Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Payız sınaqları

Payız sınaqları

Yenicə starta çıxmış sentyabr ayı və bütün payız Azərbaycan idmançıları üçün bir çox ümumdünya səviyyəli yarışla əlamətdar olacaq. Qarşıda həmvətənlərimizi doğma Bakıda cüdo üzrə dünya çempionatı, Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadası, Yaponiyada qadın voleybol komandalarının dünya birinciliyi, Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları, Avropa Millətlər Liqası turnirində milli futbol komandamızın oyunları, Avroliqanın qrup mərhələsində “Qarabağ”ın görüşləri və digər sınaqlar gözləyir. Bu məsul yarışlarda qazanılacaq hər bir qələbə, hər medal Azərbaycan idmanı üçün növbəti töhfə olacaq. 
Tatami ustalarının Bakı mundialı sentyabrın 20-də başlayıb düz bir həftə davam edəcək. Dünya çempionatının bütün qalib və mükafatçıları sentyabrın 27-də məlum olacaq.
Azərbaycanın ən möhtəşəm idman qurğularından biri kimi, bütün dünyada geniş nüfuz qazanmış Milli Gimnastika Arenasında planetin 133 ölkəsindən 828 cüdoçunun görüşləri 2018-ci ilin ən mötəbər beynəlxalq idman hadisələrindən biri olacaq. Nazim Hüseynov, Elnur Məmmədli, Mövlud Mirəliyev, Rüstəm Orucov, Elmar Qasımov kimi Olimpiya çempionları və mükafatçılarının Vətənində dünya çempionatı iki ildən sonra Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına aparan yolda həm də çempionat iştirakçılarının qüvvələrinə çox ciddi baxışa çevriləcək.
Yaponiyada isə qadın voleybol komandalarının 18-ci dünya çempionatının açılış mərasimi sentyabrın 29-na təsadüf edəcək. Turnir oktyabrın 21-də finişə çatacaq.
Gündoğar ölkənin altı şəhərində keçiriləcək mundialın ilkin mərhələsində 24 komanda mübarizə aparacaq. Azərbaycan voleybolçuları Rusiya, ABŞ, Cənubi Koreya, Tailand, Trinidad və Tobaqo komandaları ilə birlikdə “C” qrupunda çıxış edəcəklər. Faiq Qarayevin yetirmələri çətin sınaqlarda ilk addımı sentyabrın 29-da ABŞ voleybolçuları ilə görüşdə atacaqlar.
Bizim qrupa daxil olan altı olkə ilə yanaşı, çempionatda, həmçinin Argentina, Bolqarıstan, Braziliya, Almaniya, Dominikan Respublikası, İtaliya, Qazaxıstan, Kamerun, Kanada, Keniya, Çin, Kuba, Meksika, Hollandiya, Puerto-Riko, Serbiya, Türkiyə və Yaponiya təmsil olunacaq.
Bu günlər dünya çempionatına hazırlığın son mərhələsidir. Azərbaycan millisi Türkiyənin Antalya şəhərində, Qloriya-Cup beynəlxalq turnirində çıxışlarını başa vurub Sloveniyada təlim-məşq toplanısında iştirak edir. Komanda çempionatı tam hazırlıqla qarşılamaq əzmindədir.
Ümumdünya Şahmat Olimpiadasının (24 sentyabr – 5 oktyabr) keçiriləcəyi Gürcüstanın Batumi şəhəri estafeti iki il əvvəl Bakıda ABŞ-ın kişilərdən və Çin Xalq Respublikasının qadınlardan ibarət komandalarının qələbəsi ilə başa çatmış 42-ci Olimpiadanın təşkilatçılarından qəbul etmişdir.
Batumidə kişilərin yarışında 179, qadınların turnirində 146 komanda çıxış edəcək. Azərbaycanın hər iki heyəti – ötən ilin payızından üçqat Avropa çempionu adını daşıyan kişi qrossmeysterlərimiz, eləcə də qadın şahmatçılar çətin sınaqlara səylə hazırlaşırlar və əlbəttə ki, yüksək məqsədlər uğrunda mübarizə aparacaqlar.
Olimpiadada kişilərin komandası Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Eltac Səfərlidən ibarət heyətlə çıxış edəcək. Komandanın kapitanı funksiyasını Qədir Hüseynov yerinə yetirəcək.
Qadınlardan ibarət komandamızın şərəfini isə Zeynəb Məmmədyarova, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Günay Məmmədzadə və Xanım Balacayeva qoruyacaqlar. Onları yarışa zəngin təcrübəli mütəxəssis Fikrət Sideifzadə hazırlayır.
Payız – 2018 təkcə cüdo, voleybol, şahmat hadisələri ilə zəngin olmayacaq. İdman həvəskarlarımız Argentina səması altında keçiriləcək yeniyetmə olimpiyaçıların startlarını (6-18 oktyabr), noyabrın ikinci ongünlüyündə Milli Gimnastika Arenasında təşkil olunacaq akrobatika gimnastikası üzrə Dünya Kuboku yarışını, Millətlər Liqasında futbol yığmamızın Kosovo, Malta və Farer adaları komandalarına qarşı görüşlərini, “Qarabağ”ın Avroliqanın qrup mərhələsində çıxışlarını qələbələrə böyük inam hissi ilə izləməyə hazırlaşırlar.

Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”

4 2018 22:54 - İDMAN
İDMAN
16 Sentyabr 2019 | 23:05
La Liqa tarixində ilk
15 Sentyabr 2019 | 10:58
Klopp birincidir
14 Sentyabr 2019 | 11:39
Cari mövsümdə ilk mükafat
14 Sentyabr 2019 | 00:40
“Barselona” mənim evimdir”

Köhnə versiyamızdan xəbərləri izlə