Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 230    Bakı şəhəri, 20 may 2019-cu il


“Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 
5 iyul tarixli 164 nömrəli Fərmanının 
1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

 

 

Azərbaycan  Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 20 may

tarixli 230 nömrəli Qərarı ilə

təsdiq  edilmişdir.

 

Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (baza ali tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə

köçürülməsi Qaydaları

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalarda “subbakalavrlar” dedikdə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq orta ixtisas təhsili pilləsi üzrə “subbakalavr”  peşə-ixtisas dərəcəsi almış şəxslər başa düşülür.

  1.3. Bu Qaydalarda istifadə olunan anlayışlar “Təhsil haqqında” Azərbaycan Respublikasının  Qanununda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulan mənaları ifadə edir.

 

2. Bakalavrların orta ixtisas təhsili müəssisələrinə qəbulu

 

2.1. Bakalavrlar ali təhsil pilləsi üzrə aldıqları ixtisasdan asılı olmayaraq, orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla müsabiqədənkənar qəbul olunmaq hüququna malikdirlər. Orta ixtisas təhsili pilləsində dövlət hesabına  təhsil almaq üçün bakalavrlar Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən orta ixtisas təhsili müəssisələrinə keçirilən müsabiqədə ümumi qaydada iştirak etməlidirlər.

2.2. Orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq istəyən bakalavrlar ərizə ilə həmin təhsil müəssisələrinə müraciət edir və aşağıdakı sənədləri qəbul olunmaq istədikləri orta ixtisas təhsili müəssisələrinə təqdim edirlər:

  2.2.1. Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər pasportlarını və (və ya) icazə vəsiqələrini), vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədlərini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

  2.2.2. ali təhsil haqqında sənədin və ona əlavənin notarial qaydada təsdiq edilmiş surətini;

2.2.3. əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər bu Qaydaların 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərində qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini və bu Qaydaların 2.2.2-ci yarımbəndində qeyd olunan ali təhsil haqqında sənədin Azərbaycan Respublikasında tanınması barədə şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətini.

2.3. Orta ixtisas təhsili müəssisələrinə bakalavrların müsabiqədənkənar qəbulu təhsil müəssisəsi tərəfindən aparılır.

2.4. Bakalavrın orta ixtisas təhsil müəssisəsinə müsabiqədənkənar qəbul edilməsi ilə bağlı əmr yalnız Azərbaycan Respublikasında təhsil alan bakalavrın bu Qaydaların 2.2-ci bəndinə uyğun olaraq təqdim etdiyi sənədlər Mərkəzin “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sistemi vasitəsilə, xarici ölkədə təhsil alan bakalavrın isə bu Qaydaların 2.2.3-cü yarımbəndinə uyğun olaraq təqdim etdiyi şəhadətnamə Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) məlumat bazası üzərindən yoxlanıldıqdan sonra və həmin məlumatlarda uyğunsuzluq və (və ya) çatışmazlıq aşkar edilmədikdə verilir. 

2.5. Bakalavrın bu Qaydaların 2.2-ci bəndinə uyğun olaraq təqdim etdiyi sənədlərdə uyğunsuzluq və (və ya) çatışmazlıq aşkar edildikdə və onların aradan qaldırılması mümkün olmadıqda, bakalavrın orta ixtisas təhsili müəssisəsinə qəbul edilməsindən imtina olunur.

2.6. Müvafiq ixtisaslar üzrə qəbul olunacaq bakalavrların sayı mövcud maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla, təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.

2.7. Orta ixtisas təhsili müəssisəsi bakalavrın həmin təhsil müəssisəsinə qəbul edilməsi və ya qəbul edilməsindən imtina edilməsi (imtina səbəbi göstərilməklə) barədə 10 (on) iş günü müddətində ərizəçiyə məlumat verməlidir.

2.8. Bakalavrın orta ixtisas təhsili müəssisəsinin onun həmin təhsil müəssisəsinə qəbul edilməsindən imtina edilməsi barədə qərarından inzibati qaydada və ya məhkəməyə şikayət vermək hüququ vardır. 

 

3. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə

(əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar

üzrə subbakalavrların qəbulu

 

3.1. Subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın (bundan sonra – Tələbə Qəbulu Qaydaları) 3-cü hissəsi ilə müəyyən olunmuş qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmaq hüququna malikdirlər. İxtisasların uyğunluğu (müvafiqliyi) Mərkəzlə razılaşdırılmaqla, Nazirlik tərəfindən müəyyən olunur.

3.2. Qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmaq istəyən subbakalavrların ərizələrinin qəbulu Tələbə Qəbulu Qaydalarının 2.1-2.3-cü yarımbəndlərinə əsasən Mərkəz tərəfindən aparılır. Subbakalavrlar ərizə qəbulu zamanı Tələbə Qəbulu Qaydalarında göstərilən digər sənədlərlə yanaşı bitirdikləri orta ixtisas təhsili müəssisəsindən alınmış ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) barədə bu Qaydalara əlavədəki formaya uyğun arayış təqdim etməlidirlər.

3.3. Subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat  səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbul olunarkən, həmin təhsil müəssisələrində yalnız tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçmək hüququna malikdirlər.

3.4. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən subbakalavrlar Tələbə Qəbulu Qaydalarına uyğun olaraq, Mərkəzin rəsmi internet saytında seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın daxil olduğu komissiya üzrə qeydiyyatdan keçir və müəyyən edilmiş cədvəl üzrə ödənişli əsaslarla qabiliyyət imtahanlarında iştirak edirlər. Subbakalavrlar ərizələrində ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarını yalnız qabiliyyət imtahanından Nazirliklə razılaşdırılmaqla Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun qiymət aldıqları halda göstərmək hüququna malikdirlər.

3.5. Qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbul olunmaq istəyən subbakalavrlar və qəbul imtahanı verən abituriyentlər müsabiqədə eyni zamanda iştirak edirlər. Qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbul olunmaq istəyən subbakalavrlar müsabiqədə Mərkəzin Nazirliklə razılaşdırıl-maqla,  müvafiq ixtisas qrupları (müvafiq ixtisaslar) üzrə müəyyən etdiyi keçid balı əsasında (qəbul imtahanı verən abituriyentlər yerləşdirildikdən sonra) iştirak edirlər.

3.6. Subbakalavrlar ali təhsil müəssisələrinin müvafiq ixtisaslarını seçir, onları istədikləri ardıcıllıqla Mərkəzin rəsmi internet səhifəsində Tələbə Qəbulu Qaydalarının 2.1-ci bəndində göstərilən “Abituriyentin elektron ərizəsi”nə daxil edir və təsdiqləyirlər. Subbakalavr müsabiqədən keçdiyi  ilk ixtisasa yerləşdirilir.

3.7. Müsabiqədə aşağıdakı meyarlar üzrə göstəriciləri daha yüksək olan  subbakalavrlara üstünlük verilir:

  3.7.1. ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);

  3.7.2. təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası.

3.8. Subbakalavrın müvafiq ixtisaslar üzrə müsabiqədə imtahan vermədən iştirak etməsi onu Mərkəz tərəfindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində ümumi qaydada iştirak etmək hüququndan məhrum etmir. 

3.9. Subbakalavrın ali təhsil müəssisəsinə qəbul edilməsi zamanı bu Qaydaların 3.2-ci bəndinə əsasən təqdim etdiyi sənədlərdə uyğunsuzluq və (və ya) çatışmazlıq aşkar edildikdə və onların aradan qaldırılması mümkün olmadıqda, onun müsabiqədə iştirakına yol verilmir. Belə hallar müsabiqədən sonra aşkar edildikdə, subbakalavrın yerləşdirilməsi ləğv edilir.

 

4. Ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsilini)

səviyyəsini başa vurmayan şəxslərin orta ixtisas

təhsili müəssisələrinə köçürülməsi

 

4.1. Ali təhsil pilləsinin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) müvafiq ixtisas üzrə normativ təhsil müddətindən sonrakı 15 il müddətində (həqiqi hərbi xidmət müddəti istisna olmaqla) başa vurmayan şəxs təhsilini orta ixtisas təhsili müəssisəsində bu Qaydaların 4.10-cu bəndinə uyğun seçilmiş ixtisas üzrə davam etdirmək hüququna malikdir.

4.2. Ali təhsilin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi məsələsinə qış və yay tətili müddətində onların müraciəti əsasında baxılır.

4.3. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ali təhsil müəssisəsindən orta ixtisas təhsili müəssisəsinə köçürülməsi məsələsi də bu Qaydalarla tənzimlənir.

4.4. Xarici ölkələrin təhsil müəssisələrinin və Azərbaycan Respublikasında fəaliyyətini dayandırmış ali təhsil müəssisələrinin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin köçürülməsi məsələsinə orta ixtisas təhsili müəssisəsinin vəsatəti əsasında, Azərbaycan Respublikasında ali təhsilin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin köçürülməsi məsələsinə isə transfer.edu.az elektron portalı vasitəsilə Nazirlik tərəfindən baxılır.

4.5. Dövlət orqanlarının (qurumlarının) tabeliyində olan orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsi məsələsinə baxılan zaman həmin dövlət orqanlarının (qurumlarının) razılığı da tələb olunur.

4.6. Ali təhsilin bakalavriat səviyyəsindən (əsas (baza ali) tibb təhsilindən) orta ixtisas təhsili müəssisəsinə köçürülən şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.

4.7. Ali təhsilin bakalavriat səviyyəsindən (əsas (baza ali) tibb təhsilindən) orta ixtisas təhsili müəssisəsinə köçürülən şəxs həmin təhsil müəssisəsində köçürüldüyü ixtisas üzrə təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğdə təhsil haqqı ödəyir.

4.8. Xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali təhsil müəssisəsindən Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə yol verilmir.

4.9. Tələbə ali təhsil müəssisəsindən orta ixtisas təhsili müəssisəsinə köçürüldüyü halda, onun əvvəllər qazandığı kreditlər (təhsil nəticələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 dekabr tarixli 354 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.17-ci yarımbəndinin tələblərinə uyğun olaraq  nəzərə alınır.

4.10. Ali təhsilin bakalavriat səviyyəsini başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisəsinə köçürülməsi onların qəbul olunduqları və köçürüldükləri ixtisasların yalnız eyni ixtisas qrupuna daxil olduğu halda aparılır.

4.11. Bu Qaydaların 4.10-cu bəndində nəzərdə tutulan ixtisas qrupları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı” və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı” ilə müəyyən olunur.

4.12. Bu Qaydaların 4.11-ci bəndində göstərilən “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın “Təbiət ixtisasları qrupu”na və “Əsas (baza ali) tibb təhsili üzrə ixtisaslar qrupu”na  daxil olan ixtisaslar üzrə bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisəsinə köçürüldüyü ixtisasların siyahısı Nazirlik tərəfindən müəyyən olunur.

4.13. Azərbaycan Respublikasında ali təhsilin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi üçün onlar Nazirliyin transfer.edu.az elektron portalı vasitəsilə ərizə ilə müraciət etməli və ərizələrinə təhsil müddətində tədris olunan fənlər üzrə topladıqları kreditləri və qiymətləri (hərf və balla) özündə əks etdirən sənədi (bundan sonra – akademik transkript) və təhsil haqqı borclarının olmaması barədə arayışı əlavə etməlidirlər.

  4.14. Bu Qaydaların 4.13-cü bəndində nəzərdə tutulan ərizəçinin təqdim etdiyi sənədlərdəki məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemində mövcud olan müvafiq məlumatlarla  tutuşdurulur, sənədlərdə uyğunsuzluq və (və ya) çatışmazlıq aşkar edilmədikdə, ərizəçinin köçürülməsi ilə bağlı müsbət qərar qəbul olunur və Nazirlik tərəfindən ərizəçinin köçürüldüyü orta ixtisas təhsili müəssisəsinə Nazirliyin razılıq məktubu, ərizəçinin təhsil aldığı ali təhsil müəssisəsinə isə onun şəxsi işinin ərizəçinin köçürüləcəyi təhsil müəssisəsinə göndərilməsi ilə bağlı məktub təqdim edilir.

  4.15. Bu Qaydaların 4.13-cü bəndində nəzərdə tutulan ərizəçinin sənədlərində uyğunsuzluq və (və ya) çatışmazlıq aşkar edildikdə, Nazirlik tərəfindən köçürülmədən imtina barədə qərar qəbul edilir və imtinanın səbəbləri göstərilməklə, bu  barədə ərizəçiyə 3 (üç) iş günü müddətində məlumat verilir.

4.16. Xarici ölkələrin təhsil müəssisələrində, eləcə də Azərbaycan Respublikasında fəaliyyətini dayandırmış ali təhsil müəssisəsində bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin  orta ixtisas təhsili müəssisələrinə köçürülməsi üçün onlar ərizə ilə köçürülmək istədiyi orta ixtisas təhsili müəssisəsinə müraciət etməli və  ərizələrinə aşağıdakı sənədləri əlavə etməlidirlər:

  4.16.1. akademik transkript;

  4.16.2. Mərkəz tərəfindən keçirilən qəbul imtahanlarında iştirak edib-etməməsi barədə arayış.

  4.17. Xarici ölkələrin təhsil müəssisələrində təhsil alan şəxslər bu Qaydaların 4.16-cı bəndində göstərilən sənədlərlə yanaşı, həmçinin təhsil aldıqları müddətdə onların təhsil aldıqları ölkəyə gedib-gəlmələrinə dair təsdiqləyici sənədləri və  bu Qaydaların 4.16.1-ci yarımbəndində göstərilən sənədin  notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də əlavə etməlidirlər. 

4.18. Xarici ölkələrin təhsil müəssisələrində təhsil alan ərizəçinin müraciət etdiyi orta ixtisas təhsili müəssisəsi onun həqiqətən xarici ölkədə təhsil almasını, onun təhsil aldığı ali təhsil müəssisəsinin həmin ölkədə akkreditasiyasının olmasını müəyyən etmək üçün təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkənin aidiyyəti qurumlarına sorğu göndərir. Orta ixtisas təhsili müəssisəsi göndərdiyi sorğuya müsbət cavab aldığı halda, ərizəçinin köçürülməsi ilə bağlı Nazirlik qarşısında vəsatət qaldırır.

  4.19. Xarici ölkələrin təhsil müəssisələrindən, eləcə də ölkəmizdə fəaliyyətini dayandırmış ali təhsil müəssisəsindən köçürülmə ilə bağlı orta ixtisas təhsili müəssisəsinin vəsatətinə və ərizəçinin bu Qaydaların 4.16.1-ci yarımbəndinə uyğun olaraq təqdim etdiyi akademik transkriptə əsasən ərizəçinin orta ixtisas təhsili müəssisəsinin vəsatətində və ya ərizəçinin ərizəsində qeyd olunan  ixtisasa  uyğunluğu Nazirlik tərəfindən müəyyən edilir.

4.20. Nazirlik xarici ölkələrin təhsil müəssisələrində təhsil alan şəxslərin təhsil aldıqları müddətdə təhsil aldıqları ölkəyə gedib-gəlmələrinə dair təsdiqləyici sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları,məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bu mümkün olmadığı hallarda, həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

4.21. Dövlət orqanları (qurumları) Nazirliyin bu Qaydaların 4.20-ci bəndində nəzərdə tutulmuş sorğusuna ən geci 7 (yeddi) iş günündə baxaraq cavab verməlidirlər.

4.22. Nazirlik orta ixtisas təhsili müəssisəsinin və bu Qaydaların 4.16-cı bəndində nəzərdə tutulmuş ərizəçinin Qaydaların tələbləri nəzərə alınmaqla təqdim etdikləri sənədlərində uyğunsuzluq və (və ya) çatışmazlıq aşkar etmədikdə, ərizəçinin köçürülməsi ilə bağlı müsbət qərar qəbul edir və 5 (beş) iş günü müddətində orta ixtisas təhsili müəssisəsinə göndərir. Köçürülmə məsələsinə baxılan zaman ərizəçinin akademik göstəriciləri də nəzərə alınır.

4.23. Nazirliyin müvafiq məktubu daxil olduqdan sonra bu Qaydaların 4.13-cü bəndində nəzərdə tutulan ərizəçinin təhsil aldığı ali təhsil müəssisəsinin rəhbəri onun orta ixtisas təhsili müəssisəsinə köçürülməsi ilə bağlı həmin təhsil müəssisəsindən xaric olunması barədə əmr verir və akademik transkriptlə birlikdə tələbənin şəxsi işini 5 (beş) iş günü müddətində onun köçürüldüyü orta ixtisas təhsili müəssisəsinə göndərir.  Ərizəçinin şəxsi işi ali təhsil müəssisəsi tərəfindən onun özünə və ya etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsinə verilə bilər. Azərbaycan Respublikasında fəaliyyətini dayandırmış təhsil müəssisələrinin  bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin şəxsi işi ərizəçiyə onun müraciəti əsasında Nazirlik tərəfindən və ya “Milli arxiv Fondu haqqında”  Azərbaycan Respublikasının Qanununa əsasən verilir. Xarici ölkələrin təhsil müəssisələrində bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan ərizəçinin şəxsi  işi onun özü tərəfindən orta ixtisas təhsili müəssisəsinə təqdim edilir.

4.24. Ərizəçinin köçürüldüyü orta ixtisas təhsili müəssisəsi ərizəçinin şəxsi işi daxil olduqdan sonra 5 (beş) iş günü müddətində akademik transkriptlə köçürüldüyü ixtisasın tədris planındakı fənlər üzrə kreditləri müqayisə edir, uyğun olanları nəzərə alır və onun tələbə kontingentinə daxil edilməsi barədə əmr verir.

4.25. Ali təhsil pilləsinin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) normativ təhsil müddətindən sonrakı 15 il müddətində (həqiqi hərbi xidmət müddəti istisna olmaqla) başa vurmayan və ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər də təhsillərini orta ixtisas təhsili müəssisələrində davam etdirmək hüququna malikdirlər. Onların orta ixtisas təhsili müəssisələrinə bərpası bu Qaydaların 4.2-4.24-cü bəndləri ilə tənzimlənir.

 

5. Yekun müddəa

 

5.1. Bakalavrlar orta ixtisas təhsili müəssisələrinə, subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbul olunduqda və ya ali təhsilin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslər orta ixtisas təhsili müəssisələrinə köçürüldükdə, onların müvafiq ixtisasın təhsil proqramı üzrə topladığı kreditlər nəzərə alınır.

 

“Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (baza ali tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”na

                                                               

əlavə

 

 

ARAYIŞ №

 

 

Verilir __________________________________ ondan ötrü ki, o,

(soyadı, adı, atasının adı)

 

______________________________________________________

(təhsil müəssisəsinin adı)

 

______________________________________________________

(təhsil aldığı ixtisasın adı)

 

ixtisası üzrə _________ ildə  ______________________________

                                                               (rəqəm və sözlə)

 

_____ Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) ilə bitirmişdir.

 

 

 

Məsul şəxs __________          ___________________________

                                (imza)                                                  (soyadı, adı, atasının adı)

 

 

 

M.Y.

 

Tarix _____ ___________ 20___ il

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə