Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin vitse-prezidenti Ukraynada görüşlər keçirib

Türkiyənin vitse-prezidenti Ukraynada görüşlər keçirib

Türkiyənin vitse-prezidenti Fuad Oktay Kiyevə səfəri çərçivəsində Ukraynada yaşayan türkdilli xalqların nümayəndələri ilə görüşüb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd edək ki, F.Oktay Kiyevə Ukraynanın yeni Prezidenti Vladimir Zelenskinin inauqurasiya mərasimində iştirak etmək üçün gəlib. 
Xəbərdə daha sonra deyilir ki, Türkiyənin vitse-prezidenti ölkəsinin Ukraynadakı səfirliyində qaqauz və Axısxa türklərinin, eləcə də Krım tatarlarının nümayəndələrini qəbul edib. Türkdilli icmaların təmsilçiləri Türkiyə dövlətinə əməli dəstəyə görə minnətdarlıq ediblər. 
F.Oktay, öz növbəsində, bildirib ki, Türkiyə xalqı və hökuməti hər zaman olduğu kimi, bundan sonra da harada yaşamalarından asılı olmayaraq, bütün türkkökənli soydaşlarını dəstəkləməkdə davam edəcək. 
Yeri gəlmişkən, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident sarayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş direktoru Bağdat Amreyevi qəbul edib.  Dövlət başçısı bildirib ki, hazırkı şəraitdə şuranın həm türkdilli dövlətlər, həm də beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, şuranın fəaliyyətinə Şimali Kipr Türk Respublikasının müşahidəçi ölkə statusunda qoşulması gözlənilir. 
Məlumat üçün bildirək ki, ixtisasca şərqşünas olan 60 yaşlı Bağdat Amreyev uzun illər Qazaxıstanın bir sıra ərəb ölkələrində, eləcə də İranda səfiri olub. Qazaxıstanlı diplomat 2018-ci sentyabrından şuraya rəhbərlik edir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddinci sammitinin bu ilin oktyabrında Bakıda keçirilməsi planlaşdırılıb.

M.HACIXANLI, “Xalq qəzeti” 

21 2019 22:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə