Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Xalq Cümhuriyyəti – tariximizin şanlı səhifəsi

Azərbaycan Xalq Cümhuriyyəti  –  tariximizin şanlı səhifəsi

Azərbaycan XX əsrə böyük bir xalq olaraq, özünün qüdrətli və ­savadlı ziyalı dəstəsi ilə qədəm qoydu. Siyasət meydanında özünü göstərə biləcək, Qərbin və Rusiyanın müxtəlif universitetlərində təhsil almış ictimai və siyasi xadimlər Azərbaycan qarşısında övladlıq və vətəndaşlıq borcunu yerinə yetirmək üçün əlverişli şərait gözləyirdilər. Belə bir əlverişli şəraitin artıq işartıları görünürdü.

1905-ci ilin yaz və yay aylarında Bakıda başlanan milli hərəkat, Azərbaycanın digər şəhərlərinə də yayıldı. Çar idarəsinin qoyduğu məhdudiyyətlərə baxmayaraq bölgələrdə Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayev, Fətəli xan Xoyski və digərlərinin başçılığı ilə Azərbaycan türklərinin siyasi, sosial, iqtisadi ehtiyacları ilə bağlı toplantılar keçirilir, gələcək planlar irəli sürülürdü.
Dünənə kimi uşaqları üçün ana dilində məktəb açmaq imkanı olmayan, qəzet nəşr etdirə bilməyən, seçki hüququ məhdudlaşdırılan və bir çox başqa haqları əllərindən alınan bir xalqın birdən-birə nailiyyətlər əldə etməsi çar hökuməti üçün gözlənilməz bir sürpriz oldu.
Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Adil xan Ziyadxanlı, Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Ələkbər bəy Xasməmmədov 1905-ci il inqilabının gətirdiyi azadlıq nemətlərindən Azərbaycan xalqı üçün əlindən gələn qədər daha çox pay qoparmaq istəyirdilər. Bu məqsədlə Rusiya Dövlət Dumasında təmsil olunan azərbaycanlı deputatlar imperiya məngənəsindən xilas olmaq üçün açıq çağırışlar edirdilər.
Birinci Dövlət Dumasında Azərbaycanı uğurla təmsil edən Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Məmmədtağı Əliyev, Əsədulla bəy Muradxanov çalışırdılar ki, Azərbaycan xalqının istəklərini həyata keçirə bilsinlər. Ə.Topçubaşov Azərbaycan xalqının siyasi azadlıq əldə etməsi üçün çalışdığı kimi, Rusiyada yaşayan başqa müsəlmanlarla da yaxından əlaqə saxlayırdı. O, Kazan, Krım, Türküstan, Dağıstan və Şimali Qafqaz vilayətlərində yaşayan müsəlmanların azadlığını, az da olsa, siyasi hüquqlara nail olmasını, müsəlmanların birləşərək öz azadlıqları uğrunda mübarizə aparmalarını istəyirdi və bunun üçün də yorulmadan çalışırdı.
Azərbaycan və başqa türk xalqlarının dumada irəli sürdükləri, üzərində durduqları, uğrunda mübarizə apardıqları türkdilli məktəblər, ana dilində təhsil, muxtariyyət və siyasi azadlıq məsələləri aktual idi.
1905-ci il Birinci rus inqilabı və 1917-ci il İkinci rus inqilabı arasındakı illər Azərbaycan türklərini istiqlal mübarizəsinə həvəsləndirən, xalqımızı azadlığa aparan və ən nəhayət, böyük səylər, ölümlər, qırğınlar və fədakarlıqlarla istiqla-liyyətə qovuşduran illər oldu. Bu dövrdə Əli bəy Hüseynzadə belə yazırdı: “Qafqaz türkləri türklərin ən hürriyyətpərvərləridir. Bu məmləkətdə heç bir qüvvə hürriyyət arzusunu məhv edə bilməz, heç bir cəbr və təzyiq, heç bir cəfa və əziyyət, heç bir zülm və sitəm hürriyyət odunu söndürə bilməz. Qafqaz hürriyyət aləminin tarixində mühüm rol oynayacaqdır, bu rollardan ən böyüyü Qafqaz və Azərbaycan türklərinə aiddir...”
Əli bəy Hüseynzadənin “Həyat” qəzetinin 1906-cı il 2 iyul tarixli nömrəsində söylədiyi bu fikirlər özünü çox gözlətmədi. 1914-cü ildə başlanan I Dünya müharibəsi 1917-ci ilin əvvəllərində Rusiyanı çökdürdü və 1917-ci ilin fevralında Rusiyada 300 ildən artıq hakimiyyətdə olan Romanovlar sülaləsi devrildi.
Müstəqiliyyə qovuşmaq üçün yollar arayan Ə.Hüseynzadə, Ə.Ağayev, M.Rəsulzadə, Ə.Topçubaşov, F.Xoyski, N.Yusifbəyli və başqaları Azərbaycanın gələcək siyasi xəritəsini cızdılar. Hələ 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə çar tərəfindən verilən amnistiyadan sonra Bakıya dönən M.Ə.Rəsulzadə 1911-ci ildə təsis edilmiş “Müsavat” Partiyasına daxil olaraq liderliyi tezliklə əlinə aldı. 1915-ci ildə isə “Açıq söz” adlı qəzet çıxarmağa başlayan M.Rəsulzadə bu qəzet vasitəsilə İstanbuldan gətirdiyi Ziya Göyalpın türkçülük fikirlərini yaymağa başladı.
Eyni zamanda Nəsib bəy Yusifbəyli “Açıq söz” qəzetində M.Rəsulzadə ilə həmfikir olduğunu bildirir və millətçiliyi təbliğ edirdi. Bu yolda kifayət qədər çətinliklər vardı. “Gah tatar, gah dağıstanlı, gah müsəlman, gah türk, gah da müxtəlif adlar altında milli-dini zülmə məruz qalan Azərbaycan xalqı istiqlala qovuşmaq üçün fürsəti əldən vermək istəmirdi. Azərbaycan xalqını öz tarixi torpaqlarından didərgin salmaq üçün S.Şaumyanın başçılığı ilə Bakı Soveti qurumu yaradılmışdı. Azərbaycan xalqı ilə heç bir əlaqəsi olmayan bu qurum daşnak qüvvələri ilə birləşərək 1918-ci ilin martında təkcə Bakı şəhərində 11 mindən artıq türk-müsəlmanın həyatına son qoydu... Bu qırğınlar işıqlı səhərə gedən yolun zülmət gecəsi idi...”
1917-ci ildə çar Rusiyasının dağılması Cənubi Qafqazda müstəqil dövlətlərin yaradılmasına şərait yaratdı. Əvvəlcə Cənubi Qafqazdan Rusiya Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Cənubi Qafqazın idarəsi üzrə xüsusi komitə, elə həmin ilin noyabrında isə Cənubi Qafqaz Komissarlığı yaradıldı. Lakin Rusiyada 1917-ci ilin oktyabrında bolşeviklərin çevriliş yolu ilə hakimiyyəti ələ alması Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilmiş deputatların yolunu bağladı və nəticədə 1918-ci ilin fevralın 14-də həmin nümayəndələr Tiflisdə toplaşaraq Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaratdılar. 
Cənubi Qafqaz Seymində və hökumətində fəaliyyət göstərən Azərbaycan, Gürcüstan və erməni nümayəndələri arasında ümumi bir platforma olmadığından Seym tezliklə dağıldı və 1918-ci ilin mayın 26-da Gürcüstan istiqlaliyyətini elan etdi.
Cənubi Qafqaz Seymi dağıldıqdan bir gün sonra – mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və Azərbaycan hökumətini yaratmaq üçün Seymin bütün müsəlman nümayəndələri Tiflisdə toplandı. İclasa 4-cü Rusiya Dövlət Dumasının və Cənubi Qafqaz Seyminin keçmiş üzvü Məmməd Yusif Cəfərov sədrlik edirdi. İclasda keçmiş Cənubi Qafqaz Seyminə daxil olan “Müsavat” Partiyası və partiyasızların demokratik qrupunun müsəlman sosialistlər bloku, “İttihad” və müsəlman sosial-demokratların, menşevik “Hümmət” partiyalarının nümayəndələri iştirak edirdilər. İclas Batumdan qayıtmış Cənubi Qafqaz Mərkəzi Müsəlman Şurasının üzvü N.Yusifbəylinin məruzəsi ilə açıldı. Natiq bildirdi ki, Türkiyə Cənubi Qafqazın müstəqilliyinin saxlanılmasında qəti qərarlıdır və bu gənc dövlətin möhkəmlənməsi, güclənməsi və çiçəklənməsi üçün əlindən gələni edəcəyinə hazır olduğunu bildirir...
N.Yusifbəylinin məruzəsini dinləyən Müsəlman Fraksiyası Seymin özünü buraxması məsələsini geniş və hərtərəfli müzakirə etdi və Şərqi Zaqafqaziyanın idarəsini öz üzərinə götürmək məqsədilə özlərini Zaqafqaziya Müsəlmanlarının Müvəqqəti Milli Şurası elan etmək barədə yekdil səslə qərar qəbul etdi. 
Fövqəladə iclas Azərbaycan Milli Şurasının Rəyasət Heyətini seçdi. Rəyasət heyətinə “Müsavat” Partiyasından və bitərəflərin demokratik qrupundan – M.Rəsulzadə, M.Hacınski, N.Yusifbəyli, X.Xasməmmədov, M.Cəfərov, Müsəlman Sosialistləri Blokundan – X.Məlik-Aslanov və C.Hacınski, Sosial-demokrat “Hümmət” partiyasından isə – doktor X.Sultanov seçildilər. Gizli səsvermə nəticəsində həmin vaxt Batumda Türkiyə nümayəndə heyəti ilə danışıqlar aparan M.Rəsulzadə Milli Şuranın sədri, H.Ağayev və M.Seyidov sədrin müavinləri, M.Mahmudov və R.Vəkilov katib, F.Xoyski isə yekdil səslə icraedici orqanın – hökumətin sədri seçildilər. 
1918-ci il mayın 28-də Tiflisdə keçmiş Qafqaz canişinin sarayında sədr müavini H.Ağayevin sədrliyi və M.Mahmudovun katibliyi ilə Müsəlman Milli Şurasının ilk iclası keçirildi. Gərgin keçən müzakirələrdən sonra Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi (Sultan Məcid Qənizadə və Cəfər bəy Axundov səsvermədə bitərəf qaldılar). Həmin dövrdə “Əqdnamə” və ya “Misaqi Milli” adlanan bu sənədi H.Ağayev, F.Xoyski, N.Yusifbəyli, C.Hacınski, Ş.Rüstəmbəyov, N.Nərimanov, C.Məlik-Yeqanov, M.Mahmudov imzaladılar.
İstiqlal bəyannaməsi bütün türk-müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə-üsulunun – parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Bəyannamədə deyilirdi: 
1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət hüququna malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir;
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir;
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir;
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir;
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır;
6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.
Göründüyü kimi, Azərbaycan Milli Şurası çox çətin bir şəraitdə iki mühüm tarixi qərara imza atdı. Birincisi, Azərbaycanın istiqlaliyyətini elan etdi, ikincisi, Fətəli xan Xoyski başda olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumətini formalaşdırdı. 
İstiqlaliyyətinin tanınması münasibətilə Azərbaycan mətbuatında xeyli yazılar getdi. Azərbaycan Cümhuriyyəti xalqların beynəlxalq ailəsinə daxil oldu. Azərbaycanın müstəqilliyinin tanınması ona olan marağı da artırdı. Bir çox ölkələrin Bakıda konsulluqları açıldı.
Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay dalğalanan səkkiz güşəli ulduzlu, üçrəngli bayrağını 1920-ci il 28 aprel işğalı ilə milli ruhumuza yad olan sovetlər rejimi əydilər, ancaq endirə bilmədilər. 70 il ərzində Cümhuriyyətə çox damğalar vuruldu! Bu illər ərzində Cümhuriyyətlə bağlı çox tarixlər yazıldı. Cümhuriyyətin yaradılmasında haqqı olanları günahkar çıxarmaq üçün onlara müxtəlif damğalar vuruldu, əksinqilabçı kimi qələmə verənlər də oldu. Lakin sovet imperiyasının cəza-repressiya maşını Azərbaycan xalqının qan yaddaşından 23 aylıq Cümhuriyyət sevdasını silib ata bilmədi. Bu illər ərzində xalq ümidini itirmədi. Bilirdi ki, ona həyat verənlər bu xalqın gözünün işığı olublar!
Cümhuriyyətin 73-cü ildönümündə Azərbaycan yenidən müstəqil oldu, imperiya zəncirini qıraraq özünü Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan etdi.
1991-ci ilin 18 oktyabrında Azərbaycan növbəti dəfə öz müstəqilliyinə qovuşdu və qəbul edilmiş Konstitusiya Aktına görə, özünü Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüququ varisi elan etdi. XX əsrin 90-cı illərinin respublikamız üçün ağır sınaq illəri olmasına baxmayaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 30 yanvar 1998-ci ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” sərəncam imzaladı. Sərəncamda bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğu qeyd olunur. Sərəncamda, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin respublikada geniş qeyd edilməsi, yubiley tədbirlərinin həyata keçirilməsi məqsədilə Dövlət Komissiyasının yaradılması, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələlərin həll edilməsi qərara alınırdı.
Ötən il 100 illik yubileyini qeyd etdiyimiz Cümhuriyyətimiz cənab Prezident tərəfindən də öz layiqli qiymətini aldı. 2017-cı il 16 may tarixli sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin təntənəli şəkildə keçirilməsi üçün sərəncam verildi. 
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin ən yüksək səviyyədə qeyd olunmasını qədim yunan əsatirindən alınmış fikirlərlə yekunlaşdırmaq istərdim. Qədim yunan əsatirinə görə, ilk dəfə yer üzünə alovu göydən gətirən Prometey olmuşdur. Bu cəsarətinə görə, yunanların baş allahı Zevs onu edam etdirmiş və Qafqaz dağlarında çarmıxa çəkdirmiş, qartallar isə onun ciyərini parça-parça edib qoparmışdılar. Prometey edam edilsə də, onun dünya üzünə gətirdiyi alov sönməyib indiyədək qalmış, bəşəriyyətə əvəzsiz xidmət etmişdir... Bəli, bax bu gün Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqının tarixində, qəlbində yeri və rolu Prometeyin gətirdiyi o alova bənzəyir. O alov ki, müstəqillik ideyalarıdır, hürriyyətdir, azadlıqdır, sönməyibdir, yaşayır, yaşadılır, layiqli şəkildə davam etdirilir və gələcək nəsillərə çatdırılır.

 

Ziyad Əmrahov,
AMEA Elm Tarixi İnstitunun tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru 

 

22 2019 23:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə