Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“ABŞ-ın Türkiyəyə ultimatumu qəbuledilməzdir”

“ABŞ-ın Türkiyəyə ultimatumu qəbuledilməzdir”

Ankaranın bəyanat­larından görünür ki, S-400-lə bağlı məsələ artıq həll olunub. Bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Məlumatı “Anadolu” agentliyi verib. 

Peskov Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması ilə bağlı ABŞ-ın yanaşmasını qəbuledilməz hesab edir. “Biz bu yanaşmaya çox mənfi baxırıq, bu cür ultimatumları qəbuledilməz hesab edirik. Biz Türkiyə rəhbərliyinin S-400 məsələsinin bitdiyi barədəki çoxsaylı bəyanatlarına əsaslanırıq”.
Qeyd edək ki, ABŞ Rusiyadan alacağı S-400-dən imtina üçün Türkiyəyə 2 həftə vaxt verdiyi barədə ultimatum irəli sürüb. Bu barədə CNBC telekanalı məlumat yayıb. Lakin Türkiyə tərəfi yenə də qərarından dönməyəcəyini bildirib.
Dünən Türkiyənin müdafiə naziri Hulusi Akar bu məsələnin bitdiyini bəyan edib. Onun sözlərinə görə, artıq Türkiyə mütəxəssisləri S-400 sistemlərinin iş prosesini öyrənmək üçün Rusiyaya göndərilib.
Akar deyib ki, Türkiyə hava və raket təhdidi altındadır: “82 milyon insanımızı və ölkəmizi qorumaq üçün hava hücumundan müdafiə sistemi qurmağa ehtiyacımız var. Bunun üçün tədbirlər görmək bizim vəzifəmizdir. S-400 sadəcə müdafiə sistemidir. Ölkəmizi hava hücumu və raketlərdən qoruyacaq. Başqa potensialı yoxdur. Bundan heç kim narahat olmamalıdır”.
Nazir əlavə edib ki, Türkiyə F-35 proqramındakı öhdəliklərini də lazımınca yerinə yetirir: “Artıq 4 qırıcı almışıq. Hazırda ABŞ-da 4 pilotumuz, 47 əsgərimiz var. Noyabr ayında iki qırıcı da Türkiyəyə göndəriləcək. Yəni biz Türkiyə olaraq üzərimizə düşən bütün məsuliyyəti bilirik ”.
Müdafiə naziri ABŞ-ın ölkəsinə qarşı tətbiq edəcəyi sanksiyalara da toxunaraq deyib ki, Türkiyə bu halda hansı tədbirləri görəcəyi ilə bağlı hazırlıqlara başlayıb.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

 

22 2019 22:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə