Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Xalq Cümhuriyyəti – Şərqin ilk demokratik respublikası

Azərbaycan Xalq Cümhuriyyəti – Şərqin ilk demokratik respublikası

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq, müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır. Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə ­böyük hörmətlə yanaşır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan Xalq Cümhuriyyəti ­xalqımızın dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən birini təşkil edir. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 101 il ötür. Ötən il respublikamızın bütün bölgələrində, o cümlədən xarici ölkələrdə AXC-nin yaradılmasının 100 illiyi böyük təntənə ilə qeyd edildi. Bu tarixi hadisənin layiqincə keçirilməsi üçün Prezident İlham Əliyev 2017-ci il mayın 16-da “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncam imzalanmışdır. Dövlət başçısının 2018-ci il yanvarın 10-da imzaladığı sərəncamla 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilmişdir. 

Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə daim böyük hörmətlə yanaşır. Bir neçə il bundan əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması və Xalq Cümhuriyyətinin qurucularının adlarının əbədiləşdirilməsi bunun bariz nümunəsidir.
101 il əvvəl --1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, İslam Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur.1918-ci il mayın ­27-də Müsəlman fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının  üzvləri də ayrıca iclas keçirərək, Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. M.Rəsulzadə Milli Şuranın sədri oldu.
Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. İclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacinski, Əli Əskər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudun bəy Köçərli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın istiqlal bəyannaməsini qəbul etdilər.
Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.
Bu hadisə xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. AXC ölkəmizin milli dövlətçilik tarixində mühüm rol oynamaqla 23 aylıq fəaliyyəti müddətində çox böyük işlər görmüş, iqtisadi-siyasi, sosial-mədəni islahatlara təkan vermişdir. Müsəlman aləmində ilk dəfə Azərbaycanda demokratik üsul-idarə prinsiplərinə əsaslanan dövlət, hökumət yaranmışdır. Beləliklə də Azərbaycanda həm müstəqilliyin, həm də demokratiyanın, demokratik dövlət üsul-idarəsinin əsası qoyulmuşdur.
Bu tarixi hadisə hər bir soydaşımız üçün qüruryaradıcı haldır. Prezident İlham Əliyev də çıxışlarının birində demişdir ki, biz bu tarixi hadisə ilə haqlı olaraq fəxr edirik: “Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində fəaliyyət göstərmişdir. Ancaq bu müddət ərzində böyük işlər görə bilmişdir. Azərbaycanın dövlət bayrağı təsis edilmişdir, Azərbaycan vətəndaşlığı təsis edilmişdir, Milli Ordumuz yaradılmışdır. Azərbaycanın Milli Ordusu 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən, işğaldan azad etmişdir və bizim qədim tarixi şəhərimiz olan Bakını Azərbaycan xalqına qaytarmışdır. Xalq Cümhuriyyəti tərəfindən sərhəd dəstəsi yaradılmışdır. Gəncənin tarixi adı qaytarılmışdır. Qısa müddət ərzində 200-dən çox qanun qəbul edilmişdir. Əlbəttə ki, onların arasında qadınlara səsvermə hüququnun verilməsi qanunu xüsusi yer tutur. Bakı Dövlət Universiteti yaradılmışdır və bu, onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti kadrların yetişdirilməsi işində, təhsilin inkişafında böyük işlər görmək əzmində idi. Azərbaycan dili – ana dili bütün təhsil müəssisələrində qəbul ­edilmişdir”.
Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldırdı. Cümhuriyyət parlamentinin fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra ölkəmizin bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, AXC Hökuməti və Parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin һәr yerində müxtəlif pillələrdən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısamüddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerlərində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı. Bütün bunlar Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidmətləri idi.
AXC-nin qısa müddət ərzində gördüyü işləri saymaqla qurtaran deyil. Dövlətimizin başçısı da çıxışlarının birində Xalq Cümhuriyyətinin qarşıya qoyduğu məsələlərdən söhbət açaraq demişdir ki, AXC-nin niyyəti ondan ibarət idi ki, güclü dövlət yaratsın və Azərbaycan xalqı azadlıq, əmin-amanlıq şəraitində yaşaya bilsin: “Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, 23 aydan sonra respublika süqut etdi. Bu, bizim böyük faciəmizdir. Mən tam əminəm ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi, bu gün Azərbaycan dünyanın ən zəngin və ən inkişaf etmiş ölkələrinin sırasında ola bilərdi. Çünki bizim təbii ehtiyatlarımız, coğrafi yerləşməyimiz imkan verirdi ki, bu təbii resurslardan biz səmərəli şəkildə istifadə edək. XIX əsrin ikinci yarısında – XX əsrin əvvəllərində dünya neft hasilatının böyük hissəsi məhz Azərbaycanda, Bakıda təmin edilmişdir”.
Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğradı. Ancaq onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.
Xalqımız SSRİ-nin süqutundan sonra – 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etmiş və Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.
Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən heç də asan deyil. 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi və bir də o tarixdən 70 il sonra – ­1990-cı il noyabrın 17-də Naxçıvanda, Naxçıvanın Ali Məclisinin sessiyasında ulu öndər Heydər Əliyev həmin bayrağı – Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını yenidən qaldırmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi ilk dəfə Naxçıvan Ali Məclisinin sessiyasında qəbul edilmişdir. 
Ümummilli lider çıxışlarının birində həmin tarixi hadisəni diqqətə çatdıraraq demişdir: “Naxçıvanda yaşadığım müddətdə burada cəsarətli addımlar atıldı. 1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən etdik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılmalıdır. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır – Milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq”.
Müstəqilliyimizin bərpasından keçən dövr ərzində ölkəmizdə milli atributlarımıza hər zaman böyük sevgi ilə yanaşılıb. Dövlətçiliyimizin, milli dəyərlərimizin daşıyıcısı olan müqəddəs bayrağımıza ümummilli ehtiramın formalaşdırılması isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən milli siyasətin aparıcı istiqamətidir. Bayrağımıza olan ümummilli sevgi və ehtiram 2007-ci ildə Bakı şəhərində Bayraq Meydanının yaradılması ideyasının reallaşdırılmasına gətirib çıxartdı. Ölkə başçısının 2009-cu il noyabrın 18-də imzaladığı tarixi sərəncamla 9 noyabrın Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan edilməsi müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə, Naxçıvanda formalaşdırılan tarixi dövlətçilik ənənələrinə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək səviyyədə göstəricisidir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. 
XX əsrdə Azərbaycan iki dəfə müstəqilliyə qovuşmuşdur. İkinci dəfə 1991-ci ildə müstəqilliyimizi elan etdik. Bu da tarixi şans idi və Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan ikinci dəfə müstəqil ölkə kimi yaşamağa başlamışdır. Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır. 
Prezident İlham Əliyevin siyasi uzaqğörənliyi, ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirməsi və uğurlu xarici strategiyası sayəsində Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmaqdadır. Müstəqilliyimiz AXC-nin hakimiyyətdə olduğu dövrdəki kimi qısa olmadı. Söz yox ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün faciəli, çox ağır illər kimi tarixdə qaldı. Ancaq ulu öndərin müdrikliyi, xalqa, millətə, Vətənə olan sonsuz məhəbbəti sayəsində müstəqilliyimiz möhkəmləndi və əbədiyyətə çevrildi. 
Hazırda Azərbaycan müstəqil dövlət kimi dünya birliyində söz sahibinə çevrilib. Bu da müstəqilliyimizin xalqımıza bəxş etdiyi əvəzolunmaz nemətdir. Prezident İlham Əliyein dediyi kimi: “Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Bu, həqiqətən də belədir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir”.

 

Mehdi ABDULLAYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, hüquq üzrə elmlər doktoru

 

21 2019 23:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə