Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial-iqtisadi islahatlar inkişaf prioritetlərinin həyata keçirilməsini sürətləndirir

Sosial-iqtisadi islahatlar inkişaf prioritetlərinin həyata keçirilməsini sürətləndirir

Son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılmış və bu islahatlar nəticəsində ölkəmiz inkişaf etmişdir. Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edilmiş, insanların rifah halı yaxşılaşmış və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaranmışdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


 

Azərbaycanda dayanıqlı iqtisadi inkişafın sürətləndirilməsi və bunun nəticəsində maliyyə imkanlarının genişlənməsi sosial sahədə dövlət siyasətinin daha uğurla reallaşdırılmasını təmin edir. Hazırda bu, sözügedən istiqamətdə tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsi prosesində daha aydın müşahidə olunur. 

Respublikada səmərəli iqtisadi tədbirlər görülməsi hesabına əlavə gəlirlərin əldə olunması və büdcənin güclənməsi sosial islahatların gerçəkləşdirilməsinə əlverişli şərait yaradır. 
Xatırladaq ki, təkcə ötən il ərzində qlobal risklərə, dünyada baş verən təlatümlü hadisələrə baxmayaraq Azərbaycan iqtisadiyyatı dinamik artım nümayiş etdirib. Xüsusilə qeyri-neft, nəqliyyat sektorlarında və digər sahələrdə əvvəlki illərə nisbətən imkanlar genişlənib. Keçən il Azərbaycan iqtisadiyyatına 17,2 milyard manat vəsait qoyulub. Bu, 2017-ci ilə nisbətən 3 milyard manat çoxdur. Eyni zamanda, bu vəsaitlərin 70 faizi daxili mənbələr hesabına edilib.
Onu da qeyd edək ki, həmin dövrdə ümumi daxili məhsulun (ÜDM) 1,4 faiz, əhalinin adam başına düşən gəlirlərinin 8,2 faiz artımına, milli valyutanın sabitliyinin qorunmasına nail olunub, əhalinin gəlirləri mövcud inflyasiyanı xeyli üstələyib. Cari ilin əvvəlində ölkənin ümumi valyuta ehtiyatları 44,5 milyard ABŞ dolları təşkil etməklə xarici dövlət borcumuzu təxminən 5 dəfə üstələyib və 2018-ci ildə istehsal olunan ÜDM-in 94,8 faizinə bərabər olub. 
Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı ilə bağlı məsələləri prioritet olaraq müəyyənləşdirib. Bu istiqamətdə keçən il və cari ilin ötən aylarında sistemli və kompleks işlər həyata keçirilib. Nəticədə ­2017-ci illə müqayisədə ÜDM-in real artım tempi 1,4, qeyri-neft sektorunun artım tempi isə 1,8 faiz təşkil edib. Bu dövr ərzində qeyri-neft sənayesində məhsul istehsalı 9,1 faiz, kənd təsərrüfatı məhsulu 4,6 faiz, pərakəndə ticarət 4 faiz artıb. Əvvəlki illə müqayisədə 2018-ci ildə qeyri-neft ixracı 9,8 faiz, o cümlədən sənaye məhsulları ixracı 6,2 faiz, kənd təsərrüfatı və emalı məhsulları ixracı 13,8 faiz, xarici ticarət fəaliyyəti ilə məşğul olan subyektlərin sayı isə 56,2 faiz artıb.
İxrac gəlirlərinin əhəmiyyətli dərəcədə artması, qeyri-neft ixracının genişləndirilməsi və idxalın əvəzlənməsi istiqamətində keçirilən islahatlar nəticəsində milli valyuta sabitləşib. Hesabat ili ərzində iqtisadiyyatda əsas kapitala qoyulmuş 17,2 milyard manat investisiyaların 65,5 faizi, yaxud 11,3 milyard manatı qeyri-neft sektoruna yönəlib. 2018-ci il ərzində ölkənin qeyri-neft sektorunda 47 milyard manata yaxın əlavə dəyər yaradılıb ki, bu da əvvəlki illə müqayisədə 1,8 faiz çox olub. Qeyri-neft sektorunda yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 58,8 faiz təşkil edib. Qeyri-neft sənayesində yaradılan əlavə dəyərin həcmi əvvəlki illə müqayisədə 7,4 faiz artaraq 3,5 milyard manata çatıb. İl ərzində qeyri-neft sektorunda yaradılmış əlavə dəyərdə qeyri-neft sənayesinin xüsusi çəkisi 7,6 faiz olub.

Bu ilin ilk rübündə də sosial-iqtisadi sahələrdə yüksək göstəricilər əldə edilib. Belə ki,  ümumi daxili məhsul 3 faiz artıb. Valyuta ehtiyatları 46,7 milyard dollar səviyyəsinə çatıb.  İqtisadiyyata 2,8 milyard dollar sərmayə qoyulub, büdcə daxilolmaları 200 milyon manatdan çox, büdcə xərcləri  25 milyard 200 milyon manata qədər artıb. Bütün bunlarla bərabər bu dövrdə sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz, kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz yüksəlib.
İlin ilk rübündə qeyri-neft sektoruna 2 milyard dollar investisiya yatırılıb. Minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, məcburi köçkünlərə verilən müavinət  50 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə artıb. İnflyasiya isə 2,1 faiz səviyyəsində qeydə alınıb.  
Məhz əldə edilən bu yüksək göstəricilərin nəticəsidir ki, cari ilin birinci rübündə respublikada 3 milyon vətəndaşın rifahına birbaşa təsir göstərən sosial xarakterli  tədbirlər gerçəkləşdirilib. Dövlət başçısı bu ilin əvvəlindən başlayan islahatların əsas hədəfinin də Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək, mövcud olan nöqsanları aradan qaldırmaq, vətəndaşlarda narahatlıq doğuran problemləri tamamilə gündəlikdən çıxarmaq, insanların rifah halını yaxşılaşdırmaq və daha güclü, qüdrətli dövlət qurmaqdan ibarət olduğunu vurğulayıb.
Qarşıdakı dövrdə islahatların daha da sürətləndiriləcəyi gözlənilir. Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında islahatların qarşıdakı hədəfləri və iqtisadiyyatın yeni inkişaf strategiyasının hazırlandığını  da bəyan edib: “Hazırda iqtisadiyyatımızın yeni inkişaf strategiyası üzərində işləyirik, bu proses başlanmışdır. Bu prosesə qabaqcıl beynəlxalq mütəxəssislər, alimlər cəlb ediləcək ki, yeni inkişaf strategiyamız uğurlu olsun və gözəl nəticələrə gətirib çıxarsın. Bu günə qədər görülmüş işlər bunun üçün gözəl zəmin yaratdı. Biz əsas infrastruktur layihələrini icra etdik”.
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə son bir ildə Azərbaycanda uğurlu islahatlar aparılıb. Biznes mühitinin əlverişliliyinin daha da artırılması üçün vergi və gömrük islahatları davam etdirilib, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elektron satınalma, tikintidə bir pəncərə, biznesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində qətiyyətli addımlar atılıb. 
Azərbaycanda biznesə başlama indikatoru üzrə hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb. Belə ki, hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti 3,5 gündən 0,5 günə endirilib, ilkin qeydiyyatla bağlı 90 manat təşkil edən xərclər ləğv edilərək prosedurun tam ödənişsiz olması müəyyənləşdirilib. 
Xatırladaq ki, hazırda yeni qeydiyyat sisteminə əsasən qeydiyyat sənədləri yalnız vergiödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət olmur. Yeni xidmətdən yararlanmaq istəyən istifadəçilər, “ASAN imza” olmadan elektron qeydiyyat sistemində FİN kodla identifikasiyadan keçirlər. Aparılan islahatlar nəticəsində artıq dövlət qeydiyyatının aparılmasının (ƏDV qeydiyyatı və bank hesabının açılması, eyni zamanda, işçilərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyatı da daxil olmaqla) bir prosedurla tamamlanması mümkündür.
Bu gün tikintiyə icazə ilə bağlı bütün texniki şərtlər və rəylər də sahibkarın iştirakı olmadan elektron qaydada əldə edilir. Tikinti obyektinin istismarına icazə müddəti 20 gündən 10 günə endirilib. Tikintiyə və tikinti obyektinin istismarına icazə elektron müqavilə əsasında tam ödənişsiz aparılır. Tikinti və istismar üçün icazələrin alınması “bir pəncərə” prinsipi əsasında elektron şəkildə reallaşdırılır.
Reallaşdırılan yeniliklərdən biri də elektrik təchizatı şəbəkələrinə qoşulma  ilə bağlıdır. Belə ki, bu sahədə gerçəkləşdirilən  islahatlar nəticəsində sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulması ilə əlaqədar elektron müraciət imkanı yaradılıb. Bu məsələdə təkmilləşdirilən qaydalara əsasən sahibkarlarla təmas minimuma endirilib, şəbəkəyə qoşulma ilə əlaqədar sahibkarın iştirakı bir dəfə müraciət zamanı, bir dəfə də yekunda tikinti obyektinə elektrik enerjisinin verilməsi vaxtı tələb olunur.
Başqa bir yeniliyə də diqqət yetirək. Respublikada əmlakın qeydiyyatı üzrə aparılan islahatlar nəticəsində hazırda əmlakın qeydiyyatı ilə bağlı bütün xidmətlər Əmlak Xidmətləri Məkanında aparılır. Bir prosedurla tərəflərin müraciəti əsasında əmlakın qeydiyyatı prosesi həyata keçirilir. 
Onu da xatırladaq ki, aparılan islahatlar nəticəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən kağız çıxarış əldə olunması prosesi ləğv edilib, qeydiyyat tamamlandıqdan sonra qısa müddət ərzində elektron çıxarış onlayn göndərilir. Daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı problemlər üzrə müraciət, həmçinin müvafiq olaraq onların həlli üçün hər biri ilə əlaqədar ayrılıqda, xüsusi və müstəqil mexanizmlər fəaliyyət göstərir.
Son illər ərzində vergi sistemində də bir sıra yeniliklər edilib. Həyata keçirilən tədbirlər nəticəsində işə götürən tərəfindən ödənilən sosial sığorta haqqının dərəcəsi 22 faizdən 15 faizə endirilib. ƏDV-nin qaytarılması ilə bağlı vergi orqanlarına təqdim olunmalı ərizə elektronlaşdırılıb. 
Bu sahədə diqqətçəkən digər bir yenilik isə  vergiödəyiciləri üçün əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanan vergi məbləğindən artıq olan hissəsinin vergiödəyicisinin vergi və gömrük orqanlarına elektron formada ərizəni verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılması ilə bağlıdır. Həmçinin ƏDV-nin 3 ay ərzində geri qaytarılması müddəti də aradan qaldırılıb.
Beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması, vaxt və vəsaitə qənaət edilməsi məqsədilə gömrük sistemində aparılan islahatlar nəticəsində nəqliyyat vasitələrinin sərhədkeçmə vaxtı, o cümlədən tələb olunan sənədlərin sayı minimuma endirilib. Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etmələri, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydaları da təsdiq olunub. Bu da “Yaşıl dəhliz”  buraxılış sisteminin istifadəçilərinə idxal zamanı ölkəyə gətirilən malların şəxslərin anbarlarına birbaşa aparılması, gömrük bəyannaməsi təqdim olunduğu təqdirdə gömrük orqanlarının razılığı əsasında malların daşındığı nəqliyyat vasitələrindən müstəqil qaydada gömrük eyniləşdirmə vasitələrinin (plombların və s.) çıxarılması və malların boşaldılması ilə bağlı üstünlüklər verir. İxrac zamanı isə bu üstünlük gömrük orqanına getmədən ixrac olunan elektron gömrük bəyannaməsini təqdim etməklə, malları bəyan etdiyi gömrük sərhəd buraxılış məntəqəsinə birbaşa göndərməsi və gömrük orqanlarının tanıdığı eyniləşdirmə vasitələrinin (plomblar, möhürlər, ştamplar və s.) müstəqil tətbiq edilməsi ilə bağlıdır. Təsadüfi deyil ki, “Yaşıl dəhliz”  buraxılış sisteminin tətbiqi və sahibkarlara yanaşmada risk əsaslı yoxlamaların həyata keçirilməsi idxal zamanı ölkəmizin mövqeyinə öz təsirini göstərib.
Hazırda müəssisələrdə menecment və marketinq işinin təşkili, innovasiyaların, yeni texnologiyaların tətbiqi vasitəsilə iqtisadi səmərəyə nail olunması, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalı, bu məhsulların ixracı əsas məsələlərdən biridir. Bu istiqamətdə dövlət lazımi tədbirlər görür, xüsusilə sahibkarlığın inkişafı sahəsində həyata keçirilən islahatlar, qəbul edilən strateji qərarlar hazırda özəl sektorun ümumdaxili məhsulda payının 85 faizə çatmasına, eyni zamanda, məşğulluqda özəl sektorun 76 faiz təşkil etməsinə səbəb olub.
Bu gün ölkədə formalaşmış iqtisadi potensialda sahibkarların rolu danılmazdır. Onların istehsal etdikləri məhsullar, göstərdikləri xidmətlər hazırda daxili istehlak bazarını təmin etməklə yanaşı, xaricə ixrac olunur ki, bu da sözsüz ki, ölkəyə valyuta axını üçün zəmin yaradır.
Yeri gəlmişkən, Nazirlər Kabinetinin son iclasında dövlət başçısı cari ilin qarşıdakı aylarında reallaşdırılacaq layihələr barədə də məlumat verərək, bildirib ki, bu il ölkədə minimum min kilometr avtomobil yolunun çəkilməsi, şəhid ailələrinə dövlət tərəfindən ən azı 800 mənzil, Qarabağ müharibəsi əlillərinə ən azı 600 minik avtomobili  verilməsi, təqribən 6 mindən çox məcburi köçkün ailəsi üçün mənzillər tikilməsi nəzərdə tutulur.
İclasda qarşıdakı aylarda 10-a yaxın yeni mərkəzi rayon xəstəxanasının fəaliyyətə başlayacağı, iki Olimpiya idman mərkəzinin istifadəyə veriləcəyi, Bakıya 300 ən müasir avtobus gətiriləcəyi, sakibkarlara 170 milyon manat həcmində kredit  ayrılacağı, 5 şəhərdə içməli su layihəsinin başa çatdırılacağı, bölgələrdə 5, Bakıda 2 “ASAN xidmət” mərkəzlərinin  açılacağı diqqətə çatdırılıb.  
Prezident İlham Əliyev builki çıxışlarının birində  növbəti islahatların anonsunu verərək, vurğulayıb ki, islahatlar yalnız iqtisadi və sosial sfera ilə kifayətlənməyəcək: “İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir”.
Bütün bunlar isə onu göstərir ki, ölkə Prezidentinin həyata keçirdiyi islahatlar məhz dövlətin və xalqın maraqlarına xidmət edir. Ən əsası dövlət hər addımda öz vətəndaşının yanındadır. Dövlət başçısının elan etdiyi yeni islahatların isə təhsil, səhiyyə, məhkəmə və digər sahələrdə də dəyişikliklərə yol açacağı, vətəndaş məmnunluğunun daha da möhkəmlənəcəyi şübhəsizdir.   

 

Vaqif  BAYRAMOV,
“Xalq qəzeti”

 

24 2019 01:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə