Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 236 Bakı şəhəri, 22 may 2019-cu il
 
 “DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi barədə
“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanının 7.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Preziden-tinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin   2019-cu il 22 may

tarixli 236 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

“DOST” mərkəzlərinin

 

  •  

 

  1.  Ümumi müddəalar

 

  1. Bu Nümunəvi Nizamnamə Azərbaycan Respublikası Prezidentinin “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 9 avqust tarixli 229 nömrəli Fərmanının 3-cü hissəsinin və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanının 7.4-cü bəndinin icrasını təmin etmək, habelə “DOST” mərkəzlərinin fəaliyyətini tənzimlənmə üçün onların nizamnamələrinin hazırlanması və dövlət qeydiyyatından keçirilməsi məqsədilə hazırlanmışdır.
  2. Bu Nümunəvi Nizamnamə hər bir “DOST” mərkəzinin (bundan sonra – Mərkəz) fərdi nizamnaməsinin hazırlanmasında əsas hesab olunur.
  3.  Mərkəz ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin göstərilməsini təmin edən  publik hüquqi şəxsdir.
  4. Mərkəz “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanının 8.2-ci bəndinə uyğun olaraq Nazirlik tərəfindən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (bundan sonra – Agentlik) strukturunda yaradılır.
  5. Mərkəz  öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının “Publik hüquqi şəxslər haqqında” Qanununu və Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Nazirliyin qərar, əmr və sərəncamlarını, Agentliyin əmr və sərəncamlarını və öz Nizamnaməsini rəhbər tutur.
  6. Mərkəz  öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən, dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
  7. Mərkəzin müstəqil balansı, istifadəsində olan əmlakı, bank hesabları, üzərində Nazirliyin, Agentliyin adları və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
  8. Mərkəz “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusu əldə edir. Mərkəzin hüquq qabiliyyətinə onun fəaliyyətinin başa çatdığı an xitam verilir.
  9. Mərkəz “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq öz Nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq  fəaliyyəti ilə məşğul ola bilər.
  10. Mərkəzin qanuna uyğun olaraq, əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və ya həyata keçirmək hüququ, həmçinin vəzifələri vardlr. Mərkəz məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
  11. Mərkəzin Nizamnaməsində onun yerləşdiyi ünvan göstərilir.

 

 

  1.  Mərkəzin fəaliyyətinin məqsədi və istiqamətləri

 

  1.  Mərkəzin fəaliyyətinin məqsədi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, həmçinin Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə  (bundan sonra – müvafiq sahə) xidmətlərin həyata keçirilməsini təmin etməkdən ibarətdir.
  2. Mərkəzin  fəaliyyət istiqamətləri aşağıdakılardır:
    1. müvafiq sahədə xidmətlərin “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsi;
    2. müvafiq sahədə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi və təkmilləşdirilməsi, habelə innovasiyaların tətbiqi.

 

  1.  Mərkəzin  vəzifələri və hüquqları

 

 

  1. Mərkəzin Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri aşağıdakılardır:
    1. müvafiq sahədə xidmətləri “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında Nazirlik, Nazirliyin aidiyyəti qurumları, Agentlik və digər mərkəzlərlə əlaqəli şəkildə həyata keçirmək;
    2. fəaliyyətinə dair təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq və Agentliyə təqdim etmək;
    3. sosial müdafiəyə və sosial təminata ehtiyacı olan şəxslər arasında sorğular keçirmək, onların problemlərini öyrənmək, hüquqlarının qorunması, ehtiyaclarının qarşılanması ilə bağlı  Agentliyə təkliflər vermək;
    4. müvafiq sahədə göstərilən xidmətlərin tam elektronlaşmasını təmin etmək məqsədilə Agentliyə təkliflər vermək;
    5. Mərkəzdə göstərilən xidmətlə bağlı müraciət edildiyi vaxt müraciətə baxılması və həmin müraciətin nəticəsinin rəsmiləşdirilməsi mümkün olduğu hallarda, yerində qərar qəbul etmək;
    6. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirmək;
    7. əməkdaşların əlavə təhsili və peşəkarlığının yüksəldilməsi, o cümlədən, Mərkəzdə  vətəndaşlara xidmət göstərən əməkdaşlar üçün etik qaydalarla bağlı kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə və digər bacarıqlarının  inkişaf etdirilməsi ilə bağlı Agentliyə təkliflər vermək; 
    8.  Mərkəzdə göstərilən xidmətlərin təkmilləşdirilməsi və müvafiq sahədə vətəndaşlara dəstək məqsədilə layihə və proqramların hazırlanmasına dair Agentliyə təkliflər vermək;
    9.  Mərkəzdə göstərilən xidmətlərlə əlaqədar aidiyyəti normativ hüquqi aktlar barədə izahedici və məlumatlandırıcı yenilikləri Agentliyin razılığı ilə kütləvi informasiya vasitələri ilə mütəmadi olaraq operativ şəkildə əhaliyə təqdim etmək;
    10. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunmasını təmin etmək;
    11. Mərkəzin  fəaliyyətinin təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görmək;
    12. Mərkəzə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
    13. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
    14.  Mərkəzin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək; 
    15. Mərkəzin Nizamnaməsi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
  2. Öz vəzifələrini yerinə yetirmək üçün Mərkəzin  aşağıdakı hüquqları vardır:
    1. Mərkəzin fəaliyyətinin səmərəli təşkili, o cümlədən Mərkəzdə göstərilən xidmətlərin siyahısının təkmilləşdirilməsi ilə bağlı Agentliyə təkliflər vermək;
    2. müvafiq sahədə normativ hüquqi aktların layihəsinin hazırlanmasına dair Agentliyə təkliflər vermək;
    3. müvafiq sahədə təlim, məsləhət, informasiya xidmətləri göstərmək;
    4. Mərkəzdə müvafiq sahədə stimullaşdırıcı tədbirlərin və müsabiqələrin təşkili,  qaliblərin mükafatlandırılması ilə bağlı  Agentliyə təkliflər vermək;
    5. müvafiq sahədə xidmətlərin göstərilməsində innovasiyaların tətbiqi ilə əlaqədar Agentliyə təkliflər vermək, bu sahədə aidiyyəti dövlət orqanları (qurumları), hüquqi şəxslər, təhsil müəssisələri, elmi müəssisə  və  təşkilatlarla əməkdaşlıq etmək;
    6. vətəndaşlara (çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətlərin zəmanət verilmiş həcmi istisna olmaqla) müqavilə əsasında ödənişli xidmətlər, o cümlədən səyyar xidmətlər göstərmək;
    7. göstərilən xidmətlərin monitorinqini aparmaq, onların inkişaf etdirilməsi və təkmilləşdirilməsi ilə bağlı Agentliyə təkliflər vermək;
    8. Mərkəzin strukturunun təkmilləşdirilməsi, həmçinin fəaliyyətinə könüllülərin (xüsusən də gənc mütəxəssis və tələbələri) cəlb edilməsi və onların həvəsləndirilməsi üçün tədbirlərin görülməsi barədə Agentliyə təkliflər vermək;
    9. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
    10. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək barədə Agentliyə təkliflər vermək;
    11. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar, komissiyalar yaratmaq;
    12. əməkdaşlarının dövlət təltiflərinə və digər mükafatlara təqdim edilməsi, onların həvəsləndirilməsi üçün Agentliyə təkliflər vermək;
    13. Mərkəzin Nizamnaməsi ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
  1.  Mərkəzin idarə olunması

 

  1. Mərkəz öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
  2. Mərkəzin idarəetmə forması kimi təkbaşçı icra orqanı olan direktor müəyyən edilir. 
  3. Təsisçinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsi ilə müəyyən edilmiş səlahiyyətlərini Mərkəzin nizamnaməsinin təsdiq olunmasına, nizamnamə fondunun miqdarının müəyyən edilməsinə, icra orqanlarının yaradılmasına və onların səlahiyyətlərinin müəyyənləşdirilməsinə, habelə yenidən təşkilinə və ləğvinə münasibətdə Nazirlik, digər məsələlərə münasibətdə Agentlik həyata keçirir.
  4.   Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi direktor həyata keçirir. Mərkəzin direktoru Agentliyin Nizamnaməsi ilə müəyyən edilmiş qaydada Agentliyin İdarə Heyətinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
  5. Direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini bu Nümunəvi Nizamnamənin 4.4-cü bəndinə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən direktorun müavini həyata keçirir.
  6. Direktor aşağıdakı vəzifələri yerinə yetirir:
    1. Mərkəzin fəaliyyətini təşkil edir və onun fəaliyyətinə nəzarət edir;
    2. Mərkəzin Nizamnaməsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə bağlı Agentliyə təkliflər verir və sənədlər təqdim edir;
    3. Mərkəzin  strateji məqsədlərinin və planlarının icrasına nəzarət edir;
    4. xalis aktivlərinin 25 faizindən artıq olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında Agentliyin razılığı ilə, 5 faizinədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında isə müstəqil qərar qəbul edir;
    5. cari və operativ məsələlər barədə Agentliyi məlumatlandırır;
    6. Mərkəzə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
    7. Mərkəzin strukturu, ştat cədvəli və işçilərin say həddi, xərçlər smetası ilə bağlı Agentliyə təkliflər verir;
    8. Mərkəzin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;
    9. Mərkəzin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
    10. Mərkəzin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
    11. Mərkəzin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərar və göstərişlərini ləğv edir;
    12. Mərkəzin işçiləri  barədə həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə Agentliyə təkliflər verir;
    13. Mərkəzin əmlakından Mərkəzin Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
    14. Mərkəzin Nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində Mərkəzin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
    15. Mərkəzin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;
    16. fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin,  həmçinin qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
    17. Mərkəzdə  kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
    18. Mərkəzdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir.
  7. Mərkəzin direktoru və onun müavini Agentliyin  və Mərkəzin adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikasının  Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

 

  1.  Mərkəzin nizamnamə fondu, əmlakı və maliyyə-təsərrüfat fəaliyyəti

 

  1. Mərkəzin nizamnamə fondunun məbləği (məbləq göstərilməklə) manatdır.
  2. Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, büdcədənkənar fondların vəsaitindən, fəaliyyətindən əldə edilmiş gəlirdən, ianələrdən, qrantlardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.
  3. Mərkəz öz əmlakından yalnız Mərkəzin Nizamnaməsi ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir.
  4. Mərkəz balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə  müəyyən edilmiş qaydada həyata keçirir.
  5. Bu Nümunəvi Nizamnamənin 5.4-cü bəndi nəzərə alınmaqla, Mərkəz əmlakı üzərində sahiblik və istifadə hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə Agentliklə razılaşdırmaqla həyata keçirir.
  6. Mərkəz mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Mərkəzin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti Agentlik həyata keçirir.  

 

  1.  Mərkəzin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

 

  1. Mərkəzin fəaliyyətinə nəzarəti Nazirlik, həmçinin Nizamnaməsi ilə müəyyən edilmiş qaydada  Agentlik həyata keçirir.
  2. Mərkəz fəaliyyətinə dair illik hesabatı Agentliyə təqdim edir.
  3. Mərkəz öz maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
  4. Mərkəz Agentliyin razılığı ilə öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

 

  1.  Mərkəzdə uçot və hesabat

 

  1. Mərkəz “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
  2. Mərkəz “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq  statistik hesabatları tərtib edir.

 

8. Mərkəzin yenidən təşkili və ləğvi

 

8.1. Mərkəzin yenidən təşkili və ləğvi Nazirlik tərəfindən həyata keçirilir.

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə