Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Prezident – xalq” vəhdətinin növbəti nümunəsi

“Prezident – xalq” vəhdətinin növbəti nümunəsi

Prezident İlham Əliyevin Bakı şəhəri və ətraf qəsəbələrin inkişafına xüsusi diqqət və qayğısı yenidənqurma və abadlıq işlərinə geniş imkan yaradıb. Bununla əlaqədar son illər bir sıra tədbirlər həyata keçirilmiş, dövlət proqramları təsdiqlənmişdir. Mən 27 saylı Sabunçu ikinci seçki dairəsindən Milli Məclisə seçilmiş deputat kimi, seçicilərimlə keçirdiyim görüşlər zamanı da əhalinin abadlıq və yenidənqurma işlərindən, həmçinin onları narahat edən məsələlərin qısa müddət ərzində aradan qaldırılmasından, ­əmin-amanlıqdan razılıq etmələrinin şahidi olmuşam.

Sakinləri narahat edən əsas məsələlər qaz, su və elektrik enerjisinin daimi verilməsi, yol infrastrukturunun yaxşılaşdırılması, məşğulluğun artırılmasıdır. Artıq bu məsələlər tədricən öz həllini tapır. Son illər paytaxt rayonlarında tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almışdır. İndiyədək yol-nəqliyyat sisteminin əsaslı təmiri və yenidən qurulması, əhalinin kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi, şəhər nəqliyyatının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Bu gün də yenidənqurma işləri uğurla davam etdirilir.
Bakıətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması xeyli dəyişmiş, qaza, suya, elektrik enerjisinə olan tələbatın ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin – məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülmüşdür. Bu günlərdə Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışı və dövlət başçımızın həmin tədbirdə iştirakı, sakinlərlə görüşü Bakıətrafı qəsəbələrin abadlaşdırılması istiqamətində daha bir uğurlu addım oldu. 
Son illər Sabunçu rayonu ərazisində yeni müəssisələrin, parkların, istirahət mərkəzlərinin, sosialyönümlü obyektlərin açılışında möhtərəm Prezidentimiz şəxsən iştirak edib. Bu, Bakıərtafı qəsəbə və kəndlərin inkişafının Prezidentin diqqət mərkəzində saxlanılmasından xəbər verir. Bakı sərnişin – Sabunçu dəmir yolu xəttinin açılışı bu qayğının növbəti təzahürüdür. 
Payataxtın mərkəzi ilə Bakıətrafı qəsəbə və kəndləri birləşdirən, əhali üçün çox əlverişli olan bu dəmir yolu xətti müstəqilliyimizin bərpasından sonra ilk illərdə ölkədə baş alıb gedən özbaşınalıq, idarəetmədəki naşılıq, habelə baxımsızlıq ucbatından yararsız hala düşmüşdü. Dövlət başçımızın qarşıya qoyduğu vəzifələrdən biri də həmin dəmir yolunun bərpası idi. Artıq uzun illərin intizarından sonra bu məsələ də öz həllini tapdı.
Görülən işlərlə yerində tanış olan Prezident İlham Əliyev bir daha bildirdi ki, hər bir qəsəbənin problemləri diqqət mərkəzindədir: “Çalışırıq ki, bütün qəsəbələrdə quruculuq-abadlıq işləri aparılsın, vətəndaşlar üçün yeni imkanlar yaradılsın”. 
Dövlət başçımızın tədbirdə iştirakı zamanı əsas diqqət çəkən məqamlardan biri də yaxınlıqdakı mağazaya girməsi, alıcılar və satıcılarla səmimi söhbət etməsi oldu. Cənab Prezident içəri daxil olan kimi satıcı və alıcılarla salamlaşıb hal-əhvallarını, işlərinin necə getdiyini soruşdu. Sonra qəsəbə sakinləri ilə təəssüratlarını bölüşüb, onların problemləri ilə maraqlandı. Bu fakt ­“Prezident – xalq” vəhdətinin növbəti nümunəsidir. Son illər dəfələrlə şahidi olmuşuq ki, dövlətimizin başçısı regionlara səfərləri zamanı əhali ilə bir yerdə olur, onların təkliflərini, şikayətlərini dinləyir, hətta sakinlərlə birlikdə şəkil çəkdirir. Bu, dövlət başçısının səmimiyyətinin, humanistliyinin, qayğıkeşliyinin və insanlara verdiyi yüksək dəyərin bariz nümunəsidir. 

 

Dilarə CƏBRAYILOVA,
Milli Məclisin deputatı

 

 

22 2019 23:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə