazilərində hər hansı formada erməni dövlətçiliyi yaratmaq ideyasını qətiyyətlə mümkün saymayan Osmanlı siyasi dairələrinin onun Cənubi Qafqazda yaradılması məsələsində də mövqeyinin birmənalı olmaması onsuz da mürəkkəb olan vəziyyəti daha da dərinləşdirirdi. Birinci dünya müharibəsinin son aylarında Osmanlı ordusunun Qafqaz cəbhəsində uğurları qarşısında Tələt paşa və Ənvər paşa (baş nazir və hərbi nazir) Cənubi Qafqazda erməni dövlətinin yaradılmasını ümumiyyətlə, məqsədəuyğun bilmir, yaxud çox zəif, yaşamaq qabiliyyəti olmayan bir Ermənistan yaradılmasını mümkün hesab edirdilər. Batum danışıqlarında türkləri təmsil edən nümayəndə heyəti isə tarixən Azərbaycana məxsus bir sıra ərazilərin ermənilərə verilməsini vacib sayır və Azərbaycan nümayəndələrinə beynəlxalq aləm qarşısında ermənilərin mövcudluğunu tanımağı və onlara müəyyən ərazi güzəştləri etməyi tövsiyə edirdilər. Mayın 27-də hələ Milli Şuranın yaradılması haqqında tarixi qərarın verilməsindən əvvəl, fövqəladə iclasa yığılan Seymin keçmiş azərbaycanlı deputatları qarşısında Batumdan yenicə qayıtmış Nəsib bəy Yusifbəylinin etdiyi məruzə bu məsələdə son qərarın kim tərəfindən verildiyini göstərdi: “Türkiyə nümayəndə heyətinin qənaətinə görə, Zaqafqaziyanın çiçəklənməsinin başlıca rəhni Zaqafqaziya xalqlarının birliyi və həmrəyliyidir. Bu məqsədə çatmaq üçün bizim tərəfimizdən ermənilərə bir qədər torpaq güzəşt olunmalıdır”.
Həmin iclasda yaradılan Milli Şuranın mayın 28-də keçirdiyi ilk tarixi iclasda M.Ə.Rəsulzadənin Batumdan göndərdiyi məktublar və teleqramlar oxunur. Həmin günün ən mühüm məsələsi İstiqlal Bəyannaməsinin qəbulu olduğundanmı, ya hansı səbəbdənsə, iclasın protokolunda bu məktub və teleqramların məzmunu açıqlanmır. Lakin Milli Şuranın ertəsi gün, mayın 29-da keçirdiyi iclas artıq bütünlüklə Ermənistana ərazi verilməsi məsələsinə həsr olunur və burada nə üçün məhz İrəvanın siyasi mərkəz kimi ermənilərə güzəştə gedilməsinin səbəbi də aydınlaşır. Həmin dövr İrəvan quberniyasına daxil olan 7 qəzadan artıq 5-i, o cümlədən, quberniyanın ikinci böyük şəhəri – ­Aleksandropol (Gümrü) artıq türk qoşunları tərəfindən tutulmuşdu. Fətəli Xan Xoyski məhz bu faktı vurğulamaqla, “ermənilərə veriləcək siyasi mərkəzin” artıq ancaq İrəvan şəhəri ola biləcəyini və bu şəhərin ermənilərə güzəştə gedilməsinin qaçılmaz olduğunu qeyd edir.
Azərbaycan Milli Şurasının bu “qaçılmaz” reallıqla, xüsusilə Osmanlı nümayəndələrinin “tövsiyələri” ilə hesablaşmamaq imkanı var idimi? Bütün bu məsələlərin Batumda və Tiflisdə həll edildiyi, Azərbaycan Xalq Cümhuriyyətinin hələ özünün siyasi mərkəzinin – neft Bakısının düşmən əlində – bolşevik-daşnak Bakı Soveti hökumətinin ixtiyarında olduğu, bu siyasi mərkəzi azad edə bilən Azərbaycan qoşununun hələ də yaradılmadığı, 14 minlik nizami Qırmızı ordunun Azərbaycan milli qüvvələrinin mərkəzi Gəncəyə yürüşə hazırlaşdığı, Azərbaycanın işğal edilmiş torpaqlarını azad edəcək və Azərbaycan xalqını kütləvi qırğından qurtaracaq yeganə qüvvə kimi Osmanlı ordusuna ümid edildiyi nəzərə alınarsa, bu sualın cavabı özlüyündə aydınlaşar.
Həmin dövr Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti paytaxtı sayılan Gəncədə hələ onları nə gözlədiyindən xəbərsiz olan Milli Şura üzvləri itirilmiş torpaqların acısını azaltmaq üçün elə həmin iclasda ermənilərlə konfederasiya yaratmaq məsələsini müzakirə edir və yekdil səslə qəbul edirlər. Eyni zamanda, Ermənistan qarşısında onlara edilən güzəştlər müqabilində həmin dövr Zəngəzur və Qarabağda erməni generalı Andranikin silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı aparılan hərbi əməliyyatların dayandırılması, ermənilərin Qarabağa olan iddialarından imtina edilməsi kimi şərtlər qoyulur. Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyskinin mayın 29-da xarici işlər naziri Məmməd Həsən Hacınskiyə yazdığı məktubdakı sətirlər – “Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik” – Azərbaycan dövlət xadimlərinin bu labüd itkidən mümkün qədər siyasi fayda götürmək cəhdlərindən xəbər verirdi.
Azərbaycan Milli Şurasının qərarı ilə dövlət yaratmaq üçün ermənilərə cəmi 9 min kvadratkilometr – İrəvan şəhəri və onun ətrafındakı ərazini əhatə edən torpaqlar verilmişdir. Bu ərazilərdə yaşayan əhalinin ümumi sayı 321 min nəfər idi ki, onun da 230 mini erməni, 80 mini ­türk-müsəlman, 11 mini isə digər xalqların nümayəndələri idi.
Burada xüsusi vurğulanmalıdır ki, AXC dövründə Ermənistan dövləti elə bu hüdudlarda qalmışdır.


Milli Şuradan – Azərbaycan parlamentinə


1918-ci il iyunun 16-da öz fəaliyyətini Tiflisdən Gəncəyə köçürən Azərbaycan Milli Şurası və hökuməti burada son dərəcə gözlənilməz və xoşagəlməz bir münasibətlə qarşılaşır. Azərbaycan cəmiyyətinin ictimai-siyasi baxımdan fəal hissəsi arasında hələ 1918-ci il martın əvvəllərindən güc toplamağa başlayan və sonradan “ilhaqçılıq” adlanacaq prosesin son həddə çatdığı aydınlaşır. Azərbaycanlıların əsasən qeyri-dost millətlər əhatəsində yaşadığı, Azərbaycan torpaqlarına qonşuları tərəfindən iddialar edildiyi və xalqa qarşı artıq silahlı hücumlar və qırğınlar aparıldığı bir şəraitdə milli qüvvələrimizin təmsil edən bir qrup tanınmış şəxs, xüsusilə Gəncə bölgəsinin nümayəndələri bu vəziyyətdən çıxış yolunu Osmanlı dövlətinə birləşməkdə görürdülər. Bu məqsədlə əhali arasında imzalar toplanır, Zaqafqaziya Seyminin hələ Trabzonda və Batumda danışıqlar apardıqları zaman Gəncədən bu şəhərlərə, eləcə də İstanbula nümayəndə heyətləri göndərilir, ayrı-ayrı türk xadimləri ilə, o cümlədən, yüksək rütbəli hərbçilərlə danışıqlar aparılırdı. Osmanlı dövləti ilə rəsmi danışıqlarda iştirak edən Zaqafqaziya Seyminin azərbaycanlı nümayəndələrin Gəncəyə, öz həmkarlarına göndərdikləri məktub və teleqramlarda bu növ təşəbbüslərin qarşısını almaq tələbləri nəticəsiz qalırdı. 
Digər tərəfdən, I Dünya müharibəsinin öz sonluğuna çatdığı, Osmanlı imperiyasının geniş ərazilərinin – Balkanlar, Ərəbistan – əldən getdiyi artıq aydın olduğu bir zamanda bu dövlətin, başda Ənvər paşa olmaqla romantik ruhlu rəhbərliyi reallıqdan xeyli uzaq yeni planlar qurur, dağılmış Rusiyanın müsəlman-türk xalqlarının yaşadıqları ərazilər də daxil olmaqla bu dəfə yeni – Turan imperatorluğu yaratmaq niyyətlərini gizlətmir və 1918-ci ilin əvvəllərindən başlayaraq bu sahədə hərbi əməliyyatlara hazırlaşırdılar. Təbii ki, bu dövr azərbaycanlıların üzləşdiyi son dərəcə ağır vəziyyət, torpaqların işğalı, əhalinin milli qırğına məruz qalması qardaş xalqa kömək məqsədi ilə yanaşı, daha geniş mənada Turan imperatorluğu yolunda Qafqaz İslam Ordusunun yaradılmasını və dərhal regiona göndərilməsini sürətləndirən amillərdən idi.
Ehtiyac yarandığı halda Azərbaycana hərbi yardım edilməsinə dair xüsusi maddənin olduğu AXC və Osmanlı dövləti arasında müqavilə hələ 1918-ci il iyunun 4-də imzalanacağı halda Nuru paşanın Qafqaz İslam Ordusunun Baş komandanı kimi 300 nəfərlik türk zabitləri – hərbi təlimatçılar dəstəsi ilə may ayının sonlarında Gəncəyə gəlməsi bütün bu proseslərin nəticəsi idi. 
İyunun 17-də M.Ə.Rəsulzadənin başçılığı ilə Milli Şura Gəncədə fasilələrlə gündüz saat 12-də başlanan və gecə saat 2-də tamamlanan 3 qapalı iclas keçirir. Fətəli Xan Xoyski 26 nəfər Milli Şura üzvünə M.Ə.Rəsulzadə və M.H.Hacınskinin Nuru paşa ilə ilkin görüşü və apardığı danışıqlar barədə məlumat verir. Nuru paşanın özünü “əsgər” adlandıraraq daxili işlərə qarışmadığını bildirdiyi, siyasi məsələlərin müzakirəsini özünün mülki işlər üzrə müavini Əhməd bəy Ağaoğluna həvalə etdiyi, daha sonra göstərilən şəxslərin Ə.Ağaoğlu ilə son dərəcə ağır keçən danışıqlarının nəticəsi kimi Milli Şuranın buraxılması, ölkədə hökm sürən anarxiyanı, habelə daxili və xarici maneələri nəzərə alaraq, daha geniş səlahiyyətlər verilmiş yeni hökumətin təşkil edilməsi kimi razılıq əldə edildiyi iclas iştirakçılarının nəzərinə çatdırılır.
Gəncə dövrü, cəmi bir neçə ayı əhatə etməsinə baxmayaraq, Azərbaycan parlamentarizminin yaranma tarixində ən dramatik və eyni zamanda, təhlükəli bir mərhələ hesab edilə bilər. Bu təhlükənin içəridən – azərbaycanlı və qismən də dost türk nümayəndələrindən gəlməsi bütöv bir millətin taleyinin nə dərəcədə fərdi yanaşmalar və ziddiyyətli münasibətlərdən asılı olduğunu göstərirdi. Milli Şuranın – “xalqın təmsilçisi olan bir təsisatın Azərbaycanın müvəqqəti paytaxtı Gəncə şəhərində səhnədən çəkilməsi”ni onun sədri M.Ə.Rəsulzadə “demokratiyanın geri çəkilməsi və mürtəce qüvvələrin uğuru” kimi qiymətləndirir. 
Öz vəzifəsindən əl çəkmiş Məhəmməd Əmin bəy Milli Şuranın sədri kimi bu iclasdakı son nitqində yaranmış şəraitdə “tarixi məsuliyyətin bütün çəkilməz ağırlığını” boynuna götürmüş Fətəli xan Xoyskinin və onun “Azərbaycanın taleyini əllərinə almış” hökumət üzvlərinin “qismətinə ən çətin, lakin həm də ən mühüm borc – yeni doğulmuş Azərbaycanı məhv olmağa qoymamaq borcu” düşdüyünü vurğulayır.
Bununla belə, Milli Şura üzvlərinin son dərəcə pərt və məyus əhval-ruhiyyəsi qarşısında M.Ə.Rəsulzadə öz həmkarlarını gələcəyə nikbin baxmağa çağırır:
“İndi gəlin, bu ağır günlərdə üzərinə ağır vəzifə yüklədiyimiz bu hökumətlə vidalaşaq və ayrılaq. Gəlin, qardaş kimi ayrılaq. Əfəndilər, ayrılarkən ümid edək ki, Allahın köməyi ilə tezliklə Azərbaycanın paytaxtı Bakıda, təsis yığıncağında görüşəcəyik. Yaşasın Azərbaycan! Yaşasın Türk xalqı!”
Beləliklə, olduqca mürəkkəb beynəlxalq və daxili şəraitdə Azərbaycanın siyasi xadimləri həmin dövr faktiki olaraq soyqırımına məruz qalan Azərbaycan xalqının varlığını və dövlətçiliyini qorumaq məsuliyyətini bir daha öz üzərilərinə götürürlər, Azərbaycan istiqlalını bütün digər məsələlərdən, o cümlədən, Milli Şuranın sədri M.Ə.Rəsulzadənin tələb etdiyi kimi, vəzifə, partiya və şəxsi maraqlarından üstün tutaraq siyasi böhrandan çıxmağa müvəffəq olurlar.
(ardı var)

 

Solmaz Tohidi – Rüstəmova,
tarix üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi

 

24 2019 21:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə