Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik tarixində özünəməxsus yeri və önəmi zaman keçdikcə daha aydın görünür və yüksək dəyərləndirilir. Ümummilli lider Heydər Əliyev AXC-nin yaranmasını çoxminillik dövlətçilik ənənələrimizin ölməzliyinin təzahürü və xalqımızın müstəqillik arzularının gerçəkləşməsinin təntənəsi kimi qiymətləndirir, çağdaş müstəqil Azərbaycan dövlətinin onun hüquqi-siyasi varisi olduğunu vurğulayırdı.

AXC-nin şanlı dövlətçilik irsinin öyrənilməsi, ümumiləşdirilməsi həm dövrün tarixinin tədqiqi, həm də ordu quruculuğu sahəsində ənənənin bərpası və ondan düzgün nəticə çıxarılması baxımından elmi və praktiki əhəmiyyətə malikdir.
Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, AXC dövründə müstəqil dövlətin bütün atributları, o cümlədən milli ordumuz formalaşdırılmışdı.
Həmin dövrdə həm ermənilərin, həm də bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan ADR hökuməti 1918-ci il iyunun 19-da gərgin vəziyyəti nəzərə alaraq bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etmişdi. İyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olunmuşdu və Azərbaycanda milli ordunun təməli qoyulmuşdu. 
1918-1920-ci illərdə görkəmli generallarımız Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər peşəkar hərbçilərimizin rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərbi hazırlığa və intizama malik milli ordu hissələri formalaşdırıldı. O zaman Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov kimi istedadlı generalları var idi.
Qeyd olunduğu kimi, 26 iyun 1918-ci il tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də isə AXC-nin Hərbi Nazirliyi təsis edildi. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi.
Azərbaycanın istiqlaliyyətinin elan olunduğu tarixi şərait, onun qərar tutduğu bölgədə cərəyan edən proseslər xalqın müstəqilliyinə real dayaq ola biləcək güclü milli ordunun formalaşdırılmasını tələb edirdi. Hələ Türkiyə hərbi qüvvələri Azərbaycanda olarkən başlamış ordu quruculuğunu yenidən canlandırmaq və onu daha səmərəli aparmaq üçün 1918-ci il oktyabrın 23-də respublika hökumətinin iclasında Hərbi Nazirliyin yaradılması qərara alındı. Nazirlər Şurası tərəfindən belə bir qərar 1918-ci il noyabr ayının 1-də imzalandı. 
Yeni şəraitdə Azərbaycanın ərazi bütövlüyünün qorunması tamamilə Hərbi Nazirliyin üzərinə düşməli idi. Bu struktur hökumətin qarşısında dayanan tarixi vəzifələrin həllində çox mühüm rol oynadığından ona rəhbərliyi ilk vaxtlar Nazirlər Şurasının sədri F.Xoyski öz üzərinə götürdü. Tam artilleriya generalı Səməd bəy Mehmandarov nazir müavini təyin edildi və nazirliyin formalaşdırılması ona tapşırıldı.
Cəmiyyət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu yaradılmasının da özünəməxsus obyektiv qanunauyğunluqları var və bunlara riayət edilməməsi ordunun formalaşdırılmasında ciddi çətinlik yarada bilər. Bütün dövrlərdə, bütün ordular üçün ümumi olan qanunauyğunluqlar, eyni zamanda, milli ənənələrdən, xalqın mənəvi potensialından, ölkənin iqtisadi, siyasi, demoqrafik imkanlarından, coğrafi vəziyyətindən və s. irəli gələn xüsusiyyətləri də əhatə edir. 
Ordu quruculuğu üçün ümumi cəhətlər çoxluq təşkil etsə də, hər bir ölkədə bu prosesin həmin ölkəyə xas olan xarakterik xüsusiyyətləri də vardır. Azərbaycan xalq ordusunun qısa vaxt ərzində formalaşdırılmasının əsas səbəblərindən biri də bu idi ki, həmin prosesə rəhbərlik edən şəxslər ümumi nəzəri dəyərlər və əldə olan təcrübə ilə ordu quruculuğunun yerli şəraitindən irəli gələn xüsusiyyətlərini çox incəliklə və üzvi şəkildə birləşdirə bilmişdilər. 
Hərbi Nazirlik bərpa edildikdən sonra bu istiqamətdə müəyyən çətinliklər də mövcud idi. Bir tərəfdən, türk qoşunları Azərbaycanı yenicə tərk edirdilər. Cümhuriyyət ordusu quruculuğunun ilkin mərhələsi türk hərbçilərinin rəhbərliyi altında aparıldığından ordu daxilində onların dəsti-xətti qalmaqda idi. Digər tərəfdən, Cümhuriyyət ordusunda xidmət edən yüksək rütbəli zabitlərin, demək olar ki, hamısı xidməti çar ordusu sıralarında keçmişdilər və rus ordusunun ənənələri ruhunda tərbiyə olunmuşdular. 
Cümhuriyyət ordusunun milli dəyərlər üzərində formalaşdırılması üçün, ilk növbədə, bu təsirlərin Azərbaycan şəraitinə uyğun gəlməyən tərəfləri aradan qaldırılmalı idi. Həmin problem Hərbi Nazirliyin mövcud olduğu, təxminən, il yarım ərzində ardıcıl olaraq həll edildi. Ordu quruculuğuna türk və rus təcrübəsinin güclü təsirə malik olmasına baxmayaraq, Azərbaycanda milli zəminə söykənən bir ordu formalaşdırıldı və proseslərin sonrakı inkişafı da qonşu dövlətlərin ordu quruculuğu təcrübəsinin kor-koranə təkrarlanmamasının doğruluğunu təsdiqlədi.
1918-1920-ci illərdə Azərbaycanda ordu quruculuğunun başlıca aspektlərindən biri bu fəaliyyət sahəsinin dövlət ­quruculuğunun mərkəzində dayanması idi. Müstəqilliyin qorunması üçün düzgün seçilmiş siyasi-strateji xətt ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə real zəmin yaratmışdı. Hərbi quruculuq məsələləri yeni cəmiyyət quruculuğunun bütün sahələri ilə sıx şəkildə tənzimlənir, bütün imkanların Azərbaycanın ərazi bütövlüyünün qorunmasına səfərbər olunması üçün təxirəsalınmaz və qəti addımlar atılırdı.
Həm ali qanunvericilik orqanı olan ölkə parlamenti, həm də icraedici orqan olan Nazirlər Şurası bu istiqamətdə öhdələrinə düşən vəzifələrə böyük məsuliyyətlə yanaşırdılar. 
Ölkə parlamenti mövcud olduğu dövrdə hərbi quruculuğun müxtəlif sahələri ilə bağlı 9 qanun layihəsini nəzərdən keçirmiş və müvafiq qərarlar qəbul etmişdi. Həmin qərarların hər biri dövlətin müdafiə gücünün artırılması üçün həm cari, həm də perspektiv əhəmiyyətə malik idi və bu qərarlar icraedici orqanların fəaliyyətinin istiqamətləndirilməsi üçün əsas kimi qəbul edilmişdi. Öz işini ölkə daxilində cərəyan edən proseslərlə sıx surətdə əlaqələndirən parlament dövlətin müstəqilliyinin qorunması sahəsində gərginlik yaradan məsələlərə dərhal reaksiya verir və bunları müzakirə obyektinə çevirirdi.
Hərbi Nazirliyin bərpa edilməsindən sonra, ilk növbədə, pərakəndə olan hissələri möhkəmləndirmək, onları vahid rəhbərlik altına gətirmək üçün mərkəzi hərbi idarəetmə orqanlarının təşkilinə diqqət yetirildi. Qısa müddət ərzində Hərbi Nazirliyin aparatı yaradıldı. Nazirliyin təşkili barədə hökumət qərarından iki həftə sonra, noyabrın 15-də ordunun ümumi qərargahının təsis edilməsi barədə S.Mehmandarovun müvafiq əmri ­imzalandı.
Mudros müqaviləsinin şərtlərinə görə müttəfiq dövlətlər adından Bakıya gəlməli olan ingilis qüvvələri komandanı general V.Tomson hələ Azərbaycana qədəm qoymamışdan əvvəl tələb edirdi ki, 1918-ci il noyabrın 17-dək türk qoşunları kimi Azərbaycan qoşunları da Bakı şəhərini tərk etsin. Çünki Tomson Bakı şəhərini istər iqtisadi, istərsə də hərbi-siyasi baxımdan mühüm strateji mərkəz sayırdı və ona nəzarəti tamamilə öz əlində saxlamaq istəyirdi. O, müstəqil Azərbaycan hökumətini tanımaq istəmədiyi kimi, onun nəzarəti altında olan hərbi qüvvələrə də etibar etmirdi. 
Bu səbəbdən 1918-ci il noyabrın 22-də Hərbi Nazirlik Gəncəyə köçdü və öz fəaliyyətini burada davam etdirdi. İngilis qoşunlarının komandanlığı Hərbi Nazirliyin Bakıdan kənarda fəaliyyət göstərməsinə etiraz etmirdi. Bütün hökumət strukturlarının Bakıda yerləşdiyi halda, Hərbi Nazirliyin Gəncəyə köçürülməsi, şübhəsiz ki, bu strukturla hökumət orqanlarının əlaqələrində və bütünlüklə ordunun formalaşma prosesində çətinliklər yaradırdı. Bununla belə Hərbi Nazirliyin rəhbərliyinin səmərəli fəaliyyəti ordu quruculuğu prosesində bir ardıcıllıq yaratdı. 
Bu istiqamətdə düzgün siyasətin formalaşması və onun yerinə yetirilməsi üçün yüksək təşkilatçılıq işlərinin həyata keçirilməsi qısa zaman ərzində öz nəticəsini verdi. Həmin səmərəli fəaliyyətin nəticəsi idi ki, Cümhuriyyət ordusunun əsas qüvvələri də məhz Hərbi Nazirliyin Gəncədəki fəaliyyəti zamanı təşkil edilmişdi.
Hərbi Nazirlik yaradılana kimi mövcud olan hissə və birləşmələr başlıca olaraq Gəncə və Qarabağda yerləşdirilmişdi. Bu da tarixi şəraitlə və qoşun hissələrinin icra etdikləri vəzifələrlə bağlı idi. Hərbi Nazirlik Gəncədə yerləşəndən dərhal sonra, 1918-ci il noyabrın 27-dən dekabrın 3-dək ordu rəhbərliyi Gəncə və Ağdam ətrafında yerləşən hərbi hissələrə səfər etdi və oradakı vəziyyətlə şəxsən tanış oldu.
Hərbi nazir hələ türk qoşunları Azərbaycanda olarkən təşkil edilmiş bu hissələrdə çox ciddi nöqsanlarla rastlaşdı və bu onları ümumiləşdirərək xüsusi əmr imzaladı və hissə komandirlərindən belə nöqsanların aradan qaldırılmasını tələb etdi. Hər şeydən əvvəl o, hissə və bölmə komandirləri qarşısında belə bir vəzifə qoydu: müstəqil Azərbaycan Ordusunda xidmət edən bütün şəxslərin dərhal Azərbaycan Respublikasına sədaqət andı içməsi təşkil edilsin.
1918-ci ilin sonu, 1919-cu ilin əvvəllərində Hərbi Nazirliyin rəhbərliyində və strukturunda qismən dəyişiklik edildi ki, bu da ordunun formalaşması prosesinə müsbət təsir göstərdi. Nazirlər Şurasının 25 dekabr 1918-ci il tarixli qərarı ilə tam artilleriya generalı Səməd bəy Mehmandarov hərbi nazir təyin edildi. Hökumətin 29 dekabr 1918-ci il tarixli qərarı ilə general-leytenant Ə.Şıxlinski hərbi nazirin müavini təyin edildi. Bu qərar da Azərbaycan Ordusunun formalaşdırılması istiqamətində hökumətin qəbul etdiyi dəyərli qərarlardan biri idi. Çünki onların təcrübəsi və biliyi orduda quruculuq işlərinin səmərəli xarakter almasına zəmin yaratdı.
Hərbi Nazirliyin rəhbərliyi ordu və dövlət arasındakı münasibətlərin mahiyyətini kifayət qədər dəqiqliklə müəyyənləşdirmiş və bütün fəaliyyəti boyu ona riayət etmişdi. S.Mehmandarov əmrlərində dəfələrlə qeyd etmişdi ki, ordu heç bir siyasətə qarışmamalı, ona tapşırılan vəzifələrin icrası ilə məşğul olmalıdır. 
Məhz bu tələbi rəhbər tutmağın nəticəsi idi ki, respublika hökumətinin bir neçə kabineti təşkil edilsə də, Hərbi Nazirliyin rəhbərliyi dəyişməz qalmışdı. S.Mehmandarov və onun silahdaşlarının prinsipiallığı, ardıcıllığı bütün kabinetlər tərəfindən yüksək qiymətləndirilmişdi. Yeni yaranan hökumət kabinetlərinin rəhbərləri Hərbi Nazirliyin rəhbərliyini dəyişməz olaraq saxlamışdılar.
Azərbaycan parlamentinin 1919-cu il avqustun 18-də keçirilmiş iclasında “Gömrüyə münasibətdə Azərbaycan Respublikasının Sərhəd Mühafizəsinin təsis edilməsi haqqında Qanun” qəbul edildi. 8 maddədən ibarət olan həmin qanunun 1-ci maddəsində göstərilirdi: “Azərbaycan Respublikasının sərhədlərini qeyri-leqal ticarətdən qorumaq və qaçaqmalçılıqla mübarizə aparmaq məqsədilə Azərbaycanın sərhədləri boyu, əlavə edilən dislokasiya məntəqələrinə uyğun olaraq, sayı 99-a çatan, 992 mühafizəçidən ibarət tərkibdə sərhəd postları təsis edilsin”.
Təəssüf ki, Azərbaycanın bolşevik rus ordusu tərəfindən işğalından sonra müstəqilliyimizin ən mühüm atributu olan milli ordu hissələri ləğv edildi. Azərbaycan keçmiş İttifaqın tərkibində olduğu illərdə milli zabit korpusunun formalaşmasına, azərbaycanlıların yüksək hərbi vəzifələrə irəli çəkilməsinə Sovet rəhbərliyi tərəfindən daim süni maneə yaradılırdı ki, bu da məqsədli xarakter daşıyırdı.
Həqiqətən, bu hərbi məktəb müstəqilliyimizi əldə etdikdən sonra milli ordu quruculuğunun əsas dayağına çevrildi. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu ənənəsinin və təcrübəsinin nəzərə alınması 70 il sonra müstəqil dövlətin güclü milli ordusunun yaradılması üçün son dərəcə gərəkli oldu. Əsası AXC dövründə qoyulmuş Azərbaycan ordusu hazırda regionun ən güclü hərbi qüvvəsi, dünyanın isə 50 qüdrətli ordusu ­sırasındadır.

 

Mehman SÜLEYMANOV,
Silahlı Qüvvələrin Hərbi  Akademiyasının professoru, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik

 

24 2019 01:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə