Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənclərimizdə hərbi vətənpərvərlik ruhu çox yüksəkdir

Gənclərimizdə hərbi vətənpərvərlik ruhu çox yüksəkdir

Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. 
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Ölkəmizdə həyata keçirilən saxili və xarici siyasətin uğurlu nəticəsi, bütün sahələrdə olduğu kimi gəncliyin inkişafında da özünü büruzə verir. Bu gün tariximizə, ənənələrimizə, mədəniyyətimizə bağlı olan, Vətənə xidmət etməyə, torpağı üçün canından keçməyə hazır olan gəncərimiz hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yollanırlar.  Azərbaycan gəncliyinin inkişafına xüsusi önəm verilməsi, gənc nəslin  həyatın, dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi xidmətdə böyük uğurlar qazanması sevindirici haldır.  Artıq Azərbaycan gəncliyi 20-25 il əvvəllərdə olduğundan xeyli fərqlənir.  Bu gün gənclərimizin hərbi xidmətə marağı böyükdür, onlar xalqa, dövlətə sədaqətlə qulluq etməyi, torpaqlarımızın hər qarışını göz bəbəyi kimi qorumağı  artıq bir vəzifə borcu kimi dərk edirlər.

Ölkəmiz müstəqilliyini yeni bərpa etdiyi ilk illərdə orduda yaranmış pərakəndəlik, özbaşınalıq,  müxtəlif qeyri-qanuni silahlı birləşmələrin  qanunlara tabe olmaması gənc nəslin hərbi vətənpərvərlik ruhunda yetişməsinə mənfi təsir edirdi. Gənclər hərbi hissələri özbaşına tərk edir, fərarilərin sayı getdikcə çoxalırdı.  Həmin vaxt ölkəyə rəhbərlik edənlər, sanki, unudurdular ki, bütün cəmiyyətlərdə gənclik millətin yaşaması, inkişafı üçün hərəkətverici inkişafı stimullaşdıran qüvvə hesab olunub. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. 
1993-cü ildə  ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra   həyat tədricən öz axarına  düşdü. Həmin vaxtdan başlayaraq  həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində Milli Ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. 
O dövrdə  hərbi hissələri özbaşına tərk edənlərin sayı xeyli çox idi. 1994-cü il yanvarın 2-də  ulu öndər Heydər Əliyevin  hərbi hissələri özbaşına tərk etmiş və ya çağırışdan yayınmış gənclərin bir qrupu, onların valideynləri və yaxın qohumları ilə ­görüşü və gənclərə, onların valideynlərinə müraciəti fərariliyə birdəfəlik son qoydu və  ordu quruculugunda, gənclərin hərbi vətənpərvərlik ruhunda yetişməsində əsaslı dönüş yaratdı. 
Ulu öndər həmin görüşdə  fərarilik edənlərin hamısını bağışladığını bəyan etdi: “Mən hərbi hissələrini tərk etmiş, fərarilik etmiş, orduya qayıtmaq üçün hərbi prokurorluqda qeydiyyatdan keçmiş Azərbaycan oğullarının hamısını Azərbaycan Prezidenti kimi bağışlayıram və onları cəza çəkməkdən azad edirəm. Burada verdiyiniz vədlərə inanıram. Əminəm ki, siz artıq öz vətəndaşlıq məsuliyyətinizi dərk etmisiniz və bundan sonra bu vətəndaşlıq borcunuzu, vəzifənizi axıra qədər ləyaqətlə yerinə yetirməkdən çəkinməyəcəksiniz. Vəd etdiyiniz kimi, dərhal hərbi hissələrə qayıdacaq, silah götürüb torpaqlarımızın müdafiəsində şərəflə duracaq, son nəfəsinizə qədər vuruşacaqsınız . Əziz balalarım, övladlarım, sizə uğurlu hərbi xidmət arzulayır, sizdən qəhrəmanlıq nümunələri gözləyirəm.”.
Ulu öndər həmin  görüşdə müdafiə nazirinə  müraciət edərək demişdi:  “Əmr edirəm ki,  müdafiə naziri bu gün burada qeydiyyatdan keçmiş, hərbi hissəni tərk etmiş gənclərin hamısının hərbi hissələrə göndərilməsini dərhal təmin etsin və onların hərbi xidmətlərinin həyata keçirilməsi üçün lazımi şərait yaratsın”. Həmin vaxtdan başlayaraq, tədricən orduda  fərarilik və digər bu kimi xoşagəlməz hallara son qoyuldu. 
Möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəyə rəhbərliyindən sonra  belə xoşagəlməz hallardan  əsər-əlamət qalmayıb.  Dövlət başçımızın gəncliyin inkişafına xüsusi diqqət və qayğısı  sayəsində  gənclərdə vətənpərvərlik hisslərinin yüksək olması  orduda da özünü göstərir. Bu, ilk növbədə, gənclərin  milli-mənəvi özünüdərkindən keçir. 2016-cı ilin Aprel döyüşlərində də bunun şahidi olduq. Əsasən, gənclərdən ibarət olan Silahlı Qüvvələrimiz dörd gün ərzində Ermənistan döyüşçülərinə elə divan tutdular ki, bu gün də onlar özlərinə gələ bilməyiblər.
Gənc nəslin hərbi vətənpərvərlik ruhunda  yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Bütün bunlar Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır.  Məhz buna görə də bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Gənclərin hərbi xidmətə  yola salınması zamanı da bunun şahidi oluruq. Yeri gəlmişkən, qeyd edim ki, gənclərin hərbi xidmətə yola salınması, sanki, el şənliyini xatırladır. 
Torpaqlarımızın müdafiəsində  ayıq-sayıq dayanmağı, ərazi bütövlüyümüzü  qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi özlərinə  şərəfli peşə hesab edən, Vətəni göz bəbəyi  kimi qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu  dərk edən çağırışçılar ölkəmizin təhlükəsizliyinin  təmin olunmasına hər zaman hazırdırlar. Onlar hərbi xidmətə böyük həvəslə, ruh yüksəkliyi ilə yollanırlar.  Gəncləri yola salmağa gələn valideynlər də çıxış edərək övladlarının hərbi xidmətə – Vətənin keşiyinə yollanmalarından qürur hissi keçirdiklərini bildirirlər. Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən gələcəyin hərbçiləri valideynlərini və yaxınlarını  əmin edirlər ki, ordu sıralarında ləyaqətlə xidmət edəcək, hərb işinin sirlərinə dərindən yiyələnəcək və torpağımızın keşiyində  hər zaman ayıq-sayıq dayanacaq, ərazi bütövlüyümüzü və suverenliyimizi şərəflə qoruyacaqlar.
Yolasalma mərasimlərində dövlət himnimizin səsləndirilməsi, çağırışçı gənclərin Azərbaycanın üçrəngli bayrağını öpərək müqəddəs “Qurani-Kərim”in altından keçib hərbi hissələrə yola düşməsi onların məsuliyyət hissini daha da artırır. Gənclərin təntənəli şəkildə hərbi xidmətə yola salınmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti xüsusi qiymətləndirilməlidir. Xidmətin rəisi general-leytenant Arzu Rəhimovun rəhbərliyi ilə Azərbaycan  vətəndaşlarının hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda yetişmələri istiqamətində mütəmadi olaraq ictimai tədbirlər təşkil edilir. 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  tərəfindən gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı silsilə tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Xidmət əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün uğurla davam etdirilən  ordu quruculuğu prosesində yaxından iştirak edir, səfərbərlik və səfərbərlik hazırlığı, Silahlı Qüvvələrin çağırışçılarla komplektləşdirilməsi, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində fəal rol oynayır.  Çağırışçı gənclərin hərbi xidmətə  bu cür böyük həvəslə getmələri ordu quruculuğundakı uğurların nəticəsidir. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub.

 

Teymur ŞIXƏLİYEV, 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai idarəsinin səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin baş zabiti, mayor 

 

21 2019 23:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə