Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan: İnqilabın “ikinci mərhələsi” kimin xeyrinə bitəcək?

Baş nazir Nikol Paşinyan öz mövqelərini “Qarabağ klanı”na uduzmaqdadır

Ermənistan: İnqilabın “ikinci mərhələsi” kimin xeyrinə bitəcək?

Bu günlərdə Ermənistanın eks-prezidenti, 2018-ci il iyulun 27-dən həbsdə olan Robert Köçəryanın məhkəmə prosesi zamanı azadlığa buraxılması işğalçı ölkədə yenidən gərginliyi artırıb, hətta inqilabi vəziyyət yaradıb. Qeyd edək ki, Ermənistan məhkəməsi Köçəryanı mayın 19-da “dqr”-in indiki və keçmiş “prezidentləri” Bako Saakyanın və Arkadi Qukasyanın müraciəti əsasında zaminə buraxıb.
Sabiq dövlət başçısının həbsdən azad edilməsi onun tərəfdarları tərəfindən bayram kimi qarşılansa da, əleyhdarlarının ciddi etirazına səbəb olub. İkincilər İrəvanın küçələrinə çıxaraq onun yenidən həbs olunmasını tələb ediblər, hətta bəyanat veriblər ki, əgər ölkənin baş prokurorluğu məhkəmənin qərarından protest verməsə və Köçəryan yenidən həbs olunmasa, genişmiqyaslı itaətsizlik aksiyalarına başlayacaqlar.
Maraqlıdır ki, etiraz aksiyaları ölkənin baş naziri Nikol Paşinyanın çağırışı əsasında baş tutub və onun tərəfdarları məhkəmə binalarına giriş və çıxış yollarını bloklamağa başlayıblar. Köçəryanın azadlığa buraxılmasından dərhal sonra Paşinyan inqilabın “ikinci mərhələsinin” başladığını elan edib. Ermənistanın baş naziri özünün “Facebook” səhifəsində ölkədə inqilabın ikinci və əsas mərhələsinin anonsunu verərək yazıb: “Sabah (mayın 20-də -- red.) saat 12:00-da mən Ermənistanda inqilabın ikinci mərhələsini elan edəcəyəm. Ümumxalq dəstəyini səbirsizliklə gözləyirəm”.
Nikol Paşinyan bildirib ki, Ermənistan və Qarabağ xalqları arasında düşmənçilik, parçalanma və ziddiyyət yaratmaq istəyən korrupsiyalaşmış sistemin təmsilçisi olan qüvvələr var. Onun fikrincə, Qarabağ erməniləri Ermənistandakı korrupsiyalaşmış sistemdən daha çox əziyyət çəkiblər. Ermənistandakı keçmiş hakimiyyət nümayəndələri Qarabağdakı əlaqələrindən Ermənistanın baş naziri və hakimiyyəti haqqında yanlış məlumatlar yaymaq üçün istifadə edirlər. Paşinyan bu qüvvələrin hərbi provokasiya yaradaraq, əraziləri Azərbaycana verməyə və bunun da məsuliyyətini rəsmi İrəvanın üzərinə atmağa çalışdıqlarını bildirib: “Mən bunu dövlətə xəyanət hesab edirəm. Mən bu cür niyyətlərin qarşısını almaq üçün sərt metodlar tətbiq edəcəyəm. Artıq 2016-cı il aprel müharibəsiylə bağlı vəziyyəti öyrənmək üçün parlament qrupu yaratmağın vaxtı çatıb. Qarabağ ermənilərini də Ermənistan hökumətinə inanmağa çağırıram”.
Beləliklə, Paşinyan tərəfdarları, ilk növbədə, Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin girişlərini bağlayıblar. Etirazçılara Ermənistanın Dövlət Nəzarəti Xidmətinin sədri David Sanasaryan da qatılıb. İrəvanın Azadlıq meydanına toplaşan minə yaxın aksiyaçı oradan baş prokurorluğun binası qarşısına yürüş edib. Fəallardan Artur Movsisyan deyib ki, Köçəryanın azad olunması Ermənistanda məhkəmə sisteminin dəyişmədiyini göstərir. O, məhkəmənin qərarını baş nazir Nikol Paşinyana qarşı “sabotaj aktı” adlandırıb: “Bu, onu göstərir ki, keçmiş siyasi elita hələ də məhkəmə sisteminə təsir edə bilir”, – deyə Movsisyan bildirib.
Etirazçıların tələbini eşidən Ermənistanın Baş Prokurorluğu məhkəmənin Köçəryanın zaminə buraxılması barədəki qərarından protest verəcəyini elan edib. Prokuror Petros Petrosyan deyib ki, ittiham tərəfi Köçəryanın həbsində israrlıdır, çünki o, azadlıqda qalarsa, istintaqın gedişinə təsir edə bilər.
Hələ ki, hadisələr Baş nazir Paşinyanın istəmədiyi şəkildə cərəyan edir. Dağlıq Qarabağın qondarma rejiminin sabiq və hazırkı “rəhbərləri” Qukasyan və Saakyanın pul ödəməsi müqabilində Köçəryanın azad edilməsi Paşinyanın iradəsinə zidd addımdır. Amma Ermənistan məhkəməsi artıq bu addımı atıb. Ona görə də Paşinyan yaranmış vəziyyətdən narazıdır. Amma onu öz xeyrinə dəyişə də bilmir. Bəzi məlumatlara görə, Köçəryanın azadlığa çıxmasında Moskva amili də öz rolunu oynayıb.
Bütün bunlar Paşinyanın baş nazir kimi son vaxtlar onsuz da sürətlə aşağı düşən nüfuzuna ciddi zərbə deməkdir. Paşinyan faktik olaraq küçədə verdiyi vədlərin heç birini hakimiyyətə gələndən sonra yerinə yetirə bilməyib. O, uzun zaman Dağlıq Qarabağ məsələsinin nizamlanması ilə bağlı danışıqlar prosesinə Qarabağ separatçılarını cəlb etmək istəsə də, Azərbaycanın arqumentli etirazları nəticəsində buna nail ola bilmədi. Üstəlik, baş nazirin bu mövqeyi beynəlxalq aləmdə, xüsusən ATƏT və Avropa İttifaqında qətiyyətlə pislənildi. Və son nəticədə Paşinyan münaqişənin həlli ilə bağlı danışıqların Ermənistanla Azərbaycan arasında aparılmalı olması faktı ilə hesablaşdı və masa arxasına keçməli oldu. Təbii ki, ölkə daxilində bu, onun ən ağır məğlubiyyəti kimi qarşılandı. Elə daxili məsələlərdə də Paşinyan mövqelərini əldən verdi, xalq arasında etimadını itirməyə davam etdi.
Digər tərəfdən də, Ermənistanın siyasi analitikləri Köçəryanın ya Ermənistanda, ya da Dağlıq Qarabağda yenidən hakimiyyətə gəlmə imkanlarının olduğu barədə fikirlər səsləndirirlər. Bu isə keçmiş hakimiyyət təmsilçilərinin yeni güc toplayaraq Paşinyan hakimiyyətini laxlatması demək olardı. Məhz buna görədir ki, Paşinyan onları “əraziləri Azərbaycana verməyə çalışmaqda” ittiham edir. Hər halda Ermənistanda “Qarabağ klanı” kimi tanınan güc mərkəzi bu gün Robert Köçəryanı həbsdən azad etməklə Paşinyana çox ağır zərbə vurub. Paşinyanı isə bu mübarizədə, erməni KİV -in təsdiq etdiyi kimi, cəmi min nəfərədək tərəfdarı dəstəkləyir. Bütün bunlar deməyə əsas verir ki, Paşinyanın vəziyyəti qibtəediləsi deyil.

 

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

21 2019 23:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə