Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daxili işlər naziri Qəbələdə və Bakıda sıra baxışları keçirib

Daxili işlər naziri Qəbələdə və Bakıda sıra baxışları keçirib

Kütləvi informasiya vasitələrində əvvəlcədən verilmiş elanlara uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 18-də Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Qəbələ rayonundakı hərbi hissəsində respublikanın Şirvan və şimal-qərb zonalarının ərazi polis orqanlarında, mayın 21-də Əlahiddə Çevik Polis Alayında isə Bakı Şəhər Baş Polis İdarəsinin tabeli qurumlarında və Sumqayıt, Abşeron şəhər, rayon polis idarələrində vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışlarını keçirib.    

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin aidiyyəti baş idarə və şəhər, rayon polis şöbələri rəislərinin də iştirak etdikləri hər iki sıra baxışında paytaxtda və qeyd olunan bölgələrdə yaşayan, post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək istəyən ümumilikdə 563 şəxs iştirak edib. 
Nazir hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə ayrı-ayrılıqda maraqlanıb. İddiaçıların arasından daha hazırlıqlı olan 361 nəfər seçilib. Onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün müvafiq tapşırıqlar verilib.
Namizədlərlə görüşdə çıxış edən nazir son illər daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mükəmməl təhsilli, yüksək mənəvi və işgüzar keyfiyyətlərə, hərtərəfli dünyagörüşə malik gənclərin hər zaman dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün tövsiyə və tapşırıqlarını xatırladan nazir bu istiqamətdə zəruri addımların atıldığını bildirib. Daxili işlər naziri bu seçimlərin də müvafiq sahədə uzun müddətdir həyata keçirilən məqsədyönlü siyasətin növbəti əyani təzahürü olduğunu bildirib. 
Qeyd olunub ki, ümumilikdə kadrların hazırlıq səviyyəsinin artırılması, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi ölkə və DİN rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdən və daim nəzarətdə saxlanılan məsələlərdəndir.
Nazir R.Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək onlara tövsiyələrini verib, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Polis orqanlarında vakant olan post-patrul xidməti vəzifələrində xidmətə qəbulla bağlı növbəti belə tədbir iyunun 8-də DİN-in Daxili Qoşunlarının Gəncədəki hərbi hissəsində keçiriləcək.

21 2019 23:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə