Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda “Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu” keçirilir

Bakıda “Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu” keçirilir

Mayın 21-də Bakıda Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankının (ADB) birgə təşkilatçılığı ilə “Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu” öz işinə başlayıb. 
Forumda çıxış edən maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət maliyyə idarəetməsi, o cümlədən dövlət borcunun idarə olunması sahəsində həyata keçirilən islahatlar, dövlət borcunun idarə edilməsi strategiyası, habelə Azərbaycanın bu sahəyə ayırdığı diqqət barədə forum iştirakçılarını məlumatlandırıb. Nazir qeyd edib ki, həyata keçirilən islahatların və dövlət borcunun idarə edilməsi üzrə orta və uzunmüddətli strategiyanın icra edilməsi nəticəsində Azərbaycanda xarici valyutada denominasiya edilən dövlət borcunun səviyyəsi 17 faiz azaldılaraq cari ilin əvvəlinə ölkə ÜDM-in 19 faizinə bərabər olub. 
S.Şərifov, eyni zamanda, dünyada borc səviyyəsinin xüsusilə, inkişaf etmiş ölkələrdə yüksək səviyyədə olduğunu qeyd edərək borca xidmət xərclərinin yüksəldiyini və bununla əlaqədar risklərin də artdığını qeyd edib. “Belə ki, Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, 2018-ci ilin sonuna inkişaf etmiş ölkələrin borc səviyyəsi ortalama ÜDM-in 102,6 faizinə, inkişaf etməkdə olan ölkələrdə isə 50,5 faizinə bərabər olub. Bu da, öz növbəsində, borcun düzgün idarə edilməsinin əhəmiyyətini bir daha aktuallaşdırır”.
Nazir bankın ölkəmizdə maliyyələşdirdiyi enerji, infrastruktur layihələrinin əhəmiyyəti və icra vəziyyətindən, ikitərəfli əməkdaşlığın əhəmiyyətindən söhbət açıb. O, Asiya İnkişaf Bankının Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinə həm birbaşa, həm də ADB-nin zəmanəti ilə sindikatlaşdırılmış kreditlərin ayrıldığını deyib. Bildirib ki, Azərbaycan qazının 2020-ci ildə qitəyə çatdırılacağı gözlənilir. 
S.Şərifov Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunduğunu, yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını bildirib. O deyib ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı çox yüksək templə inkişaf edib. ÜDM 3,3, sənaye istehsalı 2,6, ixrac 4,7, valyuta ehtiyatları isə 24 dəfə artıb. Nazir Azərbaycanda həyata keçirilən genişmiqyaslı sosial iqtisadi islahatlar proqramı və əldə edilmiş nailiyyətlər, ölkənin bank-maliyyə sisteminin möhkəmləndirilməsi sahəsində görülən işlərdən danışıb. 
Nazir qeyd edib ki, ölkə başçısının tapşırığına əsasən, Azərbaycanın beynəlxalq maliyyə təşkilatlarının proqramlarında, o cümlədən Asiya İnkişaf Bankının Asiya İnkişaf Fondunda donor ölkə qismində iştirak edəcək.
ADB-nin maliyyə və risklərin idarə edilməsi üzrə vitse-prezidenti İngrid van Vees isə bankın ölkəmizlə uğurlu əməkdaşlığından, Azərbaycanda aparılan islahatların əhəmiyyətindən danışıb. O, Azərbaycanın sosial-iqtisadi göstəricilərinin qısa müddət ərzində yaxşılaşdırılmasını yüksək qiymətləndirib. 
Forum işini panel iclaslarla davam etdirir. Üç gün davam edəcək forumda ADB-yə üzv olan ölkələrin və beynəlxalq maliyyə qurumlarının dövlət borcunun idarə edilməsi sahəsində 100-dən çox yüksəkvəzifəli nümayəndələri və ekspertləri iştirak edir. Forumun gündəliyinə “Mövcud makroiqtisadi şəraitdə borcun idarə edilməsi üzrə effektiv strategiyalar”, “Borcun idarə edilməsi və monetar siyasətin effektiv əlaqələndirilməsinin əsası”, “Dövlət borcunun idarə edilməsinə nəzarət” və digər məsələləri əhatə edən sessiyalar daxildir.
Asiya İnkişaf Bankı tərəfindən hər il seçilmiş üzv ölkə ilə əməkdaşlıq çərçivəsində keçirilən “Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu”nun təşkil edilməsində məqsəd dövlət borcunun idarə edilməsi sahəsində qabaqcıl təcrübələrin üzv ölkələrin nümayəndələri ilə bölüşülməsini təmin etməkdir.

 

AZƏRTAC

21 2019 23:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə