Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Füyuzat Mərkəzi”inin açılış mərasimi keçirilib

“Füyuzat Mərkəzi”inin açılış mərasimi keçirilib

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə Jurnalistika fakültəsində “Füyuzat Mərkəzi”inin açılış mərasimi keçirilib.

Açılışda çıxış edən  BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə universitet və Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) birgə layihəsi əsasında qurulan “Füyuzat Mərkəzi”nin açılışını yüksək qiymətləndirib, onun tələbə və müəllimlər üçün yaradacağı imkanlar barəsində danışıb. Gənc nəslin intellektual və mənəvi inkişafının təmin edilməsinin, ictimai fəallığının artırılmasının, gənclərin sosial-məişət və məşğulluq problemlərinin dövlətin daim diqqət mərkəzində olduğunu vurğulayan A.Kazımzadə, tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətə davamlı olmaları üçün belə mərkəzlərin yaradılmasının əhəmiyyətini qeyd edib.

“Füyuzat Mərkəzi”nin əsas məqsədinin xalqımızın milli-mənəvi dəyərlərini, irsini, mədəniyyətini, tarixini qoruyub saxlamaq və inkişaf etdirmək, tələbələrin bilik və bacarıqlarını artırmaq, istedadlı gənclərin inkişafına yardım göstərmək olduğunu vurğulayan Aydın Kazımzadə, qurumun Azərbaycan mediasının inkişafı naminə peşəkar jurnalistlərin hazırlanması istiqamətində səmərəli fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.

“Respublika” qəzetinin və “Füyuzat” jurnalının Baş redaktoru, professor Teymur Əhmədov mərkəzin fəaliyyətə başlamasını tarixi hadisə adlandırıb. Bildirib ki, mərkəz, eyni zamanda BDU-nun tələbə və magistrantlarının MİMTA-da təcrübə keçməsi və işə cəlb olunması məsələlərini diqqətdə saxlayacaq.

Daha sonra çıxış edən Azərbaycan Mətbuat Şurasını sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, “Füyuzat Mərkəz”ində maarifləndirici tədbirlər, müxtəlif mövzular üzrə təlimlər, elm, təhsil, mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində xidmətləri olan ziyalılarla görüşlər, milli-mənəvi dəyərlərin təbliği, gənc nəsildə vətənpərvərlik şüurunun inkişafı ilə bağlı seminar, yaradıcılıq müsabiqələri və layihələr keçiriləcək.

MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov mərkəzin fond üçün önəmi və qarşıda duran vəzifələri haqqında fikirlərini bölüşüb.

Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu mərkəzin tələbələrin inkişafına böyük töhfələr verəcəyinə əminliyini ifadə edib: “Füyuzat Mərkəzi”nin fəaliyyət planında Azərbaycan mətbuatı tarixinin öyrənilməsi və tanıtımı, maarifləndirci tədbirlərin, BDU müəllimlərinin mühazirələrinin təşkili, MİMTA Fondu əməkdaşlarının müxtəlif mövzular üzrə təlimlərinin keçirilməsi nəzərdə tutulur". O, bildirib ki, “Füyuzat Mərkəzi” yalnız Jurnalistika fakültəsinin deyil, universitetin ən aparıcı mərkəzlərindən birinə çevriləcək.

Mərkəzin koordinatoru Afaq Sadıqova mərkəzdə onlayn media, nəşriyyat-poliqrafiya işləri ilə bağlı dərnək və kursların qurulması, “Füyuzat” və “İşıq” jurnallarının yazarları, eləcə də elm, təhsil, mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində xidmətləri olan ziyalılarla tələbələr arasında görüşlərin keçirilməsinin də yer alacağına diqqət çəkib.

Açılış mərasimində filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin Baş redaktoru Azər Turan, şərqşünas alim Allahşükür Qurbanov, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, “Füyuzat” jurnalının məsul katibi Mübariz Yunus və digərləri “Füyuzat Mərkəzi”nin gələcək fəaliyyəti barədə çıxış edərək uğurlar arzulayıblar.

Qeyd edək ki, MİMTA Fondu və BDU-nun anlaşma layihəsi əsasında təşkil olunmuş mərkəzin qurulmasına 2017-ci ildə - “Füyuzat” jurnalının 110 illiyi ərəfəsində başlanılıb. 2019-cu ildə BDU-nun 100, Jurnalistika fakültəsinin, 50, klassik “Füyuzat” jurnalının banisi Əli bəy Hüseynzadənin isə 155 illiyi ilə bağlı “Füyuzat Mərkəzi”nin açılışının gerçəkləşdirilməsi qərara alınıb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

23 2019 11:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə