Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Zeytun ağacları” beynəlxalq mədəni marşrutunun ekspert qrupu ölkəmizdə səfərdədir

“Zeytun ağacları” beynəlxalq mədəni marşrutunun ekspert qrupu ölkəmizdə səfərdədir

“Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna qoşulmaq, Avropa Şurası ilə beynəlxalq əlaqələrin genişləndirilməsi  məqsədilə  marşrutun  4 nəfərdən ibarət ekspert qrupu ölkəmizdə səfərdədir.

Səfər çərçivəsində ekspert qrupu Azərbaycan Respublikasının  Mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşmüş, ölkəmizin bu mədəni marşruta qoşulması perspektivləri müzakirə olunmuşdur.

Görüşdə Azərbaycanın zeytunçuluq ənənələri barədə geniş məlumat verilmiş və bildirilmişdir ki, Azərbaycan da zeytunçuluğun qədimdən yayıldığı ölkələrdəndir. Hal-hazırda zeytun ağacları əsasən Abşeron yarımadasında çoxluq təşkil edir. Azərbaycanda yalnız bizim ölkəmizə aid endemik zeytun növləri də mövcuddur. Belə ki, Abşeron yarımadasında Azərbaycan, Armudu, Buzovna, Qara, Şirin, Bakı zeytunu adlarında yerli zeytun növləri yetişdirilir.

Ekspert qrupu Abşeron yarımadasında yerləşən bu zeytun bağlarını ziyarət edəcəklərini, səfər çərçivəsində zeytun ağacları ilə bərabər həmçinin zeytunun emalı, zeytun yağının istehsalı və keyfiyyətinə də baxış keçirəcəklərini bildirdilər.

Məlumat üçün bildiririk ki, “Zeytun ağacları” beynəlxalq mədəni marşrutu 2005-ci ildə sertifikatlaşdırılmış və Avropa Şurasının mədəni marşrutlar siyahısına daxil edilmişdir. Marşruta 17 ölkə qoşulmuşdur.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

22 2019 11:38 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə